Bu hadisə Azərbaycanın uğurlarının artmasında mühüm rol oynayacaq

12 May, 09:10

“IV İslam Həmrəyliyi Oyunları çox əhəmiyyətli tədbirdir və onu Bakıda keçirilməsi hadisəsi Azərbaycan üçün müsbət nəticələr verəcək. Çünki əslində, belə tədbirlər birbaşa idmanla bağlı olsa da, dolayısı ilə həm də siyasi xarakter daşıyır. Məncə kimin nə deməsindən asılı olmayaraq, idman həm də böyük siyasət deməkdir”.

VOİCEPRESS xəbər verir ki, bunu milli.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Millət vəkilinin fikrincə, bu Oyunların həyata keçirilməsi ilə Azərbaycanın onlarla İslam ölkəsi ilə müxtəlif sahələrdə bir arenada müəyyən məsələləri bölüşməsi gerçəkləşəcək: “Özü də söhbət burada təkcə idmana aid məsələlərdən getmir. Bu həm də həmin ölkələrin investorlarının Azərbaycana gəlməsi, eləcə də gələcəkdə ölkəmizə daha çox sayda turistin cəlb olunması, Azərbaycan həqiqətlərinin bilinməsi deməkdir. Oyunlar ən azından iştirakçı ölkələrdə kütləvi informasiya vasitələrində işıqlandırılacaq, əhalisi tərəfindən izlənəcəkdir. Ona görə də İslamidanın Bakıda keçirilməsi çox mühüm hadisədir”.

F.Quliyev hesab edir ki, Azərbaycan belə yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin müsbət nəticələrini yaxın gələcəkdə görməyə başlayacaq: “Son vaxtlar Azərbaycan xeyli beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi edib.Göründüyü kimi, belə məsələlərdə böyük təcrübə qazanıb və nümunəvi ölkələrdən birinə çevrilib. Məncə bu Oyunlar həm idman ictimaiyyətinə, həm Azərbaycanda idmanın, həm də müsəlman ölkələri ilə münasibətlərin inkişafına töhfə verəcək. Bundan əlavə, fikrimcə, İslam Həmrəyliyi Oyunları Azərbaycanın diplomatik sahədə uğurlarının artmasında, o cümlədən gələcəkdə ağrılı problemimiz olan Qarabağ məsələsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayacaq”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları Bakıda mayın 12-dən 22-dək keçiriləcək. Lakin Oyunların təqviminə görə, bəzi idman yarışlarına artıq mayın 8-dən başlanılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here