VOİCEPRESS-in məlumatına görə, Türkiyə və Rusiya prezidentlərinin dünyaya elan etdiyi təhlükəsiz bölgə planına ABŞ-da dəstək verib.
Böyük Britaniya mətbuatı sözegedən bölgələrin İdlib vilayətində, Homs şəhərinin şimalında, Şərqi Qutada və Suriyanın cənubunda yaradılacağını yazıb. Bu bölgələr xəritədə yaşıl rəngdə göstərilib.
“Reuters” agentliyi isə yazır ki, Suriya üzrə zamin ölkələr arasında razılıq əldə olunsa da suriyalı müxalifləri təmsil edən qrup imzalanma mərasimində səs-küy qaldıraraq oranı tərk edib. Amma yeni görüşlə bağlı razılıq əldə olunub: Astanada yeni zirvə görüşü iyun ayının ortalarında keçiriləcək. Bu beşinci görüş olacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçidə qəbul edən Rusiyalı həmkarı Vladimir Putin xəritə üzərində Suriyada atəşkəs elan olunacağı bölgələri müəyyən ediblər. Mətbuat konfransında kameraların qarşısına keçən iki lider ABŞ prezidenti Donald Trampın da yeni plana dəstək verdiyi bəyan edib. Putin eyni zamanda bildirib ki, 4 nöqtədə silahların tamamilə susdurulması ilə yanaşı, uçuşa qadağalar qoyulacaq.
Ərdoğan-Putin razılığına Britaniya mətbuatında daha çox yer ayırıb. İki lider arasında buzların əridiyini qeyd edən “Daily Telegraph” qəzeti etibarlı mənbədən əldə etdiyi məlumatı yayıb.
Xəbərə görə, Suriyada təhlükəsiz bölgə müxaliflərin nəzarəti altında olan İdlib vilayəti, Homs şəhərinin şimalı, Şərqi Quta və Suriyanın cənubunda yaradılacaq.
“The Times” qəzeti isə yazır ki, Rusiya 4 bölgədəki təhlükəsizliyin İran və Türkiyə orduları ilə təmin edilməsini təklif edib. Yeni planı qəbul etməyən müxaliflər ölkə üzrə atəşkəsin elan edilməsini istəyirlər.
ABŞ preizdenti Donald Trampın Vladimir Putinlə Suriya üzrə danışıqlar apardığını yazan “Financial Times” qəzeti isə bildirir ki, ötən gün Soçidə Ərdoğan və Putinin çağırış etməsindən sonra, ABŞ dövlət katibinin köməkçisi Stuart Cones Astanaya müşahidəçi nümayəndə göndəriləcəyini bəyan edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün açıqlama verib ki, təhlükəsiz bölgələr Suriyanın ərazi bütövlüyünü təmin edəcək. “Rossiya 1” telekanalına danışan Peskov bu razılığın hələ başlanğıc olduğunu bildirib.
Suriyada müharibəyə gətirib çıxaran etiraz aksiyaları 2011-ci ilin mart ayında başlayıb. Cəmi bir neçə aydan sonra dünya Suriyada vətəndaş müharibəsinə şahidlik edib.
Hazırda ölkənin cənubundan Hələbə qədər olan ərazi prezident Bəşər Əsəd qüvvələrinin, İdlib vilayəti, ölkənin cənub-şərq torpaqları müxaliflərin nəzarəti altındadır.
Şimalda Cerablus-Azez bölgəsində PKK-nın Suriya qanadı YPG terrorçuları fəaldır. Suriyanın şərqinin böyük hissəsinə isə İŞİD terrorçuları nəzarət edir.
7 ildir davam edən Suriya vətəndaş müharibəsində yüz minlərlə insan həyatını itirib, milyonlarla suriyalı evlərini tərk etmək məcburiyyətində qalıb. Qaçqınlar başda Türkiyə olmaqla bir sıra ölkələrə sığınıb.
VOİCEPRESS.AZ