Məmmədovdan gözlənilən açıqlama: 8 komanda…

8 May, 21:15

Premyer Liqaya vəsiqə qazandıqları deyilən 3 klub barədə məlumatlar qeyri-rəsmi xarakterlidir. Rəsmi məlumat isə odur ki, Lisenziyalaşdırma Qrupunun hesabatını gözləməliyik.

VOİCEPRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, İcraiyyə Komitəsinin son iclasında növbəti mövsüm Premyer Liqada 8 komandanın çıxış etmə ehtimalının böyük olduğu vurğulanıb: “Təbii ki, arzumuz 10 komandadır. Amma Premyer Liqada iştirak üçün müraciət edən I Divizion klubları sənədlərə, lisenziyalaşdırmaya uyğun hərəkət etmirlərsə, o zaman lisenziyanı da əldə edə bilməyəcəklər. Bir daha deyirəm: Arzumuz 10 komandadır. Amma hazırda sənədlərə baxaraq, görürük ki, 8-dən çox komandanın oynaması mümkün deyil”.

E.Məmmədov AZAL-ın gedişindən sonra Premyer Liqada boş qalan 8-ci yerə hansı komandanın sahib çıxacağı məsələsinə də aydınlıq gətirib. O, elitada oynamaq üçün edilən müraciətlərə baxılacağını söyləyib: “3 komanda müraciət edib. Onların adlarını hələlik məxfi saxlamalıyıq. Bəziləri müraciət kağızı göndəriblər. Sənədlər isə gəlməyib”.

Baş katib fəaliyyətini dayandırdığını bəyan edən AZAL komandasının yaşayacağını söyləyib: “Bu klub I Divizionda mübarizə aparacaq. AZAL-ın öz imkanları var. Premyer Liqa ilə müqayisədə I Divizionda oynamaq üçün böyük vəsait lazım deyil. Onların bu vəsaiti qarşılamağa imkanları çatır. Məncə, problem olmayacaq və AZAL idman prinsiplərini pozmayaraq, I Divizionda çıxış edəcək. Düşünürəm ki, bu komandanın aşağı liqada olmasının diviziona müsbət təsiri olacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here