Fuad Muradov: “Azərbaycanlıların birliyinə təkan verildi”

0
314678

“Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatımız mövcuddur”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov “Xalq qəzeti”ndə dərc olunan məqaləsində qeyd edib.

“Son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporlarımızla görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olub və fikir mübadiləsi aparılıb.Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi yolunda, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, davamlı işlər aparılır. Bu istiqamətdə atılmış növbəti addımlardan biri bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I yay düşərgəsinin keçirilməsi və burada “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edilməsidir. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə keçirilmiş görüşlərdə azərbaycanlıların birliyinə təkan verildi, Azərbaycan dövlətinin xaricdəki azərbaycanlılara diqqət və qayğısı bir daha təsdiqləndi, Azərbaycana dost diaspor təşkilatları ilə Azərbaycan diaspor təşkilatları, eyni zamanda, DİDK arasında əməkdaşlığın əsası qoyuldu, diaspor təşkilatları ilə təcrübə mübadiləsi sahəsində tarixi razılaşmalar əldə olundu. Yerli rəsmilərlə görüşlərdə həmin ölkələrdəki azərbaycanlıların problemləri qaldırıldı və onların həllinə mümkün təkan verildi. Azərbaycan adı bir daha təbliğ olundu, azərbaycanlıların bu ölkələrdəki mövqeyinə əhəmiyyətli müsbət təsir göstərildi, dövlət səviyyəsində diaspora dəstəyin artdığı sübut olundu, Avropa və Amerikadakı Azərbaycan diasporunun fəaliyyətinin güclənməsinə stimul verildi”.

Fuad Muradov qeyd edib ki, artıq Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib.

“Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlər sırasındadır və yeni fəaliyyət proqramları çərçivəsində atılan addımların müvafiq nəticələrin təhlili göstərir ki, ayrı-ayrı ölkələrdəki Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni, effektiv iş mərhələsinin başlandığını etiraf edir. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı, demək olar ki, yoxdur. Ölkə başçısı, cənab İlham Əliyev tərəfindən yaradılan Diaspora Dəstək Fondu isə dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıracaq. Dövlət komitəsinin işləyib hazırladığı yeni yol xəritəsində xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının və azadlıqlarının müdafiəsinin təmin olunması vacib istiqamətlərdən biridir. Bu məqsədlə dünyadakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin miqrasiya və bilavasitə diaspora məsul dövlət orqanları, qeyri-hökumət qurumları, Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirliklər ilə birbaşa əməkdaşlıq yaradılıb. Dövlət komitəsinin nümayəndə heyəti səfərdə olduğumuz hər bir ölkədə müvafiq qurumlarla da görüşlər keçirir, soydaşlarımızın problemlərini onların diqqətinə çatdırır, problemlərin həlli yolları ilə bağlı müzakirələr aparır və dəstək olmağa çalışırıq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here