VOİCEPRESS.AZ-ın xəbərinə görə, təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Təbrikdə deyilir:
“Hörmətli qurultay iştirakçıları, əziz tələbələr. Sizi – Azərbaycan Tələbələrinin II Qurultayının iştirakçılarını – səmimi qəlbdən salamlayır, sizin simanızda ölkəmizin bütün tələbə gənclərinə ən xoş arzularımı bildirir və Qurultayın işinə uğurlar arzulayıram. Bugünkü ali məclisimizin Azərbaycan Xalq Cümhuriyyəti ilinə təsadüf etməsi əlamətdar haldır. Ölkəmizdə ana dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və azərbaycanlı gənclərin xaricdə ali təhsil almağa göndərilməsinin təməli Xalq Cümhuriyyəti dövründə qoyulub.
Bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən davam etdirilib. Məhz ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş Sovetlər Birliyinin məşhur ali məktəblərində təhsil alaraq, vətənimizin yüksəlişi naminə cəmiyyət həyatının ən müxtəlif sahələrində əzmkarlıqla çalışıblar.
Müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb, gəncliyin inkişafı və təhsili ilə bağlı bir sıra dövlət proqramları qəbul edilib. Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək, gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək, yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər. Əziz gənclər, siz çiçəklənən, gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik”.
Zəngin bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur. Sizinlə fəxr edirik! Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaq. Sizin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağına inanıram.
VOİCEPRESS.AZ