VOİCEPRESS xəbər verir ki, Azərbaycan 2013-cü ilin fevral ayında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdür. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə çevrilib.
Qəbələdə keçiriləcək Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparacaq, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi edəcəklər.
Dünya Skaut Konfransı Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində baş tutacaq. Müzakirə olunacaq əsas mövzular skaut təşkilatlarının gələcək inkişafından, strategiya və fəaliyyətlərinin yaradılmasından, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarət olacaqdır.
Qeyd etmək lazımdır ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər olacaqdır.
Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.
Məlumat üçün
Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) fəal vətəndaşlara çevrilən, yaşadıqları cəmiyyətdə müsbət dəyişikliklər edən milyonlarla gənci bir araya gətirən dünyada aparıcı gənclər hərəkatından biridir. 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır. Azərbaycan Skautlar Assosiasiyası – ASA həmçinin Azərbaycan Respublikasının gənclər təşkilatlarının Milli assambleyasının üzvüdür və 20 avqust 2000-ci ildən etibarən ASA Dünya Skaut Hərəkatı Təşkilatına qoşulmuşdur. Təşkilat 1997-ci ilin 11 oktyabr tarixində təsis edilmiş və hazırda, təşkilatın Azərbaycanın 16 regionundan 1750-dən artıq üzvü vardır. Dünya Skaut Gənclər Forumu skautinqin gələcəyinə laqeyd olmayan 18-26 yaş arası gənc liderlər arasında iş, ünsiyyət və ideya mübadiləsi üçün platformadır. Dünya Skaut Konfransı Skaut hərəkatının “hesabat-seçki Assambleyası” adlanan ali idarəedici orqanıdır və burada Dünya Skaut Təşkilatının bütün iştirakçı ölkələri təmsil olunurlar.
VOİCEPRESS.AZ