Azərbaycan – bu ulu diyar, doğma babalarımızın bizə qoyub getdiyi yadigar yeganə varlıqdır. Bu diyarda Nizaminin “Xəmsə”si, Füzulinin “Leyli və Məcnun”u, Sabirin yarızarafat, ancaq sonra isə dərin düşünməyə vadar edən “Hophopnamə”si yetişdi, ərsəyə gəldi. Azərbaycan tarix boyunca özünün keşməkeşli günlərindən keçdi. İllər boyunca çar Rusiyasının, daha sonra Sovetlər Birliyinin imperialist siyasətinin əsarətlərinə məruz qaldı. Bu məmləkət 1920-ci ildə işğalla SSRİ-nin tabeçiliyinə keçməsinə baxmayaraq yenə də ziyalı alimləri ilə dünya elminə öz töhfəsini verdi. Azərbaycan dedikdə qədim Oğuz mahalı, Koroğlunun Çənlibeli yada düşür. Bir millətin dili məhv olma təhlükəsi ilə üz-üzə qalırsa, deməli onun xalqı da bu təhlükənin qurbanı olur. Yaxın tariximizə göz gəzdirdikdə görürük ki, dilimiz Sovet İmperiyasının unutdurma siyasətinə məruz qalıb. Ancaq Azərbaycan elmi elə nadir şəxslər yetirib ki, onlar həyatları təhlükə qarşısında qalsa belə, dilimizin unudulmaması üçün, onun tarixi dil qohumluqlarını, Azərbaycan dilinin Altay dil ailəsinə mənsub olmasında, Orxan və Yenisey kitabələrinin araşdırılmasında əvəzsiz rol oynayıblar…
Bu şəxslər nəinki dilimizin, həmçinin xalqımızın milli oyanış ruhunda, təbliğatında böyük rol oynayaraq imperiya siyasətinə zərbə endirdilər. Bu şəxslərdən biri də Azərbaycanın dilbər güşələrindən biri hesab edilən Ordubad rayonunda dünyaya göz açmışdı. O şəxs ki, 17 yaşında türkologiya elminə bələd olan və bu elmi daha da təkmilləşdirib dünya türk elmində yeni bir nailiyyət əldə etdiyini dünyaya sübut etmək üçün və bunun üçün ali təhsil almaq məqsədi ilə Ordubaddan Bakıya gedən Fərhad Ramazan oğlu Zeynallı idi.
1929-cu il iyun ayının 22-də Ordubadda Ramazan kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açanda heç kəs bilmirdi ki, bu körpə gələcəkdə dünya elminə yeniliklər gətirəcək. Bu balaca körpə getdikcə yaşa dolur, Ordubadda ilk təhsilini alır. Tezliklə o, özünəməxsus fitri istedadı ilə yoldaşlarından fərqlənərək bütün müəllimlərin hörmətini qazanır. Orta təhsilini başa vuraraq Azərbaycan Dövlət Universitetinə qəbul olunur. Ancaq bu dönəmdə həyatın ağır günləri gənc Fərhadı da sınağa çəkir. O orta məktəbi bitirdikdə Böyük Vətən Müharibəsi yenicə bitmiş, bu müharibənin insanlara vurduğu iqtisadi böhranlar Ramazan kişinin ailəsindən də yan keçməmişdi.
Ordubadın tarixi şəxsiyyətləri ilə maraqlanır, yeni biliklər əldə edirdim. Fərhad Zeynallının bacısı Firaqə xanım Zeynalova Naxçıvandan Ordubada oz ata ocağıni ziyarətə gəlmişdi. Onda mən ilk dəfə istedadlı alim, Fiologiya Elmləri Doktoru, professor Fərhad Zeynallının həyatı ilə maraqlandıqda Firaqə xanım məni salona dəvət etdi. Orda üzəri ağ örtüklə örtülü nə isə vardı. Firaqə xanım örtüyü götürdü. Bizim qarşımızda istedadlı alimin Bakıda xüsusi ustalıqla hazırlanmış büstü dayanmışdı. Bununla Firaqə xanım Fərhad Zeynallının keçdiyi 55 illik şərəfli həyat yolunu danışır. Mənsə xəyalımın simasında alimin keçdiyi bu ömür yolunu qürurla dinləyirdim. Firaqə xanım söyləyirdi: – Fərhad ali məktəbə qəbul olanda onu Bakıya göndərmək lazım idi. Evdə isə maddi imkanımız o qədər də yaxşı deyildi. Evdə qədim bir xalçamız vardı. Onu satıb Fərhadı Bakıya göndərdik…
Beləliklə istedadlı alimin Bakı həyatı başlayır. Burada təhsil aldığı müddətdə Zeynallı müəllimlərinin və ailəsinin etimadını doğruldur. Ordubaddan başlanan bu yol türk dillərinə maraq Bakıda da F.Zeynallının əsas iş amalı olur. O, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirir. Türk dünyasına və ümumdünya türk dillərinə olan maraq getdikcə dərinləşir, gənc Fərhadın ideologiyasını, onun həyata baxışını dəyişdirdi. Bu maraq onun dissertasiya müdafiə etməsini zəruriləşdirirdi. Bəlli səbəblərdən isə bu o zamankı Sovet Azərbaycanında mümkün deyildi. Bunun üçün o böyüyüb boya – başa çatdığı və həyatının bir hissəsi adlandırdığı doğma diyarı Azərbaycanı tərk etməli olur. O Bakıdan Moskvaya getməli olur. Moskvada ikən N.A.Baskakovun rəhbərliyi altında “Türk dillərində nitq hissələrinin təsnifi prinsipləri” mövzusunda dissertasiya müdafiəsi, daha sonra isə “ Muasir türk dillərində köməkçi nitq hissələri” adlı doktorluq müdafiəsi türk dilləri araşdırma alimlərinin stolüstü kitabına çevirilir. Bununla o SSRİ məkanında və dünya türk aləmində məşhur filologiya elmləri doktoru kimi tanınır. Daha sonra bu dahi şəxs fəaliyyətini bir vaxt məzunu olduğu Azərbaycan Dövlət Universitetində davam etdirir. Onun burada türkologiya kafedrasının əsasını qoyması Azərbaycan tarixində və ümumdünya türk tarixində tərəqqi idi. Kafedrada ikən F.Zeynallı Orxan- Yenisey abidə yazılarının tərcüməsi ilə məşğul olaraq bu abidə yazılarının qədim türk dilləri ilə qohumluğunu sübut edir. Türk dillərinin nəzəri və elmi sahədə Türkologiya kafedrasında tədrisi millətçilik ruhunun oyanmasında, SSRİ hakimiyyətinin isə birinci nömrəli siyasi mərkəzinə çevrilməsinə səbəb olur. Artıq bir sıra dünya ölkələrindən, hətta Moskvadan buraya Türkologiyanı bir elm kimi öyrənmək məqsədi ilə tələbə axını başlayır. Özünəməxsus xüsusi natiqliyi ilə audi-toriyada çıxış edən F.Zeynallı dilimizin zənginliyindən bəhs edərək, bir sıra sirli elmi mübahisələrin həllini dəqiq araşdıraraq Azərbaycan dilini dünyaya tanıtdırırdı…
Fərhad Zeynallı istedadlı bir alim olmaqla yanaşı sözün həqiqi mənasında tanınmış bir ziyalı idi. Tələbələrinin və yaxın qohumlarının onun haqda təəssüratlarını dinlədikcə onun yalnız elmi yaradıcılığı deyil, kamil insan atributlarını özündə cəmləşdirən bir şəxs olduğu anlaşılır.
Bacısı Firaqə xanıma, qardaşları Zöhrab və Səfər Zeynalova ideal bir qardaş oldu. Fəridə xanım Həsənova ilə ailə həyatı qurdu. Övladlarına ideal bir ata oldu. El içində hörmət qazandı…
Universitetə gəlmiş kasıb tələbələrə dayaq oldu. Çünki özü də bir zaman kasıb ailədən yüksəlmişdi. Fərhad Zeyanlov yalnız türkologiyanın əsasını qoymadı.O, Zeynallı ədəbi mühitini Azərbaycanda yaratdı və bunun nəticəsidir ki, bir vaxt onun tələbəsi olmuş A.Ağayev, N.Cəfərov kimi şəxsiyyətlər onun başını uca tutdular…
55 illik mənalı ömründə 18 sanballı elmi əsər müəllifi olan alimin elmi yaradıcılığının şah əsəri isə türkologiyanın Əsasları adlı dərs vəsaiti hesab olunur ki, bu gün də Azərbaycanda və Türkiyə Respublikasının bir sıra universitetlərində rəsmi dərslik kimi tədris olunur. Bu əsərdə türk dünyası dillərinin yaranması, onların oxşarlığı, mənşəyi elmi əsaslarla təhlil olunur. Sovet imperiyası dönəmində sensasiyaya səbəb olan əsər ilk dəfə 14 illik rəhbərlik etdiyi kafedrada tədris olunurdu. F.Zeynalovdan qabaq türkologiya mövzusunda əsərlər yazılmışdır ancaq müəllimi N.Baskakovun da qeyd etdiyi kimi Türkologiyanın dərin faktlarla əsaslı təhlilini isə heçkəs onun kimi əsaslandırılmamışdır. Bunu üçün də SSRİ-də elmi mübahisələrin həlli yollarına onun yaratdığı kafedrada aydınlıq gətirilirdi. Müəllimin xahişi ilə əsərin rus dilində Moskvada yerləşən Filologiya fakultəsində tədrisi və tərcuməsi işi ilə məşğul olsada alimin vaxtsız vəfatı buna imkan vermir.
1984-cü il oktyabr ayının 16-sı bütün Bakı yasa bürünmüşdü. O gün görkəmli alim filologiya elmləri doktoru professor F.Zeynalov əbədi olaraq həyatdan köçmüşdü. Onu tanıyan alimlər, ziyalılar, tələbələr bu xəbərə inanmır, Fərhatsızlığı təsəvvür edə bilmirdilər. Artıq əsasını qoyduğu kafedranın auditoriyasında Fərhad müəllimin səsi eşidilməyəcək, bir vaxt tədris etdiyi Türkologiyanın əsasları dərsliyi başqa şəxslər tərəfindən tədris ediləcək, tələbələrinin və işlədiyi kollektivin xatirələrində isə kitabın müəllifi xatirələrdə yaşayacaqdı. Alimin dəfni o zamankı rəhbərlik tərəfindən Fəxri Xiyabanda nəzərdə tutulsada öz vəsiyyətinə əsasən böyüyüb boya- başa çatdığı Naxçıvan Muxtar Respublikasinin Ordubad rayonunda gerçəkləşir. O, Bakıdan, Naxçıvandan vida mərasiminə gələn alim ordusunun çiynində son mənzilə yola salınır. İndi Malik İbrahim qəbirstanlığında Bəlkə dağının ətəyində vətən torpağına sarılan, qəlblərdə taxt qurmuş, türk dünyasının ziyalısı uyuyur. Çox yaşamadı, cəmi 55 il . Ailəsi və sevdikləri bu erkən ayrılığı unutmur, Fərhad Zeynalovu daim yad edirlər. Vətən və torpaq eşqi ilə mayalanmış əqidə mübarizəsi ilə türkologiya zirvəsinə ucalan Fərhad Zeynallı ucalığı unudulmazdır.
Elçin Süleymanov
VOİCEPRESS.AZ