TÜRKPA Katibliyinin diplomatik heyәti Cocuq Mәrcanlıya getdi

28 Noyabr, 12:44

Baş katib Altınbek Mamayusupov, baş katibin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Ali Yıldız, TÜRKPA Komissiyalarının katibləri Emin Həsənov və Kanatbek Kurmanbekovdan ibarət TÜRKPA Katibliyinin diplomatik heyəti Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər edib.

VOİCEPRESS.AZ xəbər verir ki, heyətlə görüşən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov qonaqlara Cocuq Mərcanlının tarixi, eləcə də kəndin geri alınmasından sonra görülən işlər barədə məlumat verib. Öz növbəsində, A.Mamayusupov Azərbaycan hökuməti tərəfindən kənd üçün görülən işləri yüksək qiymətləndirib və həmçinin Assambleya tərəfindən qəbul edilmiş bəyannamələrdə də əks olunmuş TÜRKPA üzv ölkələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyü barədə yekdil mövqeyini xüsusi vurğulayıb.

Səfərin proqramına kənddə gəzinti və yerli əhali ilə söhbət, orta məktəbə və simvolik xarakter daşıyaraq məşhur Şuşa məscidini xatırladan Cocuq Mərcanlı məscidinə ziyarət daxil edilib.

Cocuq Mərcanlının bərpasının ilk mərhələsi 2017-ci ilin yanvarında Prezident İlham Əliyevin sərəncamı ilə başlayıb. İlk mərhələ ərzində Cocuq Mərcanlıda 50 fərdi ev, məktəb, məscid, elektrik yarımstansiyası, hidrometereoloji stansiya, avtomobil yolu və digər müvafiq infrastruktur obyektləri tikilməklə yanaşı, kənd qaz, elektrik və su ilə təmin edilib.

15 iyun 2017-ci ildə Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Görülən işlərin ikinci mərhələsində daha çox fərdi evin tikilməsi və kəndin infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.

TÜRKPA Katibliyinin diplomatik heyәti Cocuq Mәrcanlıya getdi

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here