Azərbaycanda təcrübə məqsədilə ilk dəfə yetişdirilən rəngli pambığın yığılmasına başlanılıb.
Yığılan məhsul Gəncə Aqrar Elm Mərkəzində təmizlənərək çiyid mahlıcdan ayrılacaq və respublikada bu pambıq sortunun çoxaldılması üçün toxumluq məqsədilə istifadə ediləcək. Növbəti ildə 5 hektarda rəngli pambığın becərilməsi nəzərdə tutulur.
Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təcrübə sahələrində 3 hektarda becərilən qiymətli strateji bitki olan soyanın da yığımı həyata keçirilir.
Mərkəzin direktoru Məhərrəm Əliyev bildirib ki, soya tərkibindəki zülal və yağın zənginliyinə görə əvəzedilməz bitkidir. Həm ərzaq, həm də yem bitkisi kimi mühüm əhəmiyyət kəsb edən soya bitkisinin əkinlərinin çoxaldılması vacibdir. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir. Bu bitki havada olan sərbəst azotu fiksasiya edərək, torpağın münbitliyinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
VOİCEPRESS.AZ







