VOİCEPRESS-in məlumatına görə, həyəcan təbilini «Lragir»ə müsahibə verən erməni politoloq Qaqik Ambaryan çalıb. Onun fikrincə, Ermənistan ərazisindən İŞİD-ə qarşı mübarizədə istifadə edilməsi ölkəni ciddi təhlükələrlə üz-üzə qoya bilər.
Gümrüdəki 102-ci hərbi bazanın İŞİD-lə mübarizəyə hazır olması barədə bəyanatı Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi. Buna görə Qaqik Ambaryanın mesajı Lavrova ünvanlanıb:
“Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası özbaşına fəaliyyət göstərməyə hüququ yoxdur, Rusiya xarici işlər naziri şəxsən bazanın nə ilə məşğul olacağını təkbaşına həll edə bilməz”.
Ambaryanın fikrincə, Rusiya bazasının fəaliyyəti üzrə mövqeni rəsmi İrəvan bildirə bilər, çünki baza Ermənistan ərazisində yerləşir:
“Birincisi, Lavrov bazanın İŞİD-ə qarşı mübarizəsi şəraitində Ermənistanın təhlükəsizliyi ilə bağlı 100 faizlik zəmanət verməlidir. Amma Lavrov bu cür zəmanət verə bilməz, çünki terrorizmlə mübarizə böyük risklərlə bağlıdır. Suriyada müharibə aparan Rusiya hətta öz ərazisində təhlükəsizliyə zəmanət verə bilmir. Ermənistandan danışmağa belə dəyməz”.
Qaqik Ambaryanın fikrincə, Ermənistan bu məsələlərdən uzaq durmalıdır, çünki Qarabağ münaqişəsi ilə bağlı çox çətin vəziyyətə düşə bilər. Məsələn, İŞİD Ermənistanı müsəlman ermənilərin, yəni həmşinlərin əli ilə vura bilər. Dünyada 5 milyona yaxın həmşinlər evdə ermənicə danışmaqla yanaşı, radikal sünni müsəlmanlardır. İŞİD sıralarında onların nə qədər olması bəlli deyil, çünki müxtəlif ölkələrin təmsilçiləri kimi çıxış edirlər.
Bir neçə il qabaq Qırğızıstandan 400-ə qədər həmşin ailəsi Azərbaycanın işğal altında olan Ağdərə rayonuna yerləşmək istəyirdilər, amma ermənilər onların müsəlmanlığından qorxaraq icazə vermədilər. İŞİD öz emissarlarını Qarabağa etnik erməni kimi rəsmi yolla da, İran və Türkiyə ərazisində qeyri-rəsmi üsulla da göndərə bilər. Bölgədə bir neçə yüz İŞİD yaraqlısının olması, məsələn, Şuşanı və ya Laçını götürərək Qarabağ İslam Dövləti yaratmağa yetərlidir. Bundan sonra Ermənistan uzun illər öhdəsindən gələ bilməyəcəyi bir problemlə üz-üzə qalacaq.
VOİCEPRESS.AZ