Yeni təsis edilmiş “Şücaətə görə” medalları təqdim edilib

0
313948

Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunublar.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Beyləqan, Şəki və Yardımlı rayonlarında keçirilən medalların təqdimolunma mərasimlərində Müdafiə Naziriliyinin, yerli icra hakimiyyəti orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ictimaiyyətin, eləcə də şəhidlərin xidmət etdikləri hərbi hissələrin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər “Şücaətə görə” medalının təsis edilməsini ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan əsgərinə diqqət və qayğısının növbəti təcəssümü kimi qiymətləndiriblər.

Şəhid əsgər Zakir Cəfərovun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı aprelin 8-də Nizami rayonunda keçirilən mərasimdə ailəsinə təqdim olunub.
Çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani medalın təsis edilməsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsinə dair Fərman imzalayıb. Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli Qanunu ilə “Şücaətə görə” medalının Əsasnaməsi və təsviri təsdiq edilib.
Azərbaycan Respublikasının “Şücaətə görə” medalının ilk dəfə məhz aprelin 8-də təqdim olunduğunu vurğulayan A.Qurbani deyib: “Aprel döyüşlərində Azərbaycan Ordusunun, əsgərinin qələbəsindən sonra belə bir medalın təsis edilməsi zərurəti yarandı. Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif edilirlər. Bu medalla ilk dəfə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan 5 hərbi qulluqçu (ölümündən sonra) təltif olunub. Bunlar Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğludur. Zakir Cəfərov Azərbaycan Silahlı Qüvvələrində “Şücaətə görə” medalı ilə təltif olunan ilk müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusudur”.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, ordu quruculuğu prosesindən, aprel döyüşlərində əldə edilən böyük qələbədən danışıb. Aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu, dövlətimizin qüdrətini, xalqımızın birliyini nümayiş etdirdiyini söyləyən R.Əliyev bu gün Ali Baş Komandanın döyüş əmrini gözləyən vətənpərvər, ölkəsinə və xalqına sadiq sağlam gəncliyin yetişdiyini vurğulayıb. O, bu medalın təsis edilməsini Prezident İlham Əliyevin Azərbaycan Ordusuna yüksək diqqət və qayğısının daha bir göstəricisi olduğunu deyib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı uğurlardan, qələbələrdən danışıb: “Aprel döyüşlərində Nizami rayonu 4 şəhid verib. Onların ailələri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bütün xalqımız kimi, Nizami rayon sakinləri də hər an Ali Baş Komandanın əmrlərinə hazırdırlar”.
Sonra “Şücaətə görə” medalı şəhid Zakir Cəfərovun qardaşı Camal Cəfərova təqdim edilib.
Şəhid manqa komandiri Zakir Cəfərovun xidmət etdiyi hərbi hissənin zabiti Şövqi Məmmədov çıxış edərək bildirib ki, təmas xəttində xidmət edən əsgərlərimiz düşmən təxribatlarının qarşısını mərdliklə alır və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün aprel döyüşlərindəki qələbəni təkrarlamağa hər an hazır və qadirdirlər.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb.
Oğlu ilə fəxr etdiyini deyən şəhidin anası Kəmalə Abdullayeva Zakirin vətənpərvərliyindən və mərdliyindən danışıb, şəhidlərimizin xatirəsinə göstərilən yüksək ehtirama, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Digər çıxış edənlər Zakir Cəfərovun yaşadığı qısa lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu deyiblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Zakir kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir. Çünki bu torpağı canından artıq sevən cəsarətli, vətənpərvər gənc nəsil yetişib və yetişməkdədir.
Sonra şəhidin ailə üzvlərinə Müdafiə Nazirliyinin nəşr etdirdiyi, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Çingiz dastanı” və “Lələtəpə fatehləri” kitabları təqdim olunub.

Hərbi qulluqçu Haşımlı Tural Əbdül oğlunun layiq görüldüyü medal Ordubad şəhərində keçiriləcək mərasimdə şəhidin ailəsinə təqdim ediləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here