VOİCEPRESS.AZ-a verilən məlumata görə, eksponatlar Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək.
Bəzək əşyaları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə-Qazax bölgəsində apardığı arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində 52 ədəd qızıl məmulatı – yüksək ustalıqla hazırlanmış bir cüt sırğa, üzük, yarpaqşəkilli və boruşəkilli muncuqlar, asma bəzək əşyaları tapılıb.
Tapıntılar Azərbaycanın qədim tarixində mühüm bir mərhələni təşkil etmiş Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin son mərhələsinə aiddir.
Həmin mərhələ arxeoloji dövrləşmədə (eradan əvvəl II minilliyin ikinci yarısı – I minilliyin əvvəlləri) son tunc – erkən dəmir dövrü adlandırılır.
Bu bəzək əşyaları sayına və rəngarəngliyinə görə Azərbaycanın qədim tarixinə aid aşkar edilmiş qızıldan olan ən zəngin tapıntılardır.
Təqdimat zamanı çıxış edən Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrinin, irsinin araşdırılması, gənc nəsil arasında yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənətimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirib. Ziyarətçilərin ən çox üz tutduğu ekspozisiyalar sırasında olan “Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək bu eksponatlar vasitəsilə qonaqlara tariximiz barədə yeni məlumat çatdırılmış olacaq.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qeyd edib ki, instituta dövlət səviyyəsində göstərilən böyük diqqət sayəsində arxeoloji tədqiqatlar daha da genişlənir. “Bu gün arxeoloji ekspedisiyalar nəticəsində yüzlərlə tarixi abidələr, maddi-mənəvi dəyərlər üzə çıxır. Bu tapıntılar bir daha Azərbaycanın ən qədim insan məskənlərindən, sivilizasiya mərkəzlərindən olduğunu göstərir”.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib ki, hazırda təqdimatı keçirilən bu arxeoloji tapıntılar hələ eramızdan əvvəl, 3000-2700 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir və bu zinət əşyaları həmin dövrün araşdırılması baxımından yüksək tarixi dəyərə malikdir.
VOİCEPRESS.AZ