Ülkər Musazadə: “Azad media bu gün Azərbaycandakı mediadır”

27 Aprel, 10:01

Ülkər Musazadə: “O qədər azaddır ki, kim nə istəyir onu da yazır”

VOİCEPRESS Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun təsisçisi və baş redaktoru Ülkər Musazadənin “olaylar”-a verdiyi müsahibəni təqdim edir:

Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu heç kəsdə şübhə doğurmur. Etiraf edilməlidir ki, dümokratiyanın təməl prinsipləri olan bu üç məfhumun təmin olunması və inkişafı ilə əlaqədar ölkədə kifayət qədər işlər görülüb və hazirda da bu istiqamətdə fəaliyyət davam etməkdədir. Xüsusən, bu sahədə qəbul edilən qanunvericilik aktları ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən müsbət dəyərləndirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşıb. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. Üstəlik vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsində xeyli işlər görülüb. Nəzərə almaq lazımdır ki, ictimai və dövlət maraqlarının müdafiəsi baxımından bu sahədə müvafiq işlərin görülməsinə hələ də ehtiyac var. Müsahibimiz Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun təsisçisi və baş redaktoru, Pakistan Azərbaycan Media Forumu, Qazaxıstan-Azərbaycan Media Forumu kimi önəmli media layihələrinin rəhbəri, Beynəlxalq mətbuat sahəsində tanınmış jurnalist, siyasi yazar Ülkər Musazadədir.

– Ülkər xanım, Azərbaycanda mətbuatın vəziyyətini necə dəyərləndirirsiniz?

-Bilirsiz, mətbuatın vəziyyətini bu gün tam olaraq hansısa qiymət şkalası ilə qiymətləndirmək bəlkə də, çətin olardı. Amma 90-cı illərdəki mətbuatla müqayisədə bu gün yetəri qədər inkişaf görmək mümkündür. Mətbuat nümayəndələrinin hər bir sözü anında geniş ictimaiyyətə nümayiş olunacaq məsuliyyəti ilə yanaşı bəzən aldıqları qonararlar onları çox narahat edir. Bir dəfə hələ Medvedev prezident olarkən, bir jurnalist ondan polislərin, həkimlərin əmək haqlarının niyə yüksək olduğunu və heç bir zaman jurnalistin əmək haqqının yüksək olmadığını sordu. Medvedev ona çox maraqlı cavab verdi. O dedi: “Bir insan hər hansısa bir sahəyə gələndə öz missiyası ilə gəlir. Ya sənətə yiyələnmək, ya da çoxlu pul qazanmaq. Əgər bu gün sən çox pul qazanmaq istəsəydin yəqin ki, biznesmen olardın. Əgər ki, jurnalist olmağı seçmisənsə, deməli könüllü olaraq, bir ömür boyu çalışmağı seçmisən…” Lakin bizim prezidentimiz jurnalistləri evlə təmin edir, onları mükafatlandırır. Bu gün Azərbaycanda bir çox jurnalistlər yüksək vəzifələrə təyin edilir. Bu isə özü özlüyündə bir stimuldur. Jurnalist peşəsinə verilən böyük önəmdir. Nəzər yetirin, ABŞ bu gün nə qədər demokratiyadan danışsa da, məhz tənqid yazdığına görə onlarla jurnalisti həbs edir, president İlham Əliyev isə “Yeni Müsavat” qəzetinin baş redaktorunu məhz obyektiv tənqid yazdığı üçün mükafatlandırır. Bu gün biz obyektiv şəkildə öz mətbuatımızı dünya mətbuatı ilə müqayisə etməyi bacarmalıyıq. Yalnız o zaman biz öz mətbuatımızdakı yaxşıları da, pisləri də, görmək iqtidarında olarıq. Bu gün məhz dövlət rəhbərimizin sayəsində nəinki Azərbaycan jurnalistləri, ümumiyyətlə dünya praktikası mətbuatın həqiqətən də bir ölkənin dördüncü hakimiyyəti ola biləcəyinin şahidi oldu. Lakin mən şəxsiyyətinə böyük hörmət etdiyim dahi Heydər Əliyev dövründə yetişmiş bir jurnalist olduğum üçün, mətbuatımızdakı mövcud müsbət tendensiyalarla kifayətlənə bilmərəm. Çünki Heydər Əliyev demişkən mənim dövlətimə hər şeyin ən yaxşısı yaraşır. Bunun üçünsə biz birlikdə çalışmalıyıq. Heydər Əliyev həmişə jurnalistlərlə görüşlərində deyərdi: “Harda çalışırsan çalış, amma amalın dövlətə xidmət olmalıdır”. Bu böyük sözdür. İnanıram ki, bu gün bu bütün Azərbaycan mətbuat nümayəndələri üçün bir deviz olsa, mətbuatımız günü gündən yalnız çiçəklənər…

– Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə müsbət təsir göstərib?

-Bu gün dünyanın heç bir yerində azad media deyilən anlam yoxdur. Bəzilərimiz azad media deyəndə yalnız hakimiyyətin türk demişkən “kirli çamaşırları”nı ictimailəşdirməyi nəzərdə tuturuq. Amma bu belə deyil. Azad media bu gün Azərbaycandakı mediadır. O qədər azaddır ki, kim nə istəyir yazır. Əslində mətbuatdan senzuranın götürülməsi biz jurnalistləri sevindirsə də, digər tərəfdən bu günki mətbuat nümayəndələrinin sözün əsil mənasında ağızlarına gələni yaza bilmələri bir qədər narahat edir. Senzuranın bir qədər olması bu gün gərəkli faktorlardan biridir. Hətta deyərdim, müharibə şəraitində yaşadığımızı nəzərə alaraq, siyasi baxımdan orta mövqe qorunmalıdır. Bəzən bu siyasi mövqeni qorumaq adına bəzi xəbərlərin ictimailəşdirilməsinə yasaq qoymaq istəyini belə bizdə məlumat azadlığı ilə qarışdırırlar. Müharibə şəraitində yaşadığımızı nəzər yetirdikdə, qlobal siyasi arenada baş verən siyasi çəkişmələrlə yanaşı bir qədər düşünülmüş şəkildə xəbərlərin ictiamiləşdirilməsini təmin etmək gərəkir. Bu gün dünya praktikası jurnalistlərin sadəcə yazı yazıb dərc etməklə kifayətlənməməyi tövsiyyə edir. Bu gün jurnalist düşünməlidir, jurnalistikanın hansı sahəsində olursa olsun siyasi baxımdan yanaşma tərzinə, istənilən məsələni təhlil etmək potensialına malik olmalıdır. Bu gün bizim tərcüməçi jurnalistlərimizin böyük əksəriyyətinin öz üzərlərində çalışmalarına ehtiyac var. Bəzən erməni mətbuatından tərcümə verirlər. Tərcüməni olduğu kimi içərisində Azərbaycanın ünvanına yazılan nəlayiq sözləri belə tərcümə edib, dərc edirlər. Bu gün tərcüməçilərimiz mətni olduğu kimi tərcümə edib ictimaiyyətə çatdırmağı mahir tərcüməçilik hesab etmələrinin özü yanlışdır. Hər bir tərcüməçinin, xüsusən də, düşmən mətbuatından tərcümələr edərkən dövlətin siyasi mövqeyini nəzərə alaraq tərcümə etməsi olduqca mühüm məsələdir.

– Hazırda Azərbaycan mətbuatında elektron medianın rolunu necə dəyərləndirirsiniz?

Bu gün elektron media daha rahat mətbuat sahəsidir. Əslində elektron media jurnalistlərin məsuliyyətlərini iki qat artırmalıdır. Çünki əvvəl bir jurnalistin beynin məhsulunu uzağı gün yarıma oxucu oxumağa müvəffəq olurdusa, bu gün artıq texnika elə inkişaf edib ki, hər kəs iki dəqiqə ərzində öz əl telefonlarından belə yazı ilə tanış ola bilir. Lakin elektron media sahəsinin inkişafı praktikamızda heç də dünya praktikası ilə uzlaşmır. Bu gün Azərbaycanda bütün dünyanın nəzərində ola biləcək, məlumat toplaya bildiyi informasiya büromuz yoxdur. Çünki jurnalistlərimizin böyük əksəriyyəti ölkə hüdudlarından kənarda dərc olunmaqda hələ də, çətinlik çəkirlər. Buna görə də, bizim informasiya büromuz olsa belə, məlumatdan istifadə olunmur. Bu gün dünya praktikası təhqiri qəbul etmir, faktlarla önə sürülən tənqidi qəbul edir. Bu gün parlamentlərarası əlaqələr kimi dövlətlərarası media diplomatiyası yaradılmalıdır. Bunun üçün dövlətin də təşəbbüsü gərəklidir. Iki il öncə mən Dövlətlərarası Media və Diplomatiya Mərkəzi yaratdım. Bu gün həmin mərkəzin sayəsində bir çox dövlətlərin jurnalist asossasiyaları ilə sıx əməkdaşlıqlar qurmuşuq. Düşünürəm ki, bunu yalnız mən yox, digər jurnalist həmkarlarım da, etməlidir. Əgər bu gün Latviyada erməni redaktoru olan bir jurnal mənim faktlarla yazdığım Xocalı soyqrımı haqqında yazını dərc edirsə, bu mənim yox, dövlətimin uğurudur. Və ya “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör” adlı könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupunu yaradanda, bizim sıralara yüzlərlə xarici jurnalist qoşuldu. Onlar mütəmadi olaraq bizim büro vasitəsi ilə yayılan informasiyalara birganə qala bilmədilər. Bu media sahəsində mühüm faktordur.

-İndiyə qədər elektron medianın hüquqi statusunun müəyyənləşdirilməməsi hansı problemlər yaradır?

– Bu gün bir az əvvəl dedim. Azərbaycanda İnformasiya büroları yoxdur. Istənilən bir mətbu orqanı ya qəzet, ya agentlik, ya da jurnal kimi qeydiyyatdan keçirmək mümkündür. Bu gün Mən VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosu yaratmışam. Amma mən onu büro kimi qeydiyyatdan keçirmək iqtidarında deyiləm. Təklif edərdim ki, dünya praktikasında artıq özünə görə vacib və gərəkli yeri olan informasiya bürolarının da qeydiyyatı sadələşdirilsin. Bu gün bizim mövcud geosiyasi alanda mövqermizi nəzərə alaraq, xəbərlərimizin dünya miqyasında yayılması üçün informasiya bürolarına ehtiyacımız var. Hazırda parlamentimizdə çoxsaylı media əhlinin də, millət vəkili qismində iştirakını nəzərə alaraq, İnformasiya və İnformasiyalaşma komitəsinin yaranmasına ehtiyac var. Bu komitənin yaranması birmənalı olaraq, müharibə şəraitində yaşamağımızı nəzərə alaraq, siyasi orta mövqeni qorumaqla yanaşı dövlətlərarası medianın inkişafına da, öz tövhəsini verəcəkdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here