Jurnalistlər üçün ən yaxşı məqalə müsabiqəsi elan edildi

4 Avqust, 13:40

Neftin qiymətlərinin aşağı düşməsi fonunda yaranmış maliyyə böhranı, Azərbaycanda milli valyutanın devalvasiyası, inflyasiyanın artması cəmiyyətində bir sıra neqativ tendensiyaları üzə çıxarıb. İşsizlik, gəlirlərin azalması, əhalinin müəyyən təbəqəsinin borc içində olması və s. sosial-psixoloji vəziyyəti gərginləşdirib. Əhalinin xüsusilə aztəminatlı və risq qruplarında təmsil olunan təbəqəsi ölkədə gedən prosesləri çətin keçirir. Bu vəziyyətdən necə çıxacaqlarını bilmir, onların gələcəyə olan ümid və inamları sarsılır. Nəticədə cəmiyyətdə bir sıra neqativ halların, eləcə də sosial bəla olan intiharların sayının durmadan artmasının şahidi oluruq.
Bu problemlərin həllinə dəstək məqsədilə “Qadın Liderliyi Uğrunda” İB QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirir.

VOİCEPRESS-in məlumatına görə, İB bu layihə çərçivəsində “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsini elan edir.

Müsabiqənin şərtləri:
– Məqalələr maksimum 10 min işarə olmalıdır;
– Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan və ya rus dilində ola bilər (məqalənin xarici dildə olması üstünlük sayılmayacaq);
– Müsabiqədə yalnız müvafiq KİV-də (qəzetlər, jurnallar, agentliklər və on-line saytlar) işləyən və ya onlarla mütəmadi əməkdaşlıq edən jurnalistlər iştirak edə bilərlər;
– Hər bir iştirakçı müsabiqədə yalnız bir məqalə ilə iştirak edə bilər;
– Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır;
– Məqalənin sonunda müəllifin adı və bu qeyd yazılmalıdır: “Məqalə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur”.
Layihə iştirakçılarının işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qiymətləndirmə meyarları:

– Məqalədə real hadisə və faktlara istinad edilməlidir;
– Problemin yaranma səbəblərinin təhlili və onun həllinə kömək edəcək mexanizmlər (təkliflər) təqdim olunmalıdır;
– Material mövzunu dolğun əhatə etməlidir;
– Araşdırma keyfiyyətli olmalıdır;
– Oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsi nəzərə alınmalıdır;
– Məqalə peşəkar səviyyədə yazılmalı və orijinal sərlövhə ilə diqqəti cəlb etməlidir;
– On-line məqalələrin mövzu ilə əlaqəsi olan şəxslərdən gətirilmiş sitatlarla, videosüjetlərlə zənginləşdirilməsi arzuolunandır və üstünlük kimi nəzərə alınacaq
– Məqalənin sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə təqdim olunması, maksimum çox oxucuya çatdırılması arzuolunandır.

Məqalədə tərəfsizliyin qorunması vacibdir. Zorakılığın, intiharların çıxış yolu olmadığı, problemlərdən azad olmaq üçün hansı yolların seçilməsinin daha düzgün olacağı əsaslandırılmalıdır.

Qaliblər 3 yer üzrə mükafatlandırılacaq:

1-ci yerin qalibi – 500 AZN;
2-ci yerin qalibi – 300 AZN;
3-cü yerin qalibi – 100 AZN.

Müsabiqə 5 avqust-5 oktyabr tarixlərini əhatə edir.

Müsabiqədə iştirak edən şəxslər məqalənin dərc olunmuş variantını (əgər qəzet və ya jurnalda dərc edilibsə, onun skanerdən keçirilmiş variantını və elektron variantını) və ya on-line variantının linkini öz şəxsiyyət vəsiqələrinin və press-kardlarının surətləri, əlaqə telefonları və e-mailləri, özləri haqqında qısa təqdimatla birlikdə leaderwoman@gmail.com və ulker2007@list.ru e-mail ünvanlarına göndərməli, məktubun mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır.

Müsabiqə ilə bağlı əlavə suallar olarsa, leaderwoman@gmail.com ünvanına və ya 050 337 80 71 nömrəsinə müraciət edə bilərsiz.
Məqalələr və müvafiq məlumatlar dərc olunduğu gündən etibarən 5 oktyabr 2017-ci il tarixinə qədər (həmin gün saat 00:00-dək də daxil olmaqla) göstərilən ünvana göndərilməlidir.

Müsabiqəyə göndərilmiş materiallar 5 mütəxəssisdən ibarət komissiyaya təqdim ediləcək. Onlar həmin məqalələri 10 ballıq qiymətləndirmə sistemi üzrə qiymətləndiriləcəklər. Ən çox bal toplamış məqalələr qalib elan ediləcək.
Qaliblərin adları 15 oktyabr 2017-ci il tarixində elan olunacaq. Onlara müvafiq mükafatlar və diplomlar təqdim ediləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here