Kərim Kərimov: “Heydər Əliyev ona görə, mənim ismim keçəndə deyirdi ki, Kərim başdan ayağa kimi talantdır….”
VOICEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun “Ziyalılarımızı sizdə tanıyın” rubrikasının növbəti ismi ilə fəxarət duyulacaq bir şəxsiyyətdir. O Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm və texnika xadimi, Beynəlxalq Şərq Akademiyasının və Avropa Elmlər Akademiyasının həqiqi üzvü, ARDNŞ “Geofizika və Mühəndis geologiyası” İB-nin baş direktoru, Azərbaycan Milli Geofizika Komitəsinin prezidenti, Amerika Kəşviyyatçı Geofiziklər Assosiasiyasının (SEG) Azərbaycan bölməsinin prezidenti, “Azərbaycan geofizika yenilikləri” jurnalının baş redaktoru, 600-ə yaxın elmi əsərin, ixtiraların, bir çox monoqrafiyanın müəllifidir. O 4000-dən artıq siyasi karikaturanın müəllifidir. O 1998-ci ildən başlayaraq bir neçə ölkədə ilin adamı, ilin ixtiraçısi və ilin alimi adını almışdır. O dövlət rəhbərliyi tərəfindən “Şöhrət” ordeninə layiq görülən, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən isə bu günə kimi bunca nailiyyətlərinə rəğmən akademik olmağına riza göstərilməyən proffessor Kərim Kərimovdur:
-Kərim müəllim, titul və qazandığınız nailiyyətləriniz saymaqla tükənmir, maşallah. Maraqlıdır, geniş diapazonlu fəaliyyət alanında Kərim Kərimov özü özlüyündə bu günə kimi nə edə bildim, sualına necə cavablayırsınız?
– Mənim 31 ixtiram var. Almaniyada, İngiltərədə, Amerikada 600-ə yaxın dərc olunmuş elmi əsərlərim var. Moskvada, Leninqratda əsərlərim dərc olunur. Mən rəssam olduğum üçün doğru qeyd etdiniz, əsərlərimin diapazonu da, çox geniş olub. Çalışmışam ki, ictimaiyyət əsərlərimi sayına görə deyil, faydalı olduğu üçün qiymətləndirsinlər. Hələ iki gün öncə 20-ci monoqrafiyam da, işıq üzü gördü.
-Monoqrafiyanızın adı nədir?
-Azərbaycanın neft-qaz problemləri, bu günü və gələcəyi.
-Olduqca aktual mövzudur. Bu gün Azərbaycan çox zəngin neft-qaz yataqlarına malikdir. Lakin bu gələcəkdə necə olacaq?
-Yer qabığı çox mürəkkəb quruluşa malikdir. Monoqrafiyanı da, bu mövzuda apardığım araşdırmalara əsasən yazmışam. Monoqrafiya iki cilddən ibarətdir. Yalnız birinci cildi 680 səhifədir. İkinci cild yalnız faktlar və cədvəllərdən ibarətdir. İkinci dünya müharibəsində dünyanı faşizmdən xilas edən ən böyük səbəb Azərbaycanın döyüşən gəncləri və nefti olub. Azərbaycanın nefti olmasaydı sovetin heç bir tankı, təyyarəsi işə yaramazdı. Hətta bütün dünya buna görə Azərbaycana borcludur, deyə bilərəm. Kitablarımda bu yöndə olan araşdırmalarımı faktlarla sübut etmişəm. Bu gün də, Azərbaycanın hələ aşkar olunmamış və olunmuş yalnız hələ istifadə edilməmiş neft-qaz yataqları var. Bundan sonra ən azı 40-50 il Azərbaycanı təmin edəcək neftə-qaza sahibik.Dünyada ən qalın, dərin çöküntülər Azərbaycanda yerləşir. Bunun qalınlığı “Cənubi Xəzər Meqa Çökəkliyində” sahəsində 25 km-ə qədər çatır. Mən bu günə kimi nə demişəm, nə yazmşamsa bütün məsuliyyətini daşıyıram. Çünki Geofizika İstehsalat Birliyinin rəhbəri olmuşam. Hər zaman çalışmışam ki, ətrafımda savadlı, düşünən beyinləri cəmləyim. Azərbaycan nefti və qazı haqqında jurnal dərc etdirmişəm. Jurnalın baş redaktoru isə özüm olmuşam. Bu haqda çox məqalələr yazmişam. Çünki geofizika elə bir elmdir ki, bunu mütləq inkişaf elətdirmək, araşdırmaq, gələcək nəsillərə ötürmək lazımdır. Ona görə də, neftimizin də, qazımızın da hələ bundan sonra 40-50 il tükənməyəcəyi möhürlü bir faktdır. Hətta iddia edə bilərəm ki, yeni obyektlər açılacağı da, istisna edilmir. Bir məqaləm var, hələ tam bitirməmişəm. Orada yeni neft yataqları, ocaqlar haqda yazmışam. Hətta ulu öndərimiz Heydər Əliyev sağlığında məni “Şöhrət” ordeni ilə təltif də etmişdi. O zaman xarici şirkətləein nümayəndələri prezidentə “sizdə Azərbaycanda neft və qazın tükənməzliyi ilə bağlı bu qədər əminlik nə dayanır?” sualını verirlər. Prezidentimiz isə cavabında: ” Gedin bu sualı Kərim Kərimovdan sorun”, demişdi. Hələ o zaman, yəni sovet dönəmində bir komitə fəaliyyət göstərirdi. O komitədə isə mən geofizik kimi çalışırdım.
– Heydər Əliyev dahi şəxsiyyət idi. Əsil ziyalı idi. O üzdən zəkası parlaq insanlara önəm verirdi. Arxa fonda çalışan, əmək verən pambıqçının zəhmətini belə qiymətləndirirdi. Sizin kimi Azərbaycanın geofizika sahəsinə əvəzsiz tövhəsi olan dünya şöhrətli bir alimimizin dahi şəxsiyyət tərəfindən “Şöhrət” ordeninə layiq görülməsi, əslində hər bir alimimizin, akademikimizin arzusu olsun gərək. Amma bu şərəf sizə aiddir. Bəs görəsən, bu günə kimi sizi niyə görə AMEA rəhbərliyi sizdən akademiklik dərəcəsini niyə əsirgəyir?
– Niyə əsirgədiyiklərini deyə bilmərəm. Amma bu yaxınlarda, etiraf edim ki, AMEA rəhbəri Akif Əlizadə məni yanına çağırtdırmışdı. Mən getməyərək, bir nv sonuncu dəfə akademiyada keçirən seçkilərə etirazımı bildirdim. Dedim ki, akademik adına uyğun görülən şəxslərin çağırışa müsbət cavab verməsi daha məqsədə uyğun olardı. Mən bunu heç önəmsəmirəm də, əslində. Düzdür, hardasa, insanın verdiyi zəhmətə qiymət verilməyəndə çox məyus oluruq. Amma nəzərə alanda, ki, mənim zəhmətimə, verdiyim əməyə Heydər Əliyev kimi şəxsiyyət zamanında lazimi qiyməti verməyi bacarıb, o zaman mən 80-i haqlayan yaşıma baxamayaraq, yenə də, yaşayıb-yaratmaq eşqi ilə yeni monoqrafiyalar, dərc edir, ixtiralara imza atır, dövlətimin elmi qazancına qazanc qatmaq istəyirəm…
-Kərim müəllim, maraqlıdır, AMEA-nın akademiki olmaq üçün hansı meyarlar və kriteriyalar əsas tutulur?
– Mən bildiyim qədəriylə, elmi əsərlərinin sayı, hazıradığı kadrların sayı, səviyyəsi,bu ölkəyə verdiyi töhvələr əsas tutulmalıdır. On yeddi ildir ki, Akademiyada müxbir işləyirəm. Mənim qədər elmi əsəri olan yoxdur. Bütün dünyada ilk dəfə zəlzələni qabaqcadan təyin edən cihazı ixtira edən mən olmuşam. Buna görə iki dəfə patent almışam. Mənim bu gün 31 patentim var. Dərc olunmuş əsərlərimin sayı 600-ə çatıb. İyirmi monoqrafiya müəllifiyəm. Bəs buna kim qiymət verməlidir?
-Sadəcə bütün nailiyyətlərini bir kənara qoysaq. Yalnız Sizin zəlzələlərin baş verməsinin qabaqcadan öyrənilməsinə dair yeni metodikanızı seysmologiya elmində yenilik kimi dəyərləndirilməsi və Azərbaycanın neft-qaz potensialı haqqında fundamental əsərinizin 8 dildə çap olunması akademiklik adını qazanmağınız üçün kifayət etməliydi əslində…
-Mən oturub, Akademiya mənə nə zaman akademiklik dərəcəsini verəcək, ya verməyəcək deyə, gözləmirəm. Heç gözləmədim də, bu günə qədər. Ona görə də, öz sahəm üzrə 19 elmlər namizədi və doktoru yetişdirmişəm. Mən Yusif Məmmədəliyev adına və Sülhü Müdafiə Komitəsinin mükafatlarını almışam, çoxsaylı təltiflərim var. Bunların içərisində Prezident Heydər Əliyevin fərmanı ilə layiq görüldüyüm, bir az əvvəl siz də, qeyd etdiyiniz, müstəqil Azərbaycanın “Şöhrət” ordenini ayrıca qeyd etmək istəyirəm. Bundan əlavə qeyd edim ki, Heydər Əliyev sağlığında hər zaman mənim fəaliyyətimi qiymətləndirib. Hələ Azərbaycanın dövlət müstəqilliyinin ilk vaxtlarında – 1992-ci ilin oktyabrında Dövlət Neft Şirkətinin tərkibində Baş Geofizika İdarəsi yarananda kollektivin ümumi etimadı ilə rəis vəzifəsinə təyin olunmuşdum. İdarə ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının tələbləri ilə bağlı 1994-cü ildə Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinə çevriləndə məni novator alim və bacarıqlı təşkilatçı kimi özünü doğrultduğuma görə bu məsul quruma baş direktor təyin etdilər.
-Səhv etmirəmsə, Kərim müəllim, məhz elə həmin qurum tərəfindən “Əsrin müqaviləsi” kimi önəmli müqavilənin əhatə etdiyi yataqların hüdudları və ehtiyyatları işlənib hazırlanmışdı…
-Bəli. doğrudur. Həmin qurum idi. Mən o zaman elmi-nəzəri cəhətdən yataqların neft ehtiyatı 8 milyard tondan, qazın həcmi isə 15 trilyon kubmetrdən az olmadığını sübut edə bilmişdim. Əslində məndən çox sorurlar ki, sən necə bu qədər arxayın danışırdın? Nəyə dayanaraq? Bu sualı verənlər anlamaq istəmirdilər ki, mən yalnız rəhbərlik etdiyi kollektivin proqnozlarına deyil, həm də uzun illərdən bəri apardığım elmi işlərin nəticələrinə arxalanırdım.
-Kərim müəllim, məni bir məsələ narahat edir. Xatırlatmağa gərək yoxdur ki, torpaqlarımız düşmən tapdağı altındadır. Dünya ictimaiyyətinin kəskin reaksiyasına baxmayaraq, bu gün də Dağlıq Qarabağ ərazisi ermənilər tərəfindən maddi və mənəvi baxımdan istismar edilir. Sizin hələ 2000-ci ilin əvvəllərində verdiyiniz müsahibələrin birində on ildən sonra Dağlıq Qarabağ ərazisindəki torpaqlardan neft çıxarmaq mümkün olacaq kimi ifadə işlətmisiniz.
-Bəli, demişəm.
-Sözümün canı odur ki, əgər həmən torpaqlarda 2-3 ildən sonra neft əldə etmək mümkün olacaqsa, o neftdən bu gün Azərbaycanın işğal edilmiş ərazilərində turizmi inkişaf etdirməklə məşqul olan arsız düşmənlərimiz, gün gəldiyində neftimizi də, mənimsəmiş və bizim təbii sərvətlərimizin qazandırdığı iqtisadi artıma əsasən bizimlə mübarizə aparması nə qədər doğru olardı? Bu sizcə bir təhlükə mənbəyi deyilmi?
-Mən elə hesab etmirəm. Çünki Ermənistan dağlıq və quraqlıq sahə olduğu üçün, onlar neft çıxarılması sahəsində kadr potensialından belə məhrumdurlar.
-Amma bunu əsas hesab etmək olmaz. Çünki bu gün Azərbaycanın işğal edilmiş torpaqlarında əfsuslar olsun ki, üçüncü dairələrə xidmət edən ölkələr tərəfində himayə edilərək turizm sektoru inkişaf etdirilir. Dünya ictimaiyyəti isə bu duruma hələ də, susur. Ertəsi gün həmin ərzilərin hansısa üçüncü bir dövlət tərəfindən himayə edilərək, neft çıxarmayacaqları ilə bağlı qarant vermək mümkündürmü?
-Bəli. Doğru vurğulayırsınız.
-Xahiş edirəm, bu əsasla bir alim və mütəxəssis kimi işğal altındakı ərazilərdəki neft yataqlarının mövcudluğu ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müzakirə üçün, geniş tərkibli bir məktub ünvanlayasınız. Bu çox önəmli bir məsələdir və hesab edirəm ki, parlamentarilərimiz və ölkə rəhbərliyi ehtimal verilən bu amillərin aradan qaldırırlması üçün əllərindən gələni əsirgəməyəcəklər.
-Mən dərhal bu məktubu hazırlayaram. Bəli, münaqişə zonası əslində tərəflərin istifadə etməsinə şərait yaratmamalıdır. Amma Ermənilər məkirli siyasətlərindən əl çəkmirlər. Bizim olanı almaqdan usanmırlar.
-Siz erməniləri öz əsrarəngiz və insanı düşünməyə vadar edən karikaturlarınızda çox gözəl təsvir edirsiniz. Onları siçan, qara və pis niyyətli həşəratlar, məğlub və yazzıq şəklində əks olunması diqqətlərdən qaçmayan məqamlardandır. Sizin karikaturalarınızın əsas mtivi xeyirin şər üzərindəki qələbəsidir. Geofizika, alimlik və rəssamlıq… Tamamilə fərqli sahələrdir. Amma hər üçünün xidmət etdiyi önəmli bir məqsəd var, o da dövlətçilik. Sizin fəaliyytinizin hər bir sahəsində dövlətçilik və vətənə məhəbbət öz əksini tapır. Karikatura ilə geofizikanın kəsişmə nöqtəsi nə zaman baş verdi?
-Heydər Əliyev ona görə, bəlkə də, mənim ismim keçəndə deyirdi ki, Kərim başdan ayağa kimi talantdır…. ( gülür) Geofizika ilə karikaturanın kəsişmə nöqtəsi 1956-cı ildə institutda oxuyan zaman olub. Mən o zaman ilk dəfə karikaturamı çəkmişdim. Divar qəzetlərinin hazırlanmasında yaxından iştirak edirdim. Elə həmin ilin mart ayında yadımdadır ki, qəzetlərin birində oxudum ki, Amerikada qaradərili uşağı məktəbdə döyüblər. Çünki o zaman orda ayrıseçkilik var idi. Qaradərili insanlara çox yaxşı münasibət var idi. Həmin hadisəyə aid bir karikatura çəkdim və “Azərbaycan Gəncləri” qəzetinə göndərdim. Qəzetin redaktoru İdris müəllim idi. Oda bəyəndi və karikaturam növbəti sayında dərc olundu. Bu günə kimi 18 karikatura kitabım dərc olunub. Yüzlərlə plakatlarım var. Ermənistanın Azərbaycana hücumuna aid 140 plakatım Türkiyədə nümayiş olundu. O zaman Məsud Yılmaz baş nazir idi. O da, tədbirdə iştirak edirdi.
-O plakatların aqibəti necə oldu?
-Aqibəti yaxşı oldu. Məsud Yılmaz məndən soruşdu ki, bunları satacaqsınız? Dedim ki, xeyir mən bunları satmaq üçün çəkməmişəm. Bu zaman o mənə dedi ki, siz sovet psixologiyası ilə çəkmisiniz bütün bu karikaturaları, mütləq satmalısınız. Və yanındakı köməkçisinə dedi ki, bütün şəkilləri alın. Məndən şəkillərin qiymətini soruşduqda nə cavab verəcəyimi bilmədim. Çünki o zamana kimi şəkillərimi satmağı düşünməmişdim. Mənə hər bir şəkili 200 dollara alacağını dedi. Və bütün şəkillərə mənə 108 min dollar verdilər. Oğlum yanımda idi. Məndən bu qədər pulu nə edəcəyimi soruşdu. Həmin pulun 100 min dollarını ordunun hesabına köçürdüm. Səkkiz min dolları isə oğluma verdim.
-Xeyirxah insansınız. Hər bir rəsm əsəri bir rəssamın övladı qədər ona əzizdir, deyirlər. Siz zəhmət çəkdiyiniz, gözünüzün nuru ilə boyadığınız, düşüncələrinizi üzərinə tikdiyiniz hər bir rəsm əsəri ilə bağlı ayrı-ayrı xatirənizi satıb, pulunu ordusuna verəcək qədər böyük insani keyfiyyətlərə maliksiniz. Nə deyim, bir vətəndaş olaraq, bu cür bir jesti izah məyə sözlər belə taqətsizdir…
-Mən qazandığım o məvacibdən oğluma pul verdiyim kimi, orduda vətənimin keşiyində duran hər bir xalqımın oğluna da, o puldan pay düşməsini istədim. Çünki mənim oğlum deyəndə, mən ordumda xidmət edən bütün oğulları nəzərədə tuturam…
-Möhtəşəm insansınız. Çox maraqlı müsahibə idi. Sizin kimi şəxsiyyəti tanıdğım üçün şadam…
Kərim Kərimovun siyasi karikaturalaları:



Ülkər Musazadə
VOİCEPRESS.AZ
Like this:
Like Loading...