Onların razılığı regionda və dünyadakı proseslərə ciddi təsir edəcək

5 May, 08:14

“Rusiya və Türkiyə prezidentlərinin Soçi şəhərində keçirilən son görüşü zamanı aparılan danışıqlarda nəticəsində mühüm regionda və dünyada gedən proseslərə ciddi təsir edə biləcək mühüm razılıqlar əldə olunub”.

VOİCEPRESS xəbər verir ki, bunu milli.az-a açıqlamasında “Baku Network” ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidəki görüşünün yekunlarını şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Rusiya və Türkiyə prezidentlərinin görüşündə əsasən iki məsələ müzakirə olunub. Onlardan birincisi Suriyadakı vəziyyət və ölkələrin fəaliyyətlərini koordinasiya etməsi, ikincisi isə ikitərəfli münasibətlər və iqtisadi-siyasi məsələlərin həlli olub:

“Suriya ilə bağlı elə bir vəziyyət yaranıb ki, Qazaxıstanın paytaxtı Astanada İran, Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə böyük bir görüş gözlənilir. Ona görə də liderlər mövqelərini yaxınlaşdırmaq üçün danışıqlar aparıb. Bundan əvvəl isə Putinin ABŞ prezidenti Trampla telefon danışığı olub. Çünki Rusiya yaxşı anlayır ki, antiterror koalisiyasında ABŞ-ın rolu böyükdür. Rusiya rəsmilərinin verdikləri bəyanatlara görə, ABŞ guya İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriya ilə bağlı sülh danışıqlarının bərpa edilməsi və atəşkəsin elan olunmasına dair razılıq verib.

Türkiyənin Suriya ilə bağlı hazırki mövqeyi Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması və orada sünni, şiə və kürdlərin ayrı-ayrılıqda yaşaya biləcəkləri neytral bölgələrin yaradılmasıdır.

Rusiya hərbçilərinin təklifi ilə Suriyada 4 əsas zona yaradılmalı, orada atəşkəs elan olunmalı və zonalar arasına müşahidəçilər, lazım gəldikdə isə nəzarət emək üçün Rusiya, İran və Türkiyənin Silahlı Qüvvələrinin hissələri yerləşdirilməlidir. Danışıqların əsas mövzusu bu idi. Ehtimal etmək olar ki, ölkələrin Suriyadakı iqtidara yanaşmaları fərqli olsa da, ümumiyyətlə həm Rusiya, həm də Türkiyə Suriyada atəşkəsin elan olunmasının tərəfdarıdır”.

E.Ələsgərov hesab edir ki, ikitərəfli iqtisadi-siyasi məsələlərə gəlincə, burada tərəflər bir sıra məqamlarda razılığa gəliblər: “Məlum təyyarə hadisəsindən sonra Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələr Moskvanın sanksiyaları nəticəsində demək olar ki, kəsilmişdi. O vaxtdan Türkiyə Rusiyadan gələn taxıla embarqo qoyub, Rusiya isə Türkiyədən gələn kənd təsərrüfatı mallarına və bəzi şirkətlərin fəaliyyətinə qadağa qoyub. Verilən son bəyanatlara görə isə, məlum pomidor məsələsindən başqa digərləri əsasən həll olunub. Lakin digər iqtisadi layihələr, xüsusən Rusiyadan Türkiyəyə qaz kəməri məsələsi, Akkuyuda Atom Elektrik Stansiyasının tikintisi və digərləri öz həllini tapıb. Əlavə olaraq hərbi və hərbi-texniki əməkdaşlıq, xüsusən Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri almasına dair müzakirələr aparılıb. Lakin bu uzun vaxt aparan məsələdir, çünki NATO ölkəsinin hava hücumundan müdafiə sistemini dəyişdirməsi fövqəladə hadisədir və uzun müddətli danışıqlar tələb edir”.

Ekspertin fikrincə, Suriyada müharibəyə son qoyulması və İŞİD-in əsas dayaqlarının məhv edilməsi ümumiyyətlə, “ərəb baharı”nın dayandırılması demək olacaq: “Bu, uzunmüddətli proses idi və Suriyada da daxil olmaqla bir sıra ölkələrdə vəziyyəti xaos halına gətirib çıxartdı. Lakin Suriyada tərəflər arasında atəşkəsin və sülhün elan edilməsi o deməkdir ki, “ərəb baharı” hansısa nöqtədə durdurulacaq. Belə olsa, bu regional, ümumilikdə isə Azərbaycan da daxil olmaq dünya ölkələri üçün müsbət nəticələr verəcək. Çünki “ərəb baharı”nın hansı nəticələrə gətirib çıxaracağı bəlli deyildi. Bu gün biz görürük ki, bu, İŞİD kimi eybəcər bir şeyin yaradılmasına gətirib çıxartdı. Sonrakı hadisələr isə təbii ki, tərəflərin danışıqlar masasında əldə etdiyi nəticələrdən asılı olacaq”.

Qeyd edək ki, mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər edib. Onun rusiyalı həmkarı Vladimir Putinlə görüşünün əsas mövzuları Suriya böhranı və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi olub.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here