Himnlə bağlı qanun layihəsi 1-ci oxunuşda təsdiqləndi

0
313607

Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, layihə 9 maddədən ibarətdir və Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

6-cı (Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəyə əsasən, Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Vətəndaşlar üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər bunlardır:

1. Ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaqüstə və sona qədər dinləmək),

2. Himn ifa edilən zaman Azərbaycanın Dövlət Bayrağı qaldırılarsa (asılarsa), Dövlət Bayrağına tərəf baxmaq,

3. “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda (Mərkəzi Bank istisna olmaqla) xidmət edən hərbi və ya xüsusi rütbəli şəxslərin Dövlət Himni ifa edilən zaman əsgəri salamlaşması qaydaları, o cümlədən Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi ilə bağlı qaydalar həmin orqanların hərbi nizamnamələri və ya müvafiq aktları ilə tənzimlənir.

4.Himn respublika və ya beynəlxalq idman yarışlarında həmin yarışları keçirən idman təşkilatının mövcud təcrübəsi nəzərə alınmaqla ifa edilir.

Qanun layihəsinin 7-ci (Dövlət Himni ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əsasən, Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.

Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here