“Cibuti Azərbaycanla iqtisadi və müdafiə sahəsində əməkdaşlıq qurub”

4 May, 14:34

“Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun əsas fəaliyyəti iki ölkə arasında olan münasibətləri daha da dərinləşdirməkdir”.
VOİCEPRESS
xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüsal Hüseynov deyib.

Deputat bildirib ki, Cibuti həmişə bizim üçün dost dövlətdir.

“Hətta Cibuti parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə də qəbul edib. İşçi qrupun fəaliyyəti ilə əlaqədar olaraq tez-tez iki ölkə parlamentarilərinin səfərlərini və birgə tədbirlər keçirməyi planlaşdırırıq. Həmçinin, dostluq qrupu formatından bəhrələnərək humanitar, iqtisadi və s. sahələr üzrə ölkəmizə töhfə verməyi qarşımıza məqsəd qoymuşuq. Hazırda da Cibuti parlamentinin nümayəndə heyəti Bakıdadır. Onlarla dünən Milli Məclisdə görüşümüz oldu. Görüş zamanı bir neçə məsələ ətrafında fikir mübadiləsi aparılıb”.

V.Hüseynov deyib ki, Cibuti ilə gələcək əlaqələri daha da dərinləşdirmək üçün işçi qrupuna bir çox dövlət qurumu kömək edəcək.

“Xarici İşlər Nazirliyi və Azərbaycanın Cibutiyə akkreditə olunmuş səfiri inanırıq ki, bizə lazımi dəstəyi göstərəcək. Cibuti ilə əlaqələrin gücləndirilməsində Xarici İşlər Nazirliyinin və akkreditə olunmuş səfirimizin çox böyük rolu var. Həmçinin, bizim müraciətimiz əsasında digər qurumların da bizə köməklik edəcəyinə əminik”.

İşçi qrupun rəhbəri bildirib ki, Cibuti ilə Azərbaycan arasında iqtisadi və müdafiə sahəsinə müəyyən əməkdaşlıqlar qurulub.

“Artıq bir sıra dövlət orqanları ikitərəfli münasibətlər qurmağa başlayıblar. Biz də parlament olaraq çalışacağıq ki, əməkdaşlıqlarımız qanunverici orqanlar tərəfindən daha da möhkəmlənsin. Cibuti Ermənistanla heç bir diplomatik əlaqə saxlamır. Eyni zamanda, bütün beynəlxalq təşkilatlarda, parlament platformalarında Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı ölkəmizin mövqeyini dəstəkləyir. Cibuti Afrika qitəsində bizə tərəfdaş ölkələrdən biridir”.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here