Aydın Mirzəzadə: ” İlham Rəhimov situasiyadan istifadə edib, öz personasını kimlərinsə yadına salmağa çalışır…”

505834


YAP-çı deputat İlham Rəhimovla bağlı proqnozu: “Şübhəsiz ki, İlham Rəhimov siyasi hakimiyyətə iddialıdır…”

VOİCEPRESS.AZın eksklüziv müsahibi Azərbaycan Respublikası Milli Məclisinin 5 çağırış deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadədir:

-Biz dəfələrlə cənab Prezidentin və xanım Leyla Əliyevanın ağacəkmə aksiyalarında iştirakının şahidi olmuşuq. Amma buna baxmayaraq prezident və ailəsi ağac əkir, icra hakimiyyətləri isə ağacları kəsir. Belə bir şəraitdə Azərbaycanda mədəniyyət və istirahət parklarının icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsi sizcə nə qədər doğrudur?

-Ciddi bir məsləyə toxunursunuz. Bakı və Abşeron yarımadası ağacların və yaşıllığın qorunmasına daha çox ehtiyac duyulan bir regiondur. Bir ağacın ərsəyə gəlməsi çox böyük zəhmət tələb edir. Və bu baxımdan Bakıda yaşıllığın qorunması hər zaman dövlət başçısının diqqətindədir. Bu günlərdə “Ovçular evi” deylən bir obyekt söküldükdən sonra onun ətrafında olan 30-40 yaşlı ağacların kəsilməsi ilə bağlı yaranan gərginlik prezidentin müdaxiləsi ilə dəyandırıldı. Həmin ağacların qorunub saxlanması ilə bağlı tapşırıq verildi. Prezidentin bu mövqeyi cəmiyyət tərəfindən dəstəkləndi. Hesab edirəm ki, bu əslində bütün hakimiyyət orqanlarına ciddi bir mesajdır. Düşünmürəm ki, bu gün bütün səlahiyyətli şəxslər yaşıllığa qarşı laqeyd münasibət bəsləyirlər. Ancaq təəssüf ki, bəzi hakimiyyət orqanlarının buna laqeyd münasibətinin də şahidi oluruq. Lakin biz yaşıllığın qorunmasını həyat uğurunda mübarizə kimi qəbul etməliyik. Nəyin ki, qorumaq, yaşıllıq zonasını artırmaq lazımdır. Parkları qorumaq və yeni ağaclar əkmək laızmdır. Tikilən yeni yaşayış binalarının ətrafında yaşıllıq sahələrinin salınmasına böyük diqqət yetirilməlidir. Məsələn keçmiş “sovetski” kimi adlanan kvartal söküldükdən sonra orda böyük bir park salınacağı gözlənilir ki, bu Bakı şəhərinin görünüşünə gözəllik verməklə yanaşı ekologiyanın da yaxşılaşmasında böyük rol oynayacaq. Parkların mədəniyyət nazirliyindən alınıb icra hakimiyyətlərinə verilməsi isə bir qədər müzakirə olunacaq bir məsələdir. Çünki parklar gündəlik qulluq tələb edən bir yerdir. Çünki, parklarda qurumuş ağacların kəsilməsi, yenilərinin əkilməsi, oranın təmizliyi və s. bütün bunların hamısı kompleks iş tələb edən məsələlərdir. Düşünürəm ki, bu həm icra hakimiyyətinin, həm də ekologiya və təbii sərvətlər nazirliyin öhdəsinə verilməlidir ki, hər nazirlik öz üzərinə düşən işlə məşqul olsun. Bir ağacı kəsməzdən əvvəl ciddi şəkildə araşdırılmalıdır. Bir mütəxəssisin qərarı ilə həmin ağacın saxlansın və ya kəsilsin qərarı kimi olmamamlıdır. Bunun üçün xüsusi komisiya yaradılmalı və sonra qərar qəbul olunmalıdır. Azərbaycanda artıq elə bir demokratik mühit formalaşıb ki, hətta adi bir məhəlli mövzu belə qısa bir zamanda ictimaiyyətin müzakirə mövzusuna çevrilir və və buna dövlət başçısı da bəzi hallarda reaksiya verir. Yaşıllığı qorumaq həyatımızı, gələcəyimizi qorumaq deməkdir.


– Bu il ölkəmizdə “İslam Həmrəyliyi” ili elan olub. Ancaq bu ərəfədə xarici mediyada maraq doğuran məsələ məhz belə bir zamanda məsçidin sökülməsinə izin verilməsidir. Və bu tendensiya isə ölkə daxilində verilən qərarlarla icraatlar arasında ziddiyyətlərin olması kimi şərh edilir…

– “İslam Həmrəyliyi” ili elan olunması Azərbaycan cəmiyyətinin islami xarakterindən irəli gəlir. Azərbaycanda bu gün 2500 məscid var. Sovet dövründə 17 məscid var idi. Müstəqillik dövründə yüz dəfələrlə artıq məscid tikilib. Dövlət tərəfindən Heydər məsçidi, Təzə Pir məsçidi yenidən təmir edildi. Məscidlərin təbii qazla təmin edilməsi də, göz önündədir. İslam və digər dünyəvi dinlərə hörmət Azərbaycan dövlətçiliyinin genindədir və bu həmişə belə olacaq. Amma biz real həyatda yaşayırıq və bəzən problemlər yarana bilər. Əsas məsələ yaranan problemə necə reaksiya verilməsidir. Hacı Cavad məsçidi ilə məsələ bu il və ya gələn il də gündəmə gələ bilərdi. Çünki məsçid köhnə “sovetski” deyilən ərazidə yerləşir. Orada böyük park salınacaq və ora əyləncə yeri üçün nəzərdə tutulduğu üçün belə bir anlaşılmazlıq yaradı. Əlbəttə məsçidin sökülməsi ilə bağlı qərar tələsik verilmiş bir qərar idi. İctimai fikir öyrənilmədən, alternativ variantlara nəzər salınmadan bu halın yaşanması heç də xoşagələn hadisə deyildi. Amma məhz İslam Həmrəyliyi ilinin fəlsəfəsindən irəli gələrək, dövlət və cəmiyyət buna reaksiya verdi. Dövlət başçısı məsçidin sökülməsinin dayandırılması ilə bağlı, insanlarla danışıqlar aparılması ilə bağlı tapşırıq verdi. Mən düşünürəm ki, bu məsələnin həlli üçün ən yaxşı variant tapılacaq. Ancaq pisi odur ki, bu faktdan istifadə edərək, Azərbaycana hücumların təşkil edilməsidir. Və bu birinci dəfə deyil. Avroviziya və Avropa oyunları zamanı müxalif qüvvələr kütləvi aksiyalar təşkil etdilər, Azərbaycanda insan hüquqlarının olmaması ilə bağlı ittiham etməyə çalışdılar. Və anti-Azərbaycan mərkəzlərinin təbliğat kompaniyasına dəstək oldular. Azərbaycanda nə zaman belə mötəbər hadisələr baş verirsə o zaman belə şeylərə əl atır, hər hansı hadisə şişirdilir və ona neqativ don geyindirməyə çalışırlar. Bu heç vaxt nəticə verməyəcək. Azərbaycan özünün dünyəviliyində, demokratik dövlət quruculuğunda, insan hüquqlarında, o cümlədən inanclı insanların dinlərinə hörmət məsələsində hər zaman ən müsbət təcrübəni ortaya qoyacaq.


-Rusiyalı teleaparıcı Vladimir Solovyovla müsahibədə Cənab Prezidentin “Mən xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladıqdan sonra müxalifət cılızlaşdı” kimi fikirlərinə münasibət bildirmənizi istərdik…

-Bu Azərbaycan dövlətinin əslində möhkəmliyini göstərir. Dünyada, bu və ya digər ölkələrdə müdaxilə etməsi maraqlarının olması kifayət qədərdir. Bu müdaxilə etmə də ilk növbədə maliyyə dəstəyi ilə ölçülür. Öz ölkəsində heç bir dəstəyi olmayan, öz ölkəsində bir fəaliyyət göstərə bilməyən kiçik müxalif qruplar xaricdən aldığı pul ilə böyük qəzetlər buraxırlar, kütləvi aksiyalar təşkil edirlər. Azərbaycan ilə bağlı neqativ fikir formalaşdırmağa çalışırlar. Əgər bütün bunlar daxili maliyyə hesabına olsaydı heç bir problem olmazdı. Burada belə bir sual ortaya çıxır ki, niyə xarici qüvvələr Azərbaycanın daxilində bunu maliyələşdirməkdə maraqlıdır? Bu əslində bu gün bunlar verdiyi maliyyənin əvəzində hansısa siyasi diliversiya almağa başlayacaqları anlamını ifadə etmirmi? Dövlət haqlı olaraq ölkə daxilindəki siyasi qüvvələrin ancaq daxili resurslardan maliyyələşməsini tələb etmək iqtidarındadır. Siyasi təşkilat dövlətin deyil, özünün və cəmiyyətin tələb və təklifinə görə qurulur. Bunlar ən asan yola əl atıb xaricdən böyük məbləğdə maliyyə almağa üstünlük verirlər. Bu da Azərbaycanda mümkün olmayacaq. Azərbaycanda müxtəlifət var, müstəqil fikir var, siyasi rəqabət var. Ancaq Azərbaycan hansısa xarici qüvvələrin öz daxili siyasətinə müdaxilə etməsinə dözməyəcəkdir. Bu da aydındır ki, bunlar əsasən Azərbaycanı sevməyən, zəifləməsini istəyən antiazərbaycan dairələr, erməni diasporudur. Bu artıq dəfələrlə sübut olunmuş məsələdir. Hesab edirəm ki, bu qüvvələr özləri üçün nəticə çıxarmalıdırlar.


-Solovyovla müsahibədə Cənab Prezident xanım Mehriban Əliyevanın təyinatı ilə bağlı “Mən bunu qəsdən etdim. Birincisi, bu mövcud status-kvonun möhkəmləndirilməsdir, ikincisi, onlara göstərmək istəyirdim ki, biz onlar kimi deyilik və onların istədiyi yolla getməyəcəyik” kimi cavab verib. Cavabın ikinci qismində cənab Prezident “onlara göstərmək istəyirdim ki, biz onlar kimi deyilik və onların istədiyi yolla getməyəcəyik” deməsi ilə əslində kimi nəzərdə tutrdu və bu qərar nəyi dəyişməyə müvəffəq oldu?

-Cənab prezident kifayət qədər açıq fikirlər səsləndirdi. Birincisi, Mehriban xanımın təyinatı onun fəaliyyətinə verilən yüksək qiymət idi. Və bu Azərbaycanın bugünki maraqlarına cavab verir. Eyni zamanda prezident cəmiyyətin müxtəlif təbəqələrindən kifayət qədər savadlı insanları vəzifəyə təyin edib. Və onlara etimad göstərir. Azərbaycanın müstəqil siyasət yürütməsi heç də xaricdə tədqir olunmur. Onlar Azərbaycanı Suriya, Liviya, Yəmən ən yaxşı halda ən geridə qalmış Afrika, Asiya mislində görmək istəyirlər. Ancaq Azərbaycanın təbii sərvətlərinə sahib çıxması, müstəqil siyasət yeritməsi xaricdə müəyyən dairələri narahat edir. Və onlar müxtəlif yollarla hakimiyyəti dəyişməyə, və yaxud da Azərbaycanın daxilində qarşıdurmalar yaratmağa çalışırlar. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu bizə böyük uğur gətirir.

-İlham Rəhimov qeyd edib ki, ÜAK-ın Rusiyada qeydiyyata alınmaması ilə bağlı MM-dəki müzakirələr qənaətbəxş deyildi. Çünki müzakirələrdən əvvəl ÜAK-ın məsul nümayəndəsi onunla bağlı dəqiq məlumatı məruzə etməliydi. Ümumiyyətlə deputatların mətbuatda gedən yazılara əsasən məsələni müzakirə etmələri doğru deyil…Həmin müzakirələrdə siz də var idiz və hətta səhv etmirəmsə siz də öz münasibətinizi bildirmişdiniz… İlham Rəhimovun fikri ilə razısınızmı?

– Həmin şəxs Rusiya prezidentinin tələbə yoldaşı olmazdan əvvəl Azərbaycan vətəndaşıdır. Əslində onun siyasətçi və kolleqam olmadığı üçün fikrinə münasibət bildirmək istəməzdim. Bu Azərbaycanda, sosial şəbəkələrdə səslənən minlərlə fikirlərdən biridir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsi çox ciddi bir məsələdir. Kim buna dırnaqarası baxırsa, kim bu məsələnin bu və ya digər formada həll edilməsini düşünürsə çox böyük səhv edir. Buna qarşı çox ciddi bir cəbhə formalaşmalıdır. Bu Azərbaycan və Rusiya münasibətlərinə kölgə salacaq bir məsələdir. Bu şübhəsiz ki, Azərbaycanın sevməyən qüvvələrin fəaliyyətinin nəticəsidir. Rusiyada azərbaycanlılar say hesabı ilə birinci beşlikdədirlər. Azərbaycanlılar Rusiyanın siyasətində fəal iştirak edirlər. Azərbaycanlılar Rusiyanın iqtisadiyyatının möhkəmlənməsinə öz töhfəsini verirlər. Belə bir təşkilatı ləğv etmək, Azərbaycana meydan oxumaqdır. Bu iki milyon vətəndaşı özündən narazı salmaq deməkdir. Bunu bir daha düşünməlidirlər. Əgər bu ləğv edirlərsə, Azərbaycan Rusiya münasibətləri əvvəlki kimi qala bilməz. Bu Azərbaycana qarşı Səlib yürüşü kimi qiymətləndirilməlidir. Parlament çox düzgün olaraq, məsələyə münasibət bildirib. Deputatlar cəmiyyətin danışan dili, eşidən dili, vuran əlləridir. Burda hər mövzu səslənə bilər. Biz orda öz mövqeyimizi ortaya qoyduq. Mən şübhə etmirəm ki, bu məsələ parlamentdə qaldırılmasaydi başqa bir İlham Rəhimov ortaya çıxıb parlamenti susmaqda ittiham edəcəkdi. Yəni istənilən variantda mütləq bir İlham Rəhimov ortaya çıxmalı idi…

-Bir az əvvəl qeyd etdiyiniz kimi, Putinin tələbə yoldaşı, azərbaycanlımız İlham Rəhimovun bu günlərdə mətbuatda gedən bir fikri bizi düşündürməyə bilməzdi. Çox istərdik ki, ona öz şərhinizi verəsiniz. “Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da daxil Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olması üçün Diaspora Komitəsi, PA beynəlxalq əlaqələr şöbəsi, Milli Məclisdən ibarət bütün hakimiyyət komandası səmərəli və əlaqələndirilmiş iş apara bilmir. Lakin bir rəsmi vəzifə daşımayan İlham Rəhimovun yardımına möhtacdırlarsa, niyə elə professorun özünə yüksək dövlət postu etibar edilmir?” Sizcə İlham Rəhimovun nitqində saydığı dövlət orqanları və adları çəkilən şəxslər həqiqətəndəmi iş apara bilmir? Və sizcə İlham Rəhimov özünü nəzərdə tutub söylədiyi yüksək post hansı postdur? (bütün ölkənin gözlədiyi baş nazir postudur, ya Polad Bülbüloğlunu əvəz etmək niyyəti?)

– Mənə elə gəlir ki, hörmətli İlham Rəhimov situasiyadan istifadə edib, öz personasını kimlərinsə yadına salmağa çalışır. Dövlətin və ictimaiyyətin bu yöndə gördüyü işlər kifayət qədər böyükdür. Elə isə Rəhimovun özünə sual yaranır: “Əgər sənin Rusiyanın dövlət başçısına bir başa çıxışın varsa, sən niyə gizlənirsən?! Sən niyə mövqeyini bildirmir və vəziyyətin bu səviyyəyə gəlib çatmasına göz yumursan? “
Şübhəsiz ki, İlham Rəhimov siyasi hakimiyyətə iddialıdır, müəyyən bir posta iddialıdır və yaxuddaki özünü Azərbaycanda ikinci paralel hakimiyyət kimi göstərməyə çalışır. Hesab edirəm ki, burada “Rəhimovlar”ın nə bildirməsi yox, Azərbaycan cəmiyyətinin öz mövqeyini ortaya qoyması əsasdır. Mövqe isə ortadadır…

-Bu gün Azərbaycanda idman sahəsi işıq sürəti ilə inkişaf edir. Nədənsə bu inkişaf tempini biz təhsil sahəsində görə bilmirik. Sizcə bu gün dünya elm festivallarının, beynəlxalq elm yarışmalarının Azərbaycanda keçirilməsi üçün bizim elmdə birinci olanları da idmançılarımız kimi yüksək maddi və mənəvi dəstəkləməmizə ehtiyac yoxdurmu?

– İş burasındadır ki, idmanda qısa müddət ərzində uğur qazanmaq çox asandır. Bir nəfər idmançıya şərait yaradaraq, hardasa bayrağı qaldıra bilir. Elmdə isə həmin öncül mövqelərə çatmaq üçün onilliklər, yüzilliklər lazımdır. Birincisi, Azərbaycanda bu istiqamətdə işlər gedir.
Bu gün Azərbaycanda təhsilin keyfiyyəti yüksəkdir. Bu gün Azərbaycan elmi dünyanın qabaqcıl elm mərkəzləri arasında sıx əlaqələr mövcuddur. Hazırda universitetlərimizdə yüksək səviyyədə istənilən fənn tədris olunur. Mən özüm Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosentiyəm.
Mən həmin keyfiyyət dəyişikliklərinin şahidiyəm. Amma hələ çox iş görülməlidir. Struktur dəyişiklikləri aparılmalıdır, universitetlərə maliyyə dəstəyi verilməlidir. Azərbaycan elmi ilə dünya elmi arasında böyük bir elm mübadiləsi körpüsü yaradılmalıdır. Bu gün öndə olan elm kapitallarını böyük bir qismi sovet elminin yetişdirməsidir və onların dünyanın qabaqcıl elm mərkəzləri ilə ya əlaqəsi yoxdur, ya da xarici dilləri bilmirlər. Bu onların qüsuru deyil. Yeni nəsil, 30-35 yaşlarında, xarici dili səlist bilən, yeni metodologiyaya malik olanlar artıq yetişməkdədir. Mən hesab edirəm ki, onlar o nəticəni verəcəklər. Əsas məsələ odur ki, biz öz səhiyyəmizin razı deyilik. Biz daha yaxşı olması üçün yollar axtarırıq və bu da öz nəticəsini verəcək. Hesab edirəm ki, 20-30 ildən sonra hansısa deputatla bir gənc jurnalist söhbət edərkən təhsilin o zamanki inkişafından danışacaqlar.


Aysel İsgəndərova
VOİCEPRESS.AZ

Əvvəlki məqaləSumqayıtda yanğın olub – 20 sakin təxliyə edilib
Növbəti məqalədəBakının mənzil bazarında QİYMƏTLƏR dəyişdi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin