Prezident İlham Əliyevin Balakən və Zaqatala rayonlarına səfəri

3 Avqust, 14:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gəlib.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verdi. Bildirildi ki, parkda geniş abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb.

13:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD” layihəsinin xüsusi yeri var. “ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. “ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya “ABAD” tərəfindən həyata keçirilir. “ABAD” ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, “vahid pəncərə” prinsipindən istifadə edərək ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər. “ABAD” əl işlərinin satışını öz İncəsənət mərkəzlərində təşkil edir. Bu ilin martında İçərişəhərdə “ABAD”ın ilk İncəsənət Mərkəzi açılıb. İyunda isə ikinci İncəsənət Mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Balakəndə “ABAD Mərkəz”in yaradılması da olduqca önəmlidir.

Bildirildi ki, ötən ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD mərkəz”lərin fəaliyyət sahələrində Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq çərçivəsində Balakən rayonunun “ABAD” layihəsi 2-ci pilot layihə olaraq müəyyən edilib. SOCAR-ın dəstəyi ilə 12 ailəyə 9 meyvə, 2 süd və 1 ət emalı üçün xüsusi istehsal avadanlığı ilə təchiz edilmiş konteynerlər təhvil verilib.

Prezident İlham Əliyev “ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxdı.

Balakən rayonundan əl işləri hazırlayan dörd sənətkar “ABAD” layihəsinin iştirakçısıdır. Ümumilikdə, Balakənin və qonşu rayonların potensialını, layihəyə olan marağı, bu səbəbdən də artan iş həcmini nəzərə alaraq, Balakəndə regional “ABAD Mərkəz”in təsis edilməsi məqsədəuyğun hesab olunub. Burada layihə çərçivəsində 280 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa edilib. Binadakı iş otaqları zəruri avadanlıqla təchiz olunub. Burada, həmçinin təqdimat və görüş zalları, laboratoriya da fəaliyyət göstərəcək. Binada ümumi sahəsi 640 kvadratmetrdən çox olan müxtəlif temperaturlu anbar kompleksi də yaradılıb.

“ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Xanım Zurnayeva və Məhəmməd Bazarov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.


12:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa edilib. İki hərəkət zolaqlı yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti işləri zamanı yolboyu zəruri olan yerlərdə yararsız qrunt təbəqəsi qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək bərkitmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Daha sonra yolun 150 min kvadratmetr sahəsinə ikiqat asfalt-beton örtük döşənib. Layihə çərçivəsində yol boyunca 14 suötürücü boru və uzunluğu 18, eni isə 7 metr olan körpü tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

Diqqətə çatdırıldı ki, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

12:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində onlarla kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmədən istehlakçıları elektrik enerjisi ilə təmin edir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.

Qeyd edildi ki, bu layihə olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.

Dövlətimizin başçısı Balakən Su Elektrik Stansiyasını işə saldı.

Azərbaycan Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan 12 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 18 meqavat olan beş stansiyanın inşası davam etdirilir.

Stansiyanın tikintisində 100 nəfər çalışıb. Ərazidə geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları salınıb.

***
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı muzeylə tanış oldu. Məlumat verildi ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir. Binada zallar və konfrans otağı yaradılıb. Ekspozisiya zalında maraqlı eksponatlar sərgilənir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin, tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin, pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur.

Bu cür layihələrin həyata keçirilməsi, həmçinin milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin atributlarından biri olan üçrəngli, ay-ulduzlu bayrağımızla hər bir azərbaycanlı fəxr edir. Xalqımız həmişə bu bayrağa böyük sevgi, dərin ehtiramla yanaşıb. Hər bir azərbaycanlı dövlət bayrağını özünün milli qürur mənbəyi hesab edir.

Üçrəngli bayrağımız ötən əsrin sonlarında yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrildi. Bu məsələdə ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Bu tarixi iş Ümummilli Liderin dahiyanə ideyalarından biri idi. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldı. Bu, dünya şöhrətli siyasi xadimin Azərbaycan dövlətçiliyi və xalqımız üçün gördüyü tarixi əhəmiyyətli işlərdən biri idi. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında və mötəbər məclislərində qürurla dalğalanır. Vətənə və dövlətin atributlarına hörmət və ehtiram Ulu Öndərin bizə ən böyük əmanətidir.

Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bu gün paytaxtla yanaşı, respublikanın bölgələrində də Dövlət Bayrağı meydanlarının və muzeylərinin inşası dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin nəticəsidir. Balakən rayonunda inşa edilən Bayraq Muzeyi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here