Azərbaycanın İslamiadadakı bayraqdarının adı açıqlandı

2 May, 20:32

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib.

VOİCEPRESS
bildirir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, mayın 12-də keçiriləcək açılış mərasimində nümayəndə heyətinin önündə karateçi Rafael Ağayev gedəcək.

Lakin Ç.Hüseynzadə bayraqdarın dəyişilə biləcəyini istisna etməyib: “Mən Rafaelin özü ilə də danışmışam. Açılış mərasiminin ertəsi – mayın 13-də Ağayev çıxış edəcək. Bunu nəzərə alaraq bayraqdarın dəyişilmə ehtimalı var. Amma 90 faiz Rafaeldir. Burada komandaya ziyan dəyəcək məqam olsa, ola bilər onu dəyişək”.

R.Ağayev isə “Report”a bayraqdar olacağını Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovdan eşitdiyini söyləyib.

32 yaşlı idmançı bu missiyanı yerinə yetirməyə hazır olduğunu vurğulayıb: “Artıq İslamiadaya tam hazıram. Açılış mərasiminin ertəsi döyüşə çıxmağımda heç bir problem yoxdur. Bayraqdar olmaq şərəfi hər adama nəsib olmur. Belə şərəfli missiyanı mənə həvalə edirlərsə, can-başla yerinə yetirməyə hazıram”.

Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur. O, “Bakı 2015” I Avropa Oyunlarında da qalib olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here