VOİCEPRESS xəbər verir ki, bu sözləri axar.az-a dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin yaxın dostu və özündən sonra varisi elan etdiyi professor Rafiq Əliyev deyib. Lütfi Zadənin ölümündən sonra Azərbaycanda dəfn edilmək istəyi ilə bağlı vəsiyyətinə aydınlıq gətirən professor qeyd edib ki, Lütfi Zadədən heç vaxt belə bir söz eşitməyib:
“12 saat bundan qabaq özü ilə əlaqə yaratdım. Avqustun 22-23-də Budapeştdə onun fəxri rəhbərliyi, mənimsə sədrliyimlə beynəlxalq konfrans keçiriləcək, həmin konfransı müzakirə elədik. Səhhətində heç bir problem hiss edilmirdi. Düzdür, danışığı bir qədər dəyişib. Ancaq özünü yaxşı hiss edir.
Biz illərdir dostluq. Mən onun həm tələbəsi, həm ailə üzvü, həm dostuyam. Ancaq belə bir şey arzuladığını heç vaxt eşitməmişəm. Lütfi Zadənin həyat yoldaşı 5-6 ay bundan öncə dünyasını dəyişib. O, xanımını çox sevirdi və inanmıram ki, həyat yoldaşından uzaqda dəfn edilmək istəsin”.
Qeyd edək ki, dünən mətbuatda dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılmışdı. Məlumata görə, alim ölümündən sonra Azərbaycanda dəfn edilməsini vəsiyyət edib.
VOİCEPRESS.AZ