Gənc startapçılara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən Mərkəz bu dəfə Gəncə şəhərində Azercell və PAŞA Bankın sponsorluğuAzərbaycan Texnologiya Universitetinin (UTECA) təşkilatçılığı ilə 25 dekabr 2018-ci il tarixində “Barama Regional Sahibkarlıq Konfransı”nı həyata keçirib. Konfransın təşkil olunmasında məqsəd – uğur qazanmış peşəkarlara öz bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq, gələcəkdə biznes sahəsi üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatlar ötürməkdən ibarət olub.
Konfransda İmran Bağırov, Fədai Əfəndiyev, Tural Abbasov, Məmməd Kərimov və Fərrux Rəhimov məruzəçi qismində iştirak ediblər. Məruzələr “Müasir təhsil texnologiyaları və onların tətbiqi”, “4-cü texnoloji inqilab və innovasiyalar”, “Startap inkişafının 5 mərhələsi”, “Biznes üçün investisiya almağın yolları”, “Gələcək üçün bu gün nə etməli?”, “Özünə inam və motivasiya”, “Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu” və digər mövzuları əhatə edib.
Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara yardım etmək məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi də fəaliyyət göstərir.
Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək olmaq, startap mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq və Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.
VOİCEPRESS.AZ