VOİCEPRESS bildirir ki, 27 yaşlı sprinter bu nailiyyətə 200 metr məsafəyə yarımfinal qaçışında imza atıb.
O, finişə 20,17 saniyəyə çataraq, bütün rəqiblərini üstələyib. Quliyevin yarımqrupundan ilk “3-lüy”ə düşən ABŞ təmsilçisi Amir Uebb və CAR-dan olan Vayd van Nikerk də adını finala yazdırıb.
Digər iki yarımqrupdan isə bu hüquqa İsiah Yanq (ABŞ), İsaak Makvala (Botsvana), Nethanel Mitçell-Bleyk (Böyük Britaniya), Yarim Riçards (Trinidad və Tobaqo), Abdul Hakim Sani Braun (Yaponiya) yiyələnib.
Qeyd edək ki, final qaçışı Bakı vaxtı ilə avqustun 11-nə keçən gecə saat 00:52-də olacaq. Ramil Quliyev indiyədək dünya çempionatlarında iki dəfə finala yüksəlib. O, 2009-cu ildə Azərbaycanı təmsil etdiyi vaxt Almaniyanın paytaxtı Berlində, 2015-ci ildə isə Çinin paytaxtı Pekində həlledici mərhələyə vəsiqə qazansa da, medalçılar sırasına düşə bilməyib.
VOİCEPRESS.AZ
Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında finala yüksəlib.