Millət vəkili: “Bir qadın, bir nənə, bir insan bunu edə bilməz!”

3 Avqust, 23:32

6 günlük Mələyin qətli ilə bağlı bir az əvvəl yayılmış son məlumatı dəhşət içərisində oxudum. Bir Qadın, bir Nənə, bir İnsan bunu edə bilməz! Bunu edən insan cildindəki “vəhşi” dir. Şokdayam.

VOİCEPRESS xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Lənkəran rayonunda 6 günlük körpənin qız uşağı olduğu üçün öldürülməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, bizim ölkədə, bizim millətimiz arasında belə ailənin olmasından insan utanır: “Birinci övlad qız olub deyə ananı ailə üzvləri 4 dəfə aborta məcbur ediblər. Mələk 5-ci olmalıymış amma qədər imkan vermək istəməyib bu ədalətsizliyə. Onu da doğulandan 6 gün sonra qətlə yetirib “Nənə”. Bir insan bu qədər qəddar, acımasız necə ola bilər… 6 günlük körpəni əzabla öldürmək… Ən ağır cəzanı almalıdır. Ən ağır. Kimsə “sən qadınsan o qadına bir az da olsa acımalısan” deyə düşünərsə yanılır. Çünki 6 günlük körpəni qəddarlıqla öldürən Qadın ola bilməz! O qadınlıq adına bir ləkədir, utancdır və layiq olduğu cəzanı almalıdır ki bu cür şeytan ruhuna sahib olanlara da dərs olsun. Amma məsələ sadəcə bununla bitmir. Bəs qız övladına qarşı bu qədər qəddar bir düşüncəyə sahib bu ailənin sizcə düşüncəsi bu dəhşətli hadisədən sonra dəyişəcəkmi? Açığı inanmıram. Bir qadını 4-5 dəfə bir-birinin arxasınca bətnindəki qızdır deyə aborta (bu qədər abortun ana orqanizmi üçün nə qədər zərər olduğunu düşünmədən, bunun nəticəsində həyatını itirə biləcəyinı vecinə almadan)məcbir edən zehniyyətin bundan sonra dəyişəcəyinə o qədər də inanmıram. Nə yeyir, nə içir, hansı dünyada yaşayır bu insanlar ki qız övladına qarşı bu qədər amansızdırlar anlamıram… Nədər? Nədən axı… Nə edib sizə bu qızlar. Ən gərgin, kədərli, xəstə anınızda oğul övladdan da öncə gəlib dərdinizi bölməsi, hər əziyyətinizə qatlanmasıdırmı günahları…
Televiziyalarımızda soulara deyil maarifləndirmə proqramlarının artamasına ehtiyac var. Bu düşüncələri dəyişə bilmək, bu düşüncəyə düşənlərin xətalarını anlamasına vəsilə olan, gənc nəsilləri daha doğru fikir, düşüncə, yanaşmaya səsləyən proqramların artması lazımdır. Hər dəfə deyirik amma təsiri təssüf ki azdır. Hamımız, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, hər rayonda yerli qurumlar, millət vəkilləri, QHT və KİV birlikdə bu cür düşüncələrə qarşı, onları artmaması üçün daha da ciddi mübarizə aparmalıyıq.
Mələk balamıza Allahdan rəhmət diləyirik. Bir qızımızı da qoruya bilmədik. Bizi bağışla mələk. Sənin çığlıkların qız övladına ikinci sinif insan kimi baxan zehniyyətlərin qəlbinə bir az da olsa təsir edə biləcəkmi deyə bilmərəm… Amma yeni Mələklərin sənin taleyini yaşamaması üçün cəmiyyət olaraq daha da çox çalışacağımıza bir az da olsa ümid edirəm. Mələyin anasına nə ilə təsəlli vermək olar bilmirəm… Onun acısını həe yerdən hiss edə bilərik. Və gələcəkdə bu acını yaşayan qızlarımızın olmamasını istəyiriksə o gün bu gündür. Hər kəs özündən, ətrafından başlamalıdır mübarizəyə. Qız və ya oğlan fərqi yoxdur. Övlad övladdır. Onun sadəcə yaxşısı, pisi var”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here