Çini toz qasırğası vurdu

5 May, 11:08

Pekində dünən havanın tozlanma dərəcəsi bütün hədləri aşıb.

VOİCEPRESS
BBC-yə istinadən bildirir ki, paytaxt Pekin də daxil olmaqla, Çinin şimal hissəsi toz qasırğasına məruz qalıb.

Pekində havanın çirklənmə dərəcəsi Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təyin etdiyi norma həddindən xeyli yuxarı olub.

Rəsmilər sakinlərə, ilk növbədə, uşaq və yaşlı insanlara evdən bayıra çıxmamağı məsləhət görüblər.

Toz qasırğası Monqolustan və Çinin Daxili Monqolustan Muxtar bölgəsindən gəlib.

Pekindəki Ətraf Mühit Agentliyinin məlumatına əsasən, yerli vaxtla saat 11:00-da havanın, insanın nəfəs borusuna keçə bilən zərrəciklərlə çirklənmə dərəcəsini müəyyən edən PM2.5 göstəricisi 1 kub metr üçün 500 mikroqram təşkil edib.

WHO standartlarına əsasən, insan üçün zərərsiz hədd 1 kub metrdə 25 mikroqrama bərabərdir.

Toz qasırğasının təsiri və izi Pekində özünü bütün gün ərzində göstərib, görmə şəraiti aşağı olub.

Dövlət mediasının yaydığı xəbərə görə, toz qasırğası Pekin istiqamətində çərşənbə günündən hərəkət etməyə başlayıb, paytaxta isə gecəyarısı çatıb. Toz qasırğası ölkənin şimalındakı digər ərazilərə də yayılıb.

Pekində ətraf mühit rəsmilərinin hazırladığı xəbərdarlıq səciyyəli tövsiyələrdə sakinlərə bayıra çıxmamaq məsləhət görülüb.

Məyus olan Çin sakinləri hisslərini sosial mediada bölüşüblər.

“Pekini toz qasırğası vurub. Ağciyərim xərçəngə tutulmasa yaxşıdır”, – Sina Weibo mikrobloq saytında istifadəçilərdən biri yazıb.

Digərləri isə paytaxt üçün daha bir başağrısına çevrilmiş dumanlı sis problemini yada salıblar.

“Dumanlı sisə vərdiş etdim, deyəsən, indi də təzə vərdiş vaxtı çatıb. Toz qasırğası ilə dumanlı sis arasında seçmək mümkün olsaydı, vərdiş etdiyimi seçərdim”, – digər bir Weibo şərhçisi yazıb.

Çinin şimalında yerləşən şəhərlərdə istilik üçün, əsasən, kömürdən istifadə edilir. Nəticədə, qış aylarında həmin ərazilərdə havanın çirklənməsi daha intensiv olur.

Havanın keyfiyyətinin pisləşməsinə baxmayaraq cümə axşamı günü Pekinin Tyananmen meydanında turistlərin sayı əskik olmayıb

Şəhərlərin səhralaşmış ərazilər istiqamətində genişlənməsi dumanlı sis probleminə toz qasırğalarını da əlavə edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here