Dünən Şimali Koreyanın paytaxtı Pxenyandakı Kim İr Sen meydanında keçirilən mitinqdə ölkəni idarə edən Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Ni Nam belə deyib.
VOİCEPRESS Daily Mail-ə istinadən bildirir ki, 1,2 milyon koreyalının iştirak etdiyi bu mitinq Şimali Koreya Xalq-Demokratik Respublikasının ABŞ-a cavabı da sayıla bilərdi.
Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampın hədələrini “təlxəlik və sarsaqlıq” adlandırıb.
Bu arada bəlli olub ki, ABŞ-ın Müdafiə Nazirliyi Şimali Koreyanın raket və nüvə obyektlərinə qabaqlayıcı zərbələr planı hazırlayıb.
NBC News-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp müvafiq əmr verəndən sonra plan reallaşdırılacaq.
Hədəfdə Şimali Koreyadakı 23 raket hissəsi, sınaq poliqonları və hərbi obyektlər var.
Raket-bomba zərbələri ABŞ-ın Hərbi-Hava Qüvvələrinin Sakit Okeandakı Quam adasında yerləşən Andersen aviabazasından səmaya qalxacaq V-1B Lancer ağır bombardmançı təyyarələri ilə endirilə bilər.
2 B-1 təyyarəsi mayın sonlarından bəri 11 təlimə qatılıb.
Hücum əmri verilərsə, həmin bombardmançı təyyarələr peyklər və pilotsuz uçan aparatlar, qırıcılar, yanacaq və radioelektron mübarizə təyyarələri ilə dəstəklənəcək.
Şimali Koreyadan 3200 km aralıdakı Quam adasında hazırda 6 V-1B Lancer ağır bombardmançı təyyarə var.
Rəsmi Pxenyan isə bəyan edib ki, ABŞ belə plana əl atmaq niyyətinə düşərsə, Şimali Koreyanın Xalq Ordusu Quam adasına preventik zərbə endirəcək. Adaya 4 “Hvason-12” ballistik raketinin buraxılması nəzərdə tutulub.
BMT-nin Təhlükəsizlik Şurasında avqustun 5-də qəbul edilmiş qətnamə Şimali Koreyaya qarşı sanksiyaları daha da sərtləşdirib. Sənəd Şimali Koreyadan daş kömür, dəmir, qurğuşun və dəniz məhsullarını satın almağı, bu ölkə ilə maliyyə-ticari əməliyyatlar keçirməsi, Şimali Koreya vətəndaşlarını işə götürməyi yasaqlayır. Şimali Koreyanın Xarici Ticarət Bankının hesabları dondurulub.
ABŞ Hərbi-Hava Qüvvələrinin komandanlığı isə bəyan edib ki, Cənubi Dakotadakı “Ellsuort” aviabazasından Quama köçürülmüş 37-ci ekspedisiya bombardmançı eskadrilyası istənilən an Şimali Koreya ilə döyüşə girməyə hazırdır.
VOİCEPRESS.AZ