VOİCEPRESS xəbər verir ki, bəyanatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Azərbaycan tarixinin və mədəniyyətinin mərkəzlərindən biri, eyni zamanda, Azərbaycanın milli memarlığının və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi olduğu bildirilir.
1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsindən sonra Ermənistanın etnik təmizləmə siyasəti ilə üz-üzə qaldığı və Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhərinin işğal olunduğu barədə məlumat verilib.
Bəyanatda, həmçinin Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfərin şəhid olduğu, 165 nəfərin yaralandığı, 58 nəfərin əsir düşdüyü, 60-a yaxın mülki şəxsin girov götürüldüyü, ölən, yaralanan və girov götürülənlər arasında qadınların və uşaqların da olduğu və Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insanın qaçqın düşdüyü qeyd olunub, işğal vaxtı minlərlə eksponatın olduğu muzeylərin talan edildiyi, yüzlərlə tarix-mədəniyyət abidəsinin dağıdıldığı, məbədgah və məscidlərin təhqirlərə məruz qaldığı, çox sayda nadir əlyazma nümunələrinin məhv edildiyi, təhsil və səhiyyə ocaqlarının xarabazara döndərildiyi barədə məlumatlar öz əksini tapıb.
1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəslə bağlı razılığın əldə olunmasına baxmayaraq, atəşkəsin Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez pozulduğu barədə məlumatlar bəyanatda vurğulanıb, digər tərəfdən sülh danışıqlarının indiyədək müsbət nəticə verməməsinin əsas səbəbi Ermənistanın BMT TŞ-nin dörd qətnaməsini yerinə yetirməməsi ilə əlaqələndirilir.
VOİCEPRESS.AZ