Bəzən yaşadığın uşaqlıq xatirələri sənin həyatında elə izlər buraxır ki, sən özünü dərk edirsən, xatirələrinlə, fikirlərinlə, duyğularınla…
Uşaqlığımın bir hissəsinin keçdiyi Ordubaddan yazıram bu gün… Mərhum ümumimilli lider H.Əliyevin Azərbaycanın incisi, ərəb səyyahlarınınsa Təbrizin gül bağçası söylədiyi yerdir Ordubad…
Heyhat ki, uşaqlıq illərimdən həyata təzəcə boylanıb baxacağım bir anda ayrıldım Ordubaddan…
Qəlbi təmiz insanların ziyalıların və ən əsası isə insanlığın ocağıdır Ordubad…
O küçə ki, “Ab” –su, “aras”- təmiz hava mənasını verən o qədim ocağıdır Ordubadın…
O yer ki, hətta Qizilbaş türklərinin qurduğu Azərbaycan Səfəvilər İmperiyasının hökmdarı Şah Abbasın Ordubada səfərində diqqətini cəlb edən və elan etdiyi türk ocağı insanlığın behişti, alimlərin, üləmaların məhləsidir…Ziyalılığın,tərbiyənin ən əsası isə mənəviyyatın behiştidir…
Harda ziyalılıq,harda elm sözü, harda gülərüzlülük, sadəlik varsa,orda vicdan vardır. Vicdan varsa, demək insanlıq da vardır, yaşayıb yaratmaq, həyatdan ilham almaq məhəbbəti vardır…
Yuxarı dağların qoynunda yerləşən hissəsinə Yuxarı Ambaras deyərlər,bir az aşağı seyrələn hissəsi aşağı Ambarasdır…
Yaşı minilliklərlə ölçülən qədim çinar ağacları, meyvə bağları, camiləri,Mir Çəməndər dərəsi, Kürə Başı , əsrlərlə ölçülən qədim evləri, Dübəndi çayının zümzüməsi üstündə yerləşən qədim körpülər,dağları –özünəməxsus gözəlliyi ilə xəyalımda silinməz izlər buraxmışdır Ambaras… Hər dəfə o küçədən keçəndə o yerlərdən ötəndə uşaqlıq xatirələrim, Fizzə nənənin ağır neft qəfədanını aparanda kömək etməyim, yolda gələrkən nəsihətləri hələ də qulaqlarımda səslənir- ordan keçəndə…
Hopan dağına çıxıb axır çərşənbədə tonqal qalamağımız, otaydan görünən dərdlərimizin gözyaşı olan Araz çayı , ondan irəlidə özünəməxsus yaşıllığı ilə bizi valeh edən bizim Cənubi Azərbaycan insana el adətimizlə Vətən sevgisini aşılayırdı Ordubadda…
Aşağı Ambarasdan baxdıqda görünən Papaqlı dağ Mir Çəməndər dərəsinə sarı gözəl bir mənzərə yaradırdı…
Ambarasın uzaqlığında boylanan Qərbi Azərbaycanımızın,Mehri şəhəri ilə bizi ayıran Bəlkə dağı vüqarla xüsusi gözəllik aşılayırdı…Oğuz elimin təbiəti ruhu qidalandırıdı Ordubadda… Öz qüdrəti, hünəriylə, sevgisiylə dünyanın qlobal problemlərindən uzaq bir yer, sonradan böyüdükdə bir türk müğənnisinin oxuduğu “biz böyüdükdə kirləndi dünya ,telli-telli telli durnam” sözləriylə razilaşacağım yer olacaqdı həyatımda, amma hər dəfə Ambarasa gedəndə o hissi unudacağım uşaqlığıma səfər edəcəyim və etməkdənsə peşmanlıq hissi duymayacağım ,küçəsində,döngəsində fəxr hissi duyacağım və orda qalmış xəyallarımı canlandıracağım pir olacaqdı mənim üçün…
Elə mənim üçün belə gözəl yer həyata yaşamaq eşqi verirdi Ordubadda…
Cənubi Azərbaycandan görünən başı qarlı Kəmki dağı Ambarasın gözəlliyinə rəng qatırdı.Uşaqlıq xəyyalarımız sevinci idi Ambaras…Hopandan baxdıqda görünən evlər ,bağlaar,sakitlik bir sözlə hüzuru aşılayırdı insana.Elə budur uşaqlığımın Ordubadında qələmə aldığım şeirdən bir hissə yadıma düşür:
Kəmki dağını görürdüm soldan,
Bəlkə dağını görürdüm sağdan,
Dübəndi əlini salıb qoynuna,
Axır aram-aram öz nəfəsiylə…
Qıratın nalının izidir bura,
Sözün bitdiyi məkandır bura,
Qaçaq Nəbinin yurdudur bura,
Ambaras meydanı hünər meydanı
Qurbanı olduğum qüdrət meydanı…
Nənəmin öyüdləri, nənəmin dayısı qızının söz boxçasını, öyüdünü öyrəndiyim əslində həyatımın sınaqlarının bir hissəsinə hazırlandığım ocağımmış Ambaras…
Uşaqlığımda şahidi olduğum amma kiçik yaşımda anlamadığım ;sevgisinə yanan oğlanın el adətiylə Mir Çəməndər dərəsininin ətəyində çaldığı tarın telindən qopan, ağlayaraq oxuduğu “saçın uzun hörməzlər,gülü sulu dərməzlər sarı gəlin” səsinin naləsinə Mir Çəməndər səmalarında uçan göyərçinlərin, gəldiyi yer, xalq mahnısının sözlərində deyildiyi kimi “özündə bitən nərgizlərinin saçin yolduğu,obasında bitən bənövşəsi ilə boynunu bükdüyü, bağçalarında bitən nadir qızılgüllərinin bitdiyi yerdir Ordubad…Yəni kiminə görə isə sözün bitdiyi, kiminə görəysə, sözün başlandığı ocaq və hələdə ocağın tüstüsüdür Ordubad…
Şəhriyarın ata ocağı Təbrizinə söylədiyi “uşaqlığa desəm bizə gəlsən bir” sevdasını uşaq olanda anlamırıdım.Zaman keçdikdə isə anladığın ocağının tüstüsünün qaldığını görür, səni öz mənliyi ilə sən edən ağuşuna alıb böyüdən və sonra isə sərçə kimi,qartal kimi, qanadların olduqca uçmağa yola salan yer…Kiçik yaşlarımdan ayrılığına üzüldüyüm , xatiratımdır Ordubad…
Uşaqlığa səfərbərlik…
Bir gün uşaqlığını xatırladıqda, o yerin sənin həyatında silinməz izlər buraxdığını görür və sevinirsən.Sevincinin həddi-hüdudu olmur və sən cəmiyyətə boylandıqda,səni sən edən xatiratın olduğunu ətrafına düşdüyün cəmiyyətdə böyüyürsən.Elə də olur ki,Aristotel təbirincə desək,çiçəklənirsən…O düşdüyün cəmiyyətə həyatın hər peşəsinə yiyələnən adamlar olur və ən əsası isə onların əksəriyyəti insan olur…Bax elə mənə görə də həyat insan olmaqdan başlayır…Eləcə də mənim fikrimdə olan ziyalılar üçündə…Elə düzgünlüyün yalan danışmamağın sənin aldığın tərbiyənin göstərgəsi olur həyatında…
Uşaqlıqda məhləmizin rəhmətlik Qələmzər nənəsi vardı… Qatığı,nehrəsi,özünə məxsus təbəssümü ilə nəsihətləri Şəhriyar sözüylə desəm “bir sinema pərdəsidir gözümdə”.Təmiz qəlbli insanin qatığını, nehrəsini yeyib böyümüşük,nəsihətlərini özümüzə şüar etmişik həyatda…
Kimisi üçün sözün bitdiyi,kimisi üçünsə sözün başlandığı yerdir Ordubad…
Mənimsə həyatımın həm sözünün bitdiyi yer, həm də sözüm olanda sözümün canının başlandığı yerdir Ordubad…
Pilləkənlərlə yuxarı məhləyə çıxanda , “Oktan-8”(ağ benzin) kəşfi ilə dünyada tanınan, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti ,akademik , Heydər bəyin oğlu Yusif Məmmədəliyevin ev muzeyi, XX əsr Azərbaycan elminə öz sözünü deyən dəyərli qohumlarım professor İmran Mehdiyevi,Nizami Mehdiyevi,yetişdirən qədim Ambarasın hər bir gəncin həyatında aparıcı rol oynadığı kimi, mənim də həyatımda silinməz izlər buraxmışdır.Cəmiyyətdən hər peşə sahibinə yiyələnən bu ocaq ilk öncə ziyalı olmaqla yanaşı , tərbiyəni və insanlığı öyrədib bizə…O Yusif Məmmədəliyev ki, Ordubadda erməni soyqırımlarından Cənubi Azərbaycana ailəsi ilə mühacir köçən və daha sonra Ordubaddakı uşaqlığının Ambarasına dönəndə təsir edici şeir yazmışdı da :
Öksüz cocuqların inləməsindən,
Tasalı qızların yanıq səsindən
Ümidli gəncliyin son nəfəsindən,
Keçib gözəlliyi görməyə gəldim
Bağçadan dərdiyim pəmbə güllərdən
Qurtuluş çələngi hörməyə gəldim
Uzaq ölkələrdən dərdli ellərdən,
Keçib gözəlliyi görməyə gəldim…
Yaz aylarında uca dağlardan mənbəyini alan, Ordubadın Nüs-nüs(kəndin adı) dağlarından süzülüb gələn iki qola ayrıldığı üçün Dübəndi adlandırılan çayın Ambarasda keçərkən zümzüməsi, yay aylarında istidən damda ağcaqanaddan qorunmaq üçün tənzifdən “milçəkdan”-da yatardılar Ambarasda…O Dübəndi çayı ki, müğənnini elə valeh etmişdi ki, “Dübəndinin zümzüməsi ,kaman səsi ney səsi…” oxuyurdu, ilk dəfə əlyazmaların oxuduğum Azərbaycan Yazıçılar Birliyinin üzvü Əkbər Məftunu isə belə valeh etmişdi Dübəndi çayı :
Dübəndi çayının cəlalına bax!
Körpülər titrəyir məğrur səsindən,
Kükrəyən at kimi şahə qalxaraq
Susmaq da bilməyir öz nərəsindən…
Söyüdlər dibinə baş alıb gedir…
Nənəmin dayqızısı Məlahət xanım Bakıdan gələndə sevinə-sevinə qaçıb görüşərdik. Biz dilaçandan ona dayqızı deyərdik. Çünki, evdə onu elə çağırırdılar. Bizdə bu aramı pozmamış onu dayqızı deyə səsləyərdik. Mən onunla bağda qalardım.Dayqızımın söhbətləri maraqlı gələrdi mənə…
Elə o illərdən mən bədii ədəbiyyatı,elmi əsərləri çox oxuyardım. Çünki, böyüdüyün mühitin sənin həyatında əsas rolu olur.O zamanlar latın əlifbasına keçsəkdə, o qrafikada kitab tapmaq çətin idi.Dayqızım da hər zaman mənə köhnə kiril əlifabasıyla kitablar tapardı. Oxuduqca o aqil insanla anlamadığım yerlərini analiz edərdim.Soruşardım, taki aldığım cavab neyronlarımı qane edənə qədər…
Bir gün yenə dayqızım kril əlifbasıyla kitab tapmışdı mənə…Adı “Qılınc və Qələm” idi.İlk dəfə idi ki, dayqızımın sayəsində mən ilk tarixi romanımızı oxuya-oxuya M.S.Ordubadi yaradıcılığına səfər edirdim.Səfər etməyimin də böyük sevincini yaşayırdım.Dayqızımgilin bağçasında hovuzdan axan suyun şırıltısı, əyləşdiyim stulun üstündəki üzüm çardağınının üstündəki kişmişi üzümləri qidalanmağa can atan arıların qanadlarının tərpənişindən qopan səs, yaxınlıqdakı Ambaras meydanında yaşı əsrləri ötən yoğun gövdəli uca ,amma qoca çinarın yüksəkliklərində özünə yuva quran haqq quşunun arabir “haqq” deyərək ciyilti çıxarması romanı oxuyan məni Naxçıvan torpağımın paytaxtı olmuş 12-ci əsrin Atabəylərinə aparırdı…Müsbət və mənfi obrazların canlandığı, xeyirlərlə şərlərin mübarizəsinə, mübarizənin sonlarına yavaş-yavaş aparırdı…
Saray çəkişmələrinə…Çəkişmələrin fəsadlarına…Obrazlara,insan olmaqla, insan olmamaq arasındakı fərqə…Humanistliyə…Anlamadığım hissələr də olurdu ilk oxuyanda.Özünü ağappaq sudan duru göstərən Qətibəni başa düşmürdüm…Yaşanan tarixi yazmışdı M.S.Ordubadi…Atabəylər imperiyasını …O imperiyanı ki, doğma Naxçıvanım o imperiyanın paytaxtı idi.Şərqin tarixi imperiyası məhz elə Ordubadi yaradıcılığından yan keçə bilməzdi!
İsmətli Azərbaycan Atabəylərinin qızı Rənanı, sarayın qibtə etdiyi ,onu Gəncədən saraya gətirmək istəyən hökmdara “yox” deyən daha sonra isə alternativ variant kimi seçilən Əbül Üla Gəncəvinin məni saray xalata layiq gördü səni isə görmədi deməsinə kimi üçün milliyətçi,kimisi üçün insanlıq simvolu, ən əsası isə şeirlərində Allah adının ucalığına xeyrinə inanan, təmiz sevginin şairi,İlyasın “mənim başım salxım söyüd ağacı deyildir ki, başımı küləklərin ixtiyarına verim,külək hara əsdi məndə ora əsim”.Həqiqətən də adını tarixə yazırdı İlyas!…
İlyas adlı bu gənc real həyatda isə padişahın hədiyyə olaraq qul kimi ona göndərdiyi Afaqa o qədər qiymət verdi ; ona qul gözü ilə baxmadı, onu özünə ömür gün yoldaşı etdi…Yenə oxuduğum bu gözəl, maraqlı romanda insanlıqla –var-dövlət yığmaq mübarizəsi gedir Atabəylərdə…Rəna İlyası seçir, varlılıq onun üçün heç nədir.Adını tarixə yazan İlyası…Budur səhifələr oxuduqca vərəqlənir, o İlyasın tanınmış Azərbaycan şairi Nizami Gəncəvi olduğunu görürəm…
Qətibə Atabəylər sarayını məhv edir…Bir aktrisa kimi cilddən-cildə girərək…Onda mən romanı yarımçıq saxlayıram öz üsulumla səhifələri payız yarpağı tək solan özünəməxsus arxiv qoxulu kitabın səhifəsini qartlayıb, kitabı bükürəm.Çünki, uşaq ağlımda suallar yaranır.Həyatda Qətibələri necə tanımaq olar -deyə…Dayqızım yenə mənə baxır.Çünki, bilir ki yenə beynimdə sual yaranıb.Özünün ifadəsiylə desək uşaq ağlımda, həyatda maskası ilə makyajlarının olduğu 33 cildli insanları görmədiyim uşaq ağlımda…Yaşananların hələ də nə demək olduğunu hələ yaşamadığım və bunun üçün anlamadığım o zamanki uşaq ağlım…Gələcəkdə isə qarşıma çıxacaqları zamansa onlarla təmasdan çəkinəcəyim bir dərsin öyküsünə çevriləcəkdi ağlım!…
Qətibənin niyə görə belə etdiyini soruşuram cavab verir ki, vicdan məsələsidir.O vicdanın itirib.-Qətibənin vicdanını itirməsinin səbəbini soruşurdum,daha sonra real həyatda kənardan müşahidə edəcəyim Qətibələri müşahidə etmək üçün…
Mən: – Vicdan nədir?
O: – Qətibələrdə olmayan bir hiss…Tələsmə, gələcəkdə onları görəcəksən.
Üzülməyəcəksən! Xatırlayacaqsan ki, onları romanlarda gördün.Sonları heç də yaxşı olmur!
Mən:- Yenə də anlamadım.Sual verdim ki, gələcədə görəcəyim kimlərdi onlar və onları necə ayırd edəcəyəm?
O:-Səbrlə,təmkinlə.Gözlə!- deyib,köhnə bir ələk gətirdi.
Dayqızım xətrimi çox istəyərdi, uşaqlığlm ancaq onunla keçərdi,məndə onun xətrini çox istəyərdim.Çünki, mən həyat karvanında öyrənməkdən yorulmayan insan, o isə həyati təcrübələrini öyrətməkdən yorulmayan müəllim.Elə bir müəllimdi ki, həyata tamam cizgilərlə yanaşan,mən də o fərqli cizgiləri öyrənmək istəyən yolçu idim…
Bu dəfəki məsələ tamam başqa məsələ idi.Kitabdan oxuduğum vicdan,insanlıq və vicdansızlıq,insanlığın olmamasını gələcək həyatımda ayırd etməyi öyrədəcəkdi mənə…Gələcəyim üçün deyirdi o…Bəlkə də, öyrətdiyi nəsihətlərin içərisində elə bir nəsihət idi ki,ən güclüsü idi ki, mən onu sonradan “həyat formulası” adlandıracaqdım…
Ordubadda o vaxtlar hamı evdə çörək bişirərdi.Çünki, qaz yox idi… Dayqızı əlində ələk və bir kisə un gətirirdi…Söhbətə qaldığı yerdən davam etdi;
-Insanlar torpaqdan yarandılar.Torpaq bizi yetişdirdi.Biz həyata gəldik, sümbül böyüdü o da bizim kimi boy atdı sonda üyüdüldü un halına gəldi.Torpağın bu məhsulu bərəkətə çeviriləcək.Vicdan da elədir.İnsanları bu una bənzətsək kimin kim olduğunu ayırd edə bilməyəcəyik.Görürsən bu un zərrələri (dayqızım dənələri deyərdi) ağappaq görünür.Gör necə də təmizdilər.İnsanlarda təmizdi.Hərçənd ki, ələnənə qədər.Görək sən ələk ələyəndən sonra ələk imtahanından kimlər keçəcək.-deyərək unu ələdi.
Padnosun üzərində ələkdən tökülən un zərrələri görünürdü.Sonda isə ələyə ilişib qalan, Ordubad ləhcəsiylə desəm ,qara-qura buğda,arpa çöpləri,qırıntıları və daşcıqlar qalmışdı.Dayqızım ələyi əlinə götürərək söhbətə başladı:
-Bu həyat qəribəliklərlə doludur.Sən vicdani və insanlığı ölçən ələk olacaqsan.Ağappaq un tərtəmiz görünürdü sona nələr qaldı.Vicdanlılar və insanlığı olanlar ələkdən keçdi və daş və arpa-buğda qırıntıları ilk ağappaq un parçalarında gizlənsələrdə vicdanlılar səbrlə ələk imtahanından üzü ağ çıxdı.Bax, çevrəndə insanlar çox olacaq gələcəkdə.Bu balacay Ordubad olmayacaq həyat!.Sən daim ələyəcəksən.Ələdikdənm sonra vicdanı ,insanlığı olmayanlar qalacaq ələkdə…Bu ələkdə kimi xəbis,kimi xəsis, kimi insanlığınıə itirənlər olacaq hətta bu ələk misalın çəkdiktə belə başa düşə bilmməyən ələkdə qalanlar da şübhəsiz olacaq.Bu misalla səbri öyrədirəm.O səbri ki, İlyasın səbrini…Ələkdən keçənlərdə bolluq olacaq,bərəkət olacaq.Çünki onlar əllərin vicdanına qoyub yaradana şükr edənlərdir.Ələkdə qalanlar isə insanlığının yoxolma dərəcəsində olduğunun belə fərqinə varmayanlardır…
Mən yenə ələkdə qalanları soruşurdum ondan,o isə əlini atıb onları zərif əllərinə toplayıb yanımızdakı hovuzun kənarına qoydu.Biz ikimizdə o mənzərəni seyr edirdik.Ambarasın sərçələri oraya sarı gedib onları yedi.Bununlar aqil insan mənə dedi,ki ələkdən keçmədiklərinə görə biz insanlar onları yeyə bilmirik, amma təbiətin möcüzəsi baş verir,gücü və kütləsi zəif olan sərçələrsə onları yemə iqtidarına sahib olur.Son nəsihətləri o oldu ki mənə ələkdən az adam keçə bilər, amma əsası odur ki, keçənlər bir köşəyə,keçməyənlər bir köşəyə…
Rəhmətlik dayqızı bununla mənə vicdanı, vicdanlılığı və insanlığı öyrətdi.Vicdansızlardansa uzaq durmağı və onları ələklə ələməklə ətrafıma almağı (təbii ki sonra keçənləri) öyrətdi.Əsgərlikdə olanda eşitdim ki, dayqızım rəhmətə gedib çox pis oldum.Çünki, həyatın formulasını öyrədən insan oldu mənim üçün…
Ətrafımda vicdanlılar varsa demək sən özün elə insansan.Necə ki, o kitabda Nizami xalatdan imtina edir.Şər Qətibələr qazanırsa , səbrlə ələkdən keçir və sonra zamanı çatanda dərsini alır necə ki, aqibətini görür…Əgər ətrafinda yalan-palan hiylə dolanırsa demək vicdanin təmiz deyil.Ağ kağız parçasına bənzətsən insanlığı ,vicdanı olmayanlarda kirlənmiştir…
Qətibənin sonunu soruşurdum ondan.Dedi ki, oxu görəcəksən, hələ həyatda da müşahidə edəcəksən.Sonunuda gördüm Qətibənin də,sonlarııda maraqlıdır Qətibələrində…Sadəcə ələkdən keçir və keçmir insanlar,dalğalanan dənizin dalğalarına da güvənənlər unutmurdu ki o dalğanı da idarə edən ruzigar idi.Ruzigar olmadıqda dalğa hec nə idi…“Qılınc və Qələmdə” Qətibələrin halını gördükdə ələməyən iki qardaş sonradan qocalanda bir-biri ilə görüşürlər.Bir-birini tanımırlar.Çünki ələklə ələməmişdilər.Vicdanı və insanlığı öyrənməkləri üçün gec qalmışdı-deyərdi dayqızım.
Bu gün dayqızımın ələyi ilə əliyirəm.İnsanlığı ölçürəm.Məncə çox gözəl də olur.Maskasındakı bir yana makyajını santimetrlik edən “insanlar” bu ələkdən keçmir.Elə yarı yoldaca qalırlar.Çünki, özüm olsaydım hardasa bir xatirə, bir iz bəlkədə mənə imkan verməzdi bunu edim.Çünki, vicdanım var bəzilərində olmasa da…Məsələnin ən önəmlisi isə ələk mənim ələyim deyil.Ələk elə rəhmətlik dayqızımın ələyidi.Namaz qılan, dua edən, dayqızımın…Ona da miras qalıb və Ambarasdan…O Ambaras ki, Ordubadımın behişti ,o behiştki Naxçıvanımın cənnəti, o cənnət ki, Azərbaycanımın ucalığı, o ucalıq ki mənim məğrur Vətənim, mənim insanlığım və vicdanım…
PS: Kimsə vicdanını itirə bilər.Vicdansızlıq edər, yalan danışar,vəd verər vədinə əməl etməz ,amma unutma dost!Sən nə qədər onları görsəndə o yolla getmə !Əsası odur ki, dayqızımın ələyini örnək götürəsən.Qoy o ələk ibrət olsun, insanlığa, vicdana və bəşəriyyətə…Pislik edənə də yaxşılıq etmək sənin əsalətini göstərər.Birdə çalış ki ələkdə qalmayasan, özü də uşaqlığımdan tərbiyə mirasım olan dayqızımın ələyində…
“Dostlarını tanı” deyən bir dosta iltfah olunur…
Elçin Süleymanov
VOİCEPRESS.AZ