Mehriban Əliyeva: “Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir”

2 May, 16:33

Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə belə deyib. Birinci vitse-prezident bununla bağlı müvafiq göstərişlər verib.
VOİCEPRESS xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə qaçqın və məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması başda olmaqla onların üzləşdiyi problemlər geniş müzakirə edilib. Birinci vitse-prezident bildirib ki, dövlət başçısının imzaladığı “Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası nəticəsində bu sahədə ardıcı tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.
Amma bununla belə qəzalı və yararsız binalarda yaşayan insanlar var və onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə addımların atılmasına ehtiyac var.
Mehriban Əliyeva deyib ki, bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşası üçün ərazinin ayrılması və tezliklə tikinti işlərinə başlanılması zəruridir. Bundan əlavə Bakı və Sumqayıtda inşa olunan yeni binalarda qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün mənzillər ayrılmalıdır.
Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib ki, məsələnin tezliklə həlli üçün Maliyyə Nazirliyi ilə Bakı şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalıdır. O əlavə edib ki, qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir.
Birinci vitse-prezident qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində rayon icra hakimiyyətlərinə təkliflər hazırlamağı tapşırıb.
Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa olunacağına, bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here