Tahir Kərimli: “…. Ermənilərin “Pandukt” Qisas Təşkilatı tərəfindən haqqımda ölüm hökmü çıxarılmışdı”

8 Noyabr, 22:12


VOİCEPRESS.AZ-ın müsahibi Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlidir:

-Tahir müəllim, Milli Məclisdə çıxışlarınızda önəmli məsələlərə toxunursunuz. Amma nədənsə, mətbuatda bu daha qabarıq şəkildə yayımlanmır. Sizcə bu nədən qaynaqlanır?

– Doğrudur. Mənim sazişlərimiz, qanunlarımız, onların konstitusiyaya uyğunluğu ilə bağlı tez-tez çıxışlarım olur. İnandırım sizi ki, hansısa bir dövlətdə filan qanunun konstitusiyaya ziddiyyti ilə bağlı məsələ qaldırılsaydı, bu böyük ajiataja səbəb olardı. Yəni parlament konstitusiyaya zidd hansısa qanunu qəbul etmək istəyir? Amma bizdə nədənsə bu kimi hallara reaksiya verilmir. Bəlkə də, digər tərəfdən də, günah özümüzdədir. Biz bir qədər papulizmdən kənarıq. Çünki bir çox millət vəkilləri öz video görünütülərini, səs yazılarını və ya məqalələrini yayırlar, sosial şəbəkələrdə paylaşırlar… Biz bəlkə də, o işlərlə məşqul olmuruq. Bəlkə də, bu bizim mətbuat işini yaxşı qurmamağımızdan irəli gəlir…Ama digər tərəfdən bu bizim ən böyük səhvimizdir. Çünki siyasi partiya əslində papulizmlə məşqul olmalıdır. Partiya xalqa öz ideyalarını, öz fikirlərini çatdırmalıdır. Etiraf edim ki, biz bu məsələdə çox axsayırıq…Amma mən hər dəfə öz çıxışlarımda vicdanımı dinləyərək dövlət və xalqımın mənafeyindən yana çıxış etməyə çalışıram.

-Hərbi xidmətdən sonra çilingər kimi çalışmışız. Daha sonra hakim kimi çalışmısız. İndi bir millət vəkilisiniz. Sıfırdan, öz zəhmətinizlə bu günlərə gələn insanlardan birisiniz. Geriyə dönüb baxdığınız bu illəri necə xatırlayırsınız?

-Bu suala görə təşəkkür edirəm. Mən Şirvan şəhərinin Riyaziyyat təmayüllü 1 saylı məktəbin məzunu olmuşam. Məktəbdə əlaçı olmuşam. “Pioner”, “Komsomol”, “Gənclər” qəzetində haqqımda, aktiv şagird olmağımla bağlı yazılar da, vaxtı ilə dərc olunub. Atamı vaxtsız itirmişəm. Amma Şirvanda hakim işlədiyim illərdə belə məni öz adımla deyil, atamın adı ilə “Rəhmətlik Zahidağanın oğlu” deyə tanıyıblar. Bunun özü belə mənə xoş olub. Qürur hissi duymuşam ki, məni atamın adı ilə tanıyırlar. Bu özü özlüyündə əslində məni daha məsuliyyətli ruhda yetişməyimə səbəb olub. 23 yaşındaykən, hələ çilingər çalışdığım zamanlarda Vahid Azərbaycan İdeyası ürəyimə elə girmişdi ki, məni vəfat etdikdə üzü Təbrizə tərəf dəfn etməyi vəsiət etmişəm.

– Nə qədərəmək haqqı alırdız?

-75 azn manat. Mən yeri gələndə fəhlə də, işləmişəm. Həyatda hər bir çətinliyi görmüşəm. Nəyə nail olmuşamsa, çətinliklə nail olmuşam. Heç bir zaman hansısa vəzifədə olmağı qarşıma məqsəd qoymamışam. Mən ömrümdə bir dəfə də, olsa latareya almamışam.

-Səbəbi nədir?

-Bəxtimə heç bir zaman güvənməmişəm. Hesab etmişəm ki, hər şeyi özüm əldə etməliyəm. Öz zəhmətimlə. Heç bir zaman maşınım olsun, evim olsun üçün yaşamamışam.

– Tahir müəllim, bir çox millət vəkilləri ilə biz müsahibəyə hazırlaşmadan öncə internetdə onun fəaliyyətini araşdırırıq. Bir çoxlarında fəaliyyət yaşlarından iki dəfə artıq monoqrafiya və elmi əsəsrlərin yazdıqlarını müşahidə edirik. Sizdə bu kimi hallara rast gəlmədik. Əksinə çilingər kimi çalışmağınızla bağlı informasiyanın əks olunduğunu gördük.

-Mən hər zaman var olanı deməkdən utanc hissi duymamışam. Çünki hər bir zaman vicdanla danışmağa və həqiqəti söyləməyə üstünlük vermişəm.

– 1990-cı il 20 Yanvar qətliamına görə Sov.İKP üzvlüyündən imtina etdiyinizə və SSRİ Prezidenti M.Qorbaçova ölüm hökmü çıxardığınıza görə, xalq hakimi vəzifəsindən kənarlaşdırılmısınız… Bu haqda danışardız.

– 20 yanvar hadisələrindən öncə Bakıda, ayın 13-də Ali məclisin konfransı oldu. Sonra biz bilmədən Müdafiə Şurası yaratdılar. Mən o zaman Müşviqabadda idim. Soyuq bir qış günü idi. Ruslar artıq yolları kəsmişdi. 20 yanvar hadisəsi baş verdi. Mən həmin ağır günləri çox pis keçirdim. 21-də səhərə kimi 3 yazı yazdım. Onlardan biri nəziyyə idi. Digəri mərsiyyə formasında şeir idi. Üçüncüsü isə Mixail Qarbaçova ölüm hökmü yazdım. Radio ilə elan etdik. Camaatı meydana çağırdıq. Mixail Qarbaçovun portretini götürdüm. Barmağımı kəsib qanını onun gözünə sürtdüm və ölüm hökmünü elan etdim. Məni işdən dərhal azad etdilər.Komunist biletindən imtina etdim. İki yeznəmi həbs etdilər. Savxozda çalışan yaşlı qayınatama qarşı cinayət işi başladıldı. Sağikən heç bir lider üçün heç kəs ölüm hökmü çıxarmağa cürət etmədiyindən mənə dəli deyirdilər.

– Qarabağ uğrunda savaşda, Ermənistandan qovulmuş qaçqınların yerləşdirilməsində və Xalq Hərakatının fəal iştirakçılarından olmusunuz. Bu gün hər üç tendensiyanı indiki zamanlamaya görə necə dəyərləndirərdiz?

-1988 ci ildə Ermənistandan köç edən azərbaycanlı soydaşlarımızın yerləşdirilməsi məsələsi olduqca önəmli məsələ idi. Biz də, öz soydaşlarımızı yerləşdirmək üçün bizim kəndlərdə yerləşmiş erməniləri çıxarmalıydıq. Sadəcə əsas məsələ ondan ibarət idi ki, biz heç bir erməni ailəsini incitmədən, mədəni və etik normalar çərçivəsində öz dövlətlərinə təxliyyə edilməsinə yardımçı olduq. Bunun əvəzində bizim soydaşlarımızın ermənilər tərəfindən acımasızca qətlə yetirildiklərini gördük. Buna baxmayaraq, Azərbaycan rayonlarından, xüsusən də, 14 kənddən ermənilərin çıxarılmasında birmənalı rolu olan adam kimi Ermənilərin “Pandukt” Qisas Təşkilatı tərəfindən haqqımda ölüm hökmü çıxarılmışdı.

-Tahir müəllim, xatirimdədir, xatirələrinizin birində Dağlıq Qarabağ müharibəsi başlayanda sizin o vaxtın pulu ilə yüz minə yaxın pulunuzun olmasını qeyd etmişdiniz. Hətta ev tikmək istəydiyinizi də, bildirmişdiz…

-Bəli. Ağsuda ata evində ev tikmək istəyirdim. Amma müharibə başlayanda onun bircə manatına dəymədən silah-sursat alıb Qarabağa aparmışam. 17 rayondan topları toplayıb “KA-700” traktorlarla Cəbrayıla çatdırmışam. Bütün ailə bu müharibədə böyük zərbə aldı. Xalam oğlunun biri şəhid oldu. Digəri ağır xəsarət aldı, daha sonra vəfat etdi. İndi ordumuz var. Müstəqilliyimiz var, qüdrətli dövlətimiz var.

-Tahir müəllim, bəs bizə nə mane olur sizcə? O zaman biz əliyalın, mülki insanlardan ibarət ordu ilə döyüşə gedirdiksə, bu gün qüdrətli ordu ilə niyə sülhdən danışırıq axı?

-Bu gün ermənilər ordu baxımından Azərbaycandan qat-qat zəif olduqlarını etiraf etməkdən çəkinirlər. “Babayan”, “Babacanyan” kimi marşallarının olduğunu iddia edərək, pafoslu kəlmələrlə özlərini inandırmağa çalışırlar. Amma beynəlxalq hüquq qarşısında acızliklərini etiraf edirlər. Çünki Beynəlxalq hüquq bu gün tam olaraq, Azərbaycanın tərəfindədir. Yəni beynəlxalq hüquqa əsasən ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Dövlətimiz müharibəyə cəhd etmək istədikdə isə, beynəlxalq hüququn bizim tərəfimizdə olmasını əsas tutaraq, bizi hədələyənlər də, var. Bizdə, tarixə baxaraq, bu kimi halların şahidi olmuşuq. Açıq danışmaq lazımdır. Rusiya və bir çox digər dövlətlərin işğalçı ermənilərə dəstək olmalarını da, müşahidə etmişik. Çox təəsüf ki, həmin dövlətlərin böyük əksəriyyəti elə Minsk Qrupunun daimi həmsədrləridir. Mən təklif edəirəm ki, Rusiya, Gürcüstan, Türkiyə və İran olmaqla qonşu dövlətlər Minsk Qrupunun daimi həmsədrləri olsunlar.

-Amma dediyiniz dövlətlərin Türkiyədən başqa münasibəti onsuzda ermənilərə qarşı bəllidir. Sizcə dəyişən bir şey olacaqmı?

-Bilirsiz, qonşu dövlətlərin marağındadır bu münaqişənin həlli.

-Aydındır. Amma qeyd etdiyiniz hər bir dövlətin rəhbərləri, qeyd edirəm yenə də, Türkiyədən başqa Qondarma Erməni Soyqırım abidəsinə ehtiramla baş əyən insanlardır, siz inanırsınız ki, onlar sabah ATƏT-in Minsk Qrupunda Azərbaycandan yana mövqe ilə çıxış edəcəklər?

-1918-ci ildə Türkiyə olmasaydı, mən açıq danışıram bizi qıracaqdılar. Türkiyə Azərbaycan əlaqələri tarixə əsaslanır və iki dövlət arasındakı bu bağ çox möhkəmdir. Əgər dörd qonşu ölkə birlik olsaydı bu münaqişəni həll etmək mümkün olardı.

-Tahir müəllim, real geosiyasi şərtlərdən danışırıq…

-Reallıq ondan ibarətdir ki, dünyanın aparıcı dövlətləri buna izin vermir.

-Tahir müəllim, Dağlıq Qarabağ məsələsi ilə bağlı bir çox deputatlar öz fikirlərini bildirir. Amma bir məsələ var. Çox hörmətli millət vəkili Elman Məmmədov Ermənistana qarşı Azərbaycanın “Anokonda” siyasəti başlatdığını bildirib. Bu “Anakonda” siyasəti nə məsələdir? Yəni sizcə belə gərəksiz və pafoslu ifadələrə ehtiyac varmı? Biz necə “Anakonda” siyasayəti aparırıq ki, ötən gün 29 oktyabr tarixində Zəngilanın işğal günündə Fransa prezidenti Makronun iştirakı ilə Paşinyan Azərbaycan musiqi sədaları altında rəqs edirdi? Bu necə “Anakonda” siyasətidir ki, Belçikanın bir qrup parlamentarisi işğal altında olan Azərbaycan torpaqlarına səfər edə bilir?

-Ülkər xanım, hamımıza məlumdur ki, ermənilərin çox güclü təbliğat maşını var. Onların güclü diaspora siyasəti mövcuddur. Ermənilər öz yalanlarını həqiqət kimi inandırmağı bacarırlar. Misal üçün mən himnimizi sevdiyim halda, bir kəlmə sözümə görə hamı deyir ki, “Tahir himni bəyənmir” və ya “Tahir himnimizin düşmənidir”. Buna inandırıblar camaatı. İndi insanlar mənə düşmən kəsilib…Əslində tam fərqlidir axı. Mən himnimizi çox sevirəm. Bu gün ermənilər də, iddia edir ki, dolma da bunlarındır. Musiqimiz də, bunlarındır. O Fransa prezidentinə də, həmin musiqilərin erməni havası olduğunu iddia ediblər. Çünki yalana inandırmaq gücünə malikdirlər.

-Tahir müəllim, biz bunun fərqindəyik. Apardığımız siyasi kursun adını “Anakonda” qoyanda axı nə dəyişir? Dəyişə bilirikmi ermənilərin o yalan təbliğat maşının kursunu? Yox. O zaman belə gülməli addımlara nə ehtiyac var axı?

-Elman bəy, “Anakonda” siyasəti deyəndə erməniləri iqtisadi və nəqliyyat qovşağı baxımından kənarda saxlama prosesini belə adlandırıb. Erməniləri iqtisadi baxımdan zəiflətmək məqsədi ilə regiondakı bütün layihələrdə uzaq tutmaq, ətrafı erməni məkirliyinə inandırmaqla onu blokada şəraitində saxlamağa müvəffəq olmaq məqsədi daşıyır. Anakonda öz şikarını boğub öldürdüyü kimi, bu sözü gedən siyasət də, iqtisadi baxımdan erməniləri boğub məhv etmək deməkdir.

-Anakondanın öz şikarını boğması 6 saniyə çəkir. Amma bizdə bu proses 30 ildir davam edir…

-Məsələ düşündüyümüzdən daha qəlizdir. Çünki hər kəs tələb edir. Biz də, öz torpaqlarımızı geri qaytarmaq istəyirik, amma bizə böyük dövlətlər imkan vermir. Burada yalnız erməni kəşviyyatı işləmir. Eyni zamanda Rusiya kəşviyyatı var, ermənilərə kömək edən digər dövlətlərin kəşviyyatları var. Buna görə də, bizim aparmaq niyyətində olduğumuz hər bir əməliyyatdan onların xəbəri olur. Biz müharibəyə başlayan kimi, təhdidlər başlayır. Gəncənin işğalını, Mingəçevirin partladılmasını və digər obyektləri hədəf kimi göstərməkdən belə çəkinmirlər. Digər tərəfdən bizdə bəzi rəhbər işçilər var ki, onlar oturub-durub “Bircə bu Qarabağı versəydilər…” deyirlər… Bu çox ağıq problemdir.

-Versəydilər? Kim verəcək ki, biz almasaq?

-Məsələ də, budur. Əbülfəz Elçibəyin bir sözü vardı. O deyirdi ki, Qarabağın sözü Təbrizdən keçir. O Vahid Azərbaycan olmağın, Qarabağ probleminin çətinliyini anlayırdı. Sovet İttifaqı Dağlıq Qarabağın üstündə dağıldı. Bizim arxamızda Türkiyə kimi qüdrətli dövlət var. Napaleon deyirdi ki, mənə bir Türk ordusu verin, dünyanı zəbt edim”. Budur Türk dövlətinin qüdrəti. Fransız belə vaxtı ilə etiraf etməkdən çəkinməyib. Amma geosiyasi reallıqlar beynəlxalq siyasət müstəvisində tamam fərqli tendensiyalar əsasında həll edilir. Biz heç kimsəyə boyun əymirik, bərabərhüquqlu və müstəqil siyasət yürütmək üçünsə, ilk növbədə regionun təhlükəsizliyini düşünməlisən. Bunun isə yeganə real yolu sülh yoludur.

-İddia olunur ki, hazırda ABŞ-ın Ermənistandakı səfirliyində 200-dən artıq Amerika hərbçisi yerləşdirilib. Sizcə yaxın gələcəkdə ABŞ-da öz hərbi bazasını Ermənistanda yerləşdirərsə, ABŞ və Rusiya arasında çəkişmə başlayarsa, ikinci Suriya məsələsinin Ermənistanda təkrarlanacağını demək olarmı? Bu Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir edə bilər?

-Amerikanın İrəvandakı səfirliyi dünyanın ən böyük səfirliklərindən biridir. Rusiyanın hərbi bazası ilə bərabər heç ABŞ-ın səfirliyi qədər böyük deyil. Misal üçün ABŞ-ın Gürcüstanda elə bir səfirliyi var ki, ora heç bir gürcü belə daxil ola bilməz. ABŞ-ın Ermənistandakı səfirliyi sanki dövlət içində bir dövlətdir. Baxmayaraq ki, Ermənistan Rusiyanın tam şəkildə marianetkasıdır, ABŞ hər zaman özünü Ermənistanda ev sahibi kimi aparıb. İndi də, ən böyük prearitet mövqeyi Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaqdır. Ermənistanda 5-10 faiz əhali Qərbyönlü olsa da, əsas çoxluq Rusiyasız məhvə doğru getdiyini dərk edir.

-Deməli Rusiya Ermənistandan çıxarsa, Ermənistan Əfqanistan və ya Suriya proyektinin davamı ola bilər. Eləmi?

– Bu istisna edilmir əlbəttə.

-Digər tərəfdən də, Ermənistanın Rusiyadan qopması prosesi, ikinci sovet dönəminin dağılmasının başa çatması prosesi deyilmi? Gürcüstan getdi, ardından Ukrayna, indi isə Ermənistan…

-Tamamilə doğru deyirsiniz. Hazırda Ermənistan bu prosesdə indiqator rolunu icra edir. Ermənistan ABŞ-dan yana seçim etsə, Rusiya parçalanacaq. Çünki Ermənistan Qafqaza nəzarət etmək üçün Rusiya üçün hər zaman pəncərə formatı olub.Ona görə də, Ermənistandan çıxmaq Rusiya üçün Qafqazdan çıxmaq deməkdir.

– Bilirsiniz ki, bu il KTMT-də sədrlik Ermənistandadır və o hətta Azərbaycanın qruma üzvlüyünə veto qoymaq məsələsi ilə də, gündəmə gəlmişdi. Dünənə qədər Ermənistan KTMT çərçivəsində hərbi təlimlərə Yekaterinburqa gedirdisə, bu gün Livana, Rusiyanın bu günə qədər müstəqilliyini tanımadığı Kosovaya gedir. Ermənistanın son elə bu addımları artıq onun öz seçimini etməsi kimi qiymətləndirilə bilinməzmi?

-Etiraf edək ki, ermənilərdə vahid idealogiya var. Amma bu millət hər zaman öz mənfəətini güdən millət olub. Hardasa Rusiyanın zəifləməsini proqnoz edib, digər tərəfdən Rusiya Türkiyə yaxınlaşmasını müşahidə etməsi fonunda ABŞ-dan yana seçim etmək yolunda irəliləmələri əslində Ermənistanı uçuruma aparacaq bir proses olacaq.

-Türkiyənin çoxsaylı vətəndaşlarından aldığımız məktublara əsasən, bir millət vəkili olaraq, Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi məsələsində viza məsələsinin qaldırılması nəzərdə tutulurmu?

-Əslində bu məsələ çox önəmli məsələdir və dövlət səviyyəsində bir neçə dəfə müzakirəolunub. Əsas odur ki, Azərbaycan tərəfi bu məsələnin həllinə çalışır. Bu məsələ bizim arzumuzdur. Təbii ki, biz “Bir millət, iki dövlətiksə, bu məsələ öz həllini tezliklə tapmalıdır”.

-Bir hüquqşünas kimi bir məsələyə münasibət bildirmənizi və bu mövcud problemin komitənizin iclaslarında müzakirəyə çıxarılması gərəkdiyini düşünürəm. Bir vətəndaş təqsir kim tərəfindən olursa olsun, aldığı şəxsiyyət vəsiqəsində hansısa səhv məlumatı ən qısa zaman kəsiyində necə dəyişə bilər? Bu prosesi sadələşdirmək mümkündürmü? Hazırda bu prosesi o qədər çətinləşdiriblər ki, vətəndaş səhv məlumat olan şəxsiyyət vəsiqəsi ilə gəzməyə daha çox üstünlük verir.

– Həqiqətən də, böyük problemdir. Mən bu məsələnin komitədə müzakirəyə çıxarılması üçün əlimdən gələni edəcəyəm.

-Müsahibə üçün çox sağolun Tahir müəllim.

-Mən təşəkkür edirəm. Ümid edirəm maraqlı oldu.

Ülkər Musazadə
VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here