Eldar İsmayılov: “Hamısı istəyir ki, olimpiya oyunlarına ev sahibliyi etsin”

12 May, 14:19

VOİCEPRESS.AZ -ın müsahibi idman Jurnalistləri Assosasiyasının prezidenti, Avropa jurnalistləri sırasında Azərbaycanı layiqincə təmsil etmək missiyasını əvəzolunmaz şəkildə yerinə yetirən jurnalist Eldar İsmayılovdur:

-Eldar müəllim, İslam oyunları bu gün başlayır. Bu Azərbaycanın idman sahəsindəki növbəti uğurudur.Siz necə düşünürsünüz?

– İdman yarışları hansı mövzuda keçirilirsə keçirilsin bu böyük uğurlu tədbirdir. Azərbaycanda da İslam Həmrəyliyi Oyunları keçirilməsi təqdirə layiq bir tədbirdir. Çünki Azərbaycan müsəlman dövlətidir. İslam Həmrəyliyi İdman təşkilatı var. Orada biz iki azərbaycanlı ilə təmsil olunuruq. Bu qürur duyucu bir haldır. Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və bizim milli olimpiya komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Könül Nurullayeva da icraat komitəsinin yeganə qadın üzvidir. Bu oyunların keçirilməsi üçün təşkilat komitəsində kifayyət qədər gərgin işlər gedir. İnanıram ki, bu oyunlar yaxşı keçəcək.


-İslam oyunları zamanı ölkəmizə saysız hesabsız əcnəbi vətəndaşlar gələcək. Təhlükəsizlik önləmləri sizcə nə dərəcədə təmin olunur?

– Daxili işlər nazirimiz general polkovnik Ramil Üsubov dəfələrlə öz çıxışlarında bəyan edib ki, oyunların təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb. Mən inanıram ki, insidentsiz keçəcək və heç bir problem olmayacaq.


-Bu gün İslam oyunlarının ölkəmizə qazandırdığı divident nədir?

– Hər bir idman oyunlarının ölkəyə gətirdiyi divident onun beynəlxalq aləmdə geniş təbliğ olunmasıdır. Cənab prezidentin bu yöndə təşəbbüsünü alqışlayıram. Çünki idman gücdür, mədəniyyətdir, idman qürurverici bir sahədir. Bəziləri deyir ki, bu idman yarışları nəyə lazımdır? Mən bununla razı deyiləm, çünki dünyanın ən mötəbər ölkələrində belə idman yarışları keçirilir, geniş təbliğ olunur. Hər bir ölkə istəyir ki, beynəlxalq olimpiya oyunları keçirsin. Amerika, Rusiya, Avropa-Asiya ölkələri hamısı istəyir ki, olimpiya oyunlarına ev sahibliyi etsin. Bu da belə asan olmur. İlk öncə səsə qoyulur, onun imkanları nəzərə alınır və qəbul olunur.

-Bildiyimiz qədəri ilə siz İslam oyunlarının açılışnda olmayacaqsınız…

– Bəli. Səfərə getməliyik. Bildiyiniz kimi, mən Azərbaycan idman jurnalistləri assosiasiyasının prezidenti kimi hər il bizim dünya təşkilatının və Avropa mətbuatı İttifaqının konqresi Koreyada keçiriləcək. Onu da qeyd edim ki, 2014-cü ildə bu konqress bizdə də keçirilmişdi. Koreyanın Penkçan şəhərində 2018-ci ildə qış olimpiya oyunları keçiriləcək. Biz 2 gün Seulda, 2 gün də Penkçanda konqresimizi keçirəcəyik. Dünya və Avropa təşkilatının baş assambleyasının 80-ci konqresi keçiriləcək. Bizim dünya təşkilatının konqresi bu ölkədə ilk dəfə deyil ki, keçirilir. Bir neçə il bundan qabaq da keçirilmişdi, və biz də orda iştirak etmişik.

-İslam Oyunlarının işıqlandırılması adına Azərbaycana xarici jurnalistlər dəvət olunubmu?

– İstənilən qədər. Əvvəl onu deyim ki, bu bilavasitə bizim missiyamızdır. Çünki Azərbaycan da keçirilən idman yarışlarının beynəlxalq arenada işıqlandırılması bizim priyatet məsələlərdən biridir. Bizim assosiasiya həm dünya, həm Avropa Konqresinin öndə gələn üzvlərindən biridir. Ona görə də, bizi dünyanın ən aparıcı idman yazarları, opertorları çox yaxşı tanıyırılar. Biz də öz tərəfimizdən təbliğat aparırıq ki, gəlsinlər və bu oyunları işıqlandırsınlar. Xaricdən Azərbaycana çoxlu mətbuat orqanları gəlib, oyunlar geniş şəkildə işıqlandırılacaq.

-Əsasən hansı ölkənin jurnalistləri ilə əməkdaşlıq edirsiniz?

– Dünyanın bütün ölkələri ilə əməkdaşlıq edirik. Elə bir ölkə yoxdur ki, biz əməkdaşlıq etməyək. Hər gün onlarla məktub alırıq. Biz Azərbaycan idman jurnalistlərini təmsil edirik. Aramızda jurnalistlər var ki, nə qəzetdə, nə saytlarda işləmir. Sadəcə müstəqil olaraq Azərbaycan idmanından yazılar yazırlar, onu beynəlxalq aləmdə təbliğ edirlər. Mən Avropa İdman Mətbuatı ittifaqının icrayə komitəsinin 2010-cu ildən üzviyəm. Bu o deməkdir ki, Azərbaycana aidiyyatı olan və olmayan Avropa qitəsinin ölkələrinə idman mediyasına aid olan bütün müzakirələrdə mən iştirak edirəm. Bu il artıq mən 4-cü dəfədir ki, xaricə bununla bağlı səfər edirəm. Avstriyada, Maltada, Budapeştdə və Macarıstanda olmuşam. Biz 3 nəfərlik nümayəndə heyyəti ilə ilə ora gedirik. Mən təşkilatın prezidenti kimi, Nərgiz Mahmudazadə beynəlxalq əlaqələr üzrə və vitse prezident kimi, Qabil Mehdiyev Azərbaycan gənclər və idman nazirliyinin orqanı olan idman qəzetinin baş redaktorudur. Və bizim təşkilatımızın fəal üzvlərindən biridir. Biz Azərbaycanı artıq 2-ci dəfə Seulda təmsil edəcəyik.

-Eldar müəllim, maraqlıdır bu cür səfərlərin xərclərini kim qarşılayır?

– Bu səfərlərin 4 gününün bütün xərclərini təşkilatçı ölkə çəkir. Lakin bəzən elə olur ki, təyyarə gec çatır, gec çıxır oradan. Bununla bağlı bir iki gün yubanma olur. Bu ekstra günlərin xərcini isə Milli Olimpiya Komitəsi və 2014-cü ildə Konqress Azərbaycanda keçiriləndən bəri, sayqıdəyər və çox hörmətli Azad Rəhimov bütün xərcləri qarşılayır. Çingiz Hüseynzadə də, bu işdə böyük işlər görür. İldə bir dəfə regional konqres olur. Biz də ora getməliyik. Biz orda dövlətimizi təmsil edirik. Avropa təşkilatının toplantısı olanda mən rəyasət heyyətində otururam, o biri nümayəndə heyətimiz isə zalda oturur. Bizim ölkəmizi gözü götürməyən, istəməyən qonşumuz var. Bunların adı həm rus, həm ingiliscə “Armeniya” adlanır. Yəni “A” hərfi ilə başlayır, eyni ilə Azərbaycan kimi. Ona görə də “A” hərfi ilə başlayan ölkələr ön sıralarda əyləşir. Necə ola bilər ki, orada Ermənisatan olsun, lakin Azərbaycanın masası boş qalsın? Bu da siyasi səhv olardı. Buna görə də, nazirmiz bunu bilir və bizə kömək edir ki, biz gedib orada ölkəmizi təmsil edə bilək.

-Xarici mətbuatda Azərbaycanın bu gün nüfuzu necədir? Jurnalistlər arasında olursuz, maraqlı olardı təəssüratlarınız…

– Azərbaycanı xarici ölkələrdə əsasən ilk mediya tanıdı. 2014-cü ildə aprel ayının 26-dan may ayının 1-nə qədər bizim təşəbüsümüzlə, Cənab prezidentin böyük dəstəyi ilə Dünya İdman Jurnalistləri təşkilatının AİPS-in 77-ci ümumdünya konqresi keçirildi. Bu konqresdə 112 ölkədən 250 nəfər tanımış qələm sahibləri gəldi. Onlar Azərbaycanda hər cür şəraitlə təmin olundu. “Abşeron Mariot” otelində bir həftə konqresimizi keçirdik. Konqress nümayəndələrinin şərəfinə böyük ziyafət verildi. Bu ziyafətdə cənab prezident öz xanımı ilə iştirak etdi. Gözəl çıxış etdi. Elə bir çıxış etdi ki, sanki idman jurnalisti kimi bu sahəni çox gözəl bilir. Çox səmimi görüş keçdi. Təsəvvür edin cənab prezident bütün qonaqların bir-bir əlini sıxdı, hər biri ilə səmimi söhbət etdi. Bu haqda hələ də danışılır. Prezidentimizin konqresə qatılan xarici jurnalistlərə maddi və mənəvi qayğısından hələ də xarici mediyada yazılır. Azərbaycanda olan inkişafı öz gözləri ilə gördülər və bu haqda yazdılar və hələ də yazırlar. Məhz ona görə də xarici mediya nümayəndələrinin bura gəlməsi bizim imicimizə çox gözəl təsir edir.
1997-ci ildə dünya təşkilatımızın İspaniyanın Aqriyeqa şəhərində 60 cı konqresi keçirilirdi. O zaman biz hələ həqiqi üzv deyildik. Getdik, orada təsdiq olunduq. Vaqif Bəhmənli ilə orda iştirak etdik. O zaman orada Azərbaycanı tanımırdılar. Hətta bizi o vaxt Asiya qitə qrupuna salmışdılar. O zaman hələ Azərbaycan Avropa ittifaqına qoşulmamışdı. Mən orada etiraz etdim, çıxış etdim ki, Azərbaycan Asiya və Avropa qitələrinin sərhəddində yerləşir, buna baxmayaraq biz Avropa dəyərlərinə üstünlük veririk və biz demokratik ölkəyik. Necə ola bilər ki, İsrail geo-coğrafi vəziyyətindən asılı olmayarq, Avropa təşkilatının üzvi olur, lakin Azərbaycan Asiya ölkəsi hesab olunur… Asiya da, gözəl qitədir. Bundan sonra ildən ilə nümayəndə heyyətimizin gördüyü işlər, prezidentimizin keçirdiyi görüşlər, beynəlxaql səviyyədə atdığımız atdımlar sayəsində ölkəmiz yaxşı mənada dünyada tanıdır. Ancaq etiraf etmək gərəkir ki, ermənilər daha aktivdirlər. Onlar öz yalanlarını dünyaya tanıdırlar. Biz isə özümüz deyib, özümüz eşidirik. Bu sahədə görüləsi iş hələ çoxdur.


Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here