Gürcüstanın ilk qadın prezidenti and içib

0
314402

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.

VOİCEPRESS.AZ bildirir ki, “Report”un yerli bürosunun xəbərinə görə, Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.

Andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb. Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

S.Zurabişvili prezident səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə and içib: “Mən, xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam”.

Dövlət başçısı məqsədinin Gürcüstanın Avropalı gələcəyinin dönməzliyinə nail olmaqdan ibarət olduğunu deyib: “Bizim əsas hədəfimizə heç nə mane ola bilməz”.

O, Gürcüstanın hər bir vətəndaşının prezidenti olacağı, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə söz verib: “Mən qanunun aliliyini təmin edəcəyəm, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və siyasi mədəniyyətin inkişafının qayğısına qalacağam”.

Mərasimdən sonra Vaja Pşavela adına Telavi Dövlət Dram Teatrında S.Zurabişvilinin adından təntənəli qəbul təşkil olunub.

S.Zurabişvili Gürcüstanın sayca beşinci prezidenti, ölkənin tarixində isə birinci qadın dövlət başçısı olub. Xanım prezident 6 il müddətinə dövlət başçısı vəzifəsini yerinə yetirəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here