“İslam Həmrəyliyi Oyunları yaxınlaşdıqca Milli Şuranın yadına mitinq düşür”

0
313667

“Azərbaycanda hər dəfə hansısa böyük beynəlxalq tədbir ərəfəsində Milli Şuranın yadına mitinq düşür”.

VOİCEPRESS bildirir ki, bunu trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın mitinq keçirmək istəyinə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Milli Şura beynəlxalq tədbirlər vaxtı mitinq keçirməklə diqqəti cəlb etmək istəyir: “Yadınızdadırsa, sonuncu dəfə mitinqi ötən ilin sentyabr ayının 11-də keçirdilər. Həmin ərəfədə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilirdi, müqəddəs Qurban bayramı ərəfəsi idi, həmçinin Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsinə az qalırdı. İndi də İslam Həmrəyliyi Oyunları yaxınlaşır, dünyanın diqqəti Azərbaycana yönəlir və bu məqamda da bunların yadına mitinq düşür. Niyə indiyə qədər keçirmirdilər?! İndi yadlarına düşdü?! Bəllidir ki, Azərbaycanda mötəbər tədbirlər keçiriləndə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Təbiidir ki, bunlar sifarişi ermənipərəst dairələrdən, ermənilərin özündən alırlar. Avropa Oyunlarında da bu cür halların şahidi olduq, onlar Azərbaycan əleyhinə ermənilərlə birgə işlər aparırdılar. Bunlar ancaq öz xislətlərini düşünürlər. Onlar üçün xalq, dövlət, millətin maraqları arxa plana keçib”.

S.Novruzov vurğulayıb ki, bəzi qüvvələr Azərbaycanın inkişafından, beynəlxalq tədbirlər məkanına çevrilməsindən narahatlıq keçirir: “Milli Şura da həmişə bu cür mövqedən çıxış edib, Azərbaycanın nüfuzuna xələl gətirməyə, ölkəmiz haqqında mənfi fikir formalaşdırmağa çalışıb. Ancaq onlar heç vaxt öz çirkin niyyətlərinə nail ola bilməyib və bundan sonra da nail ola bilməyəcəklər. Çünki xalq onların əsl xislətini bilir. Xalq yaxşı başa düşür ki, Milli Şuranı heç vaxt millətin, dövlətin maraqları düşündürməyib, onlar ancaq öz şəxsi maraqları, xaricdən aldıqları vəsaitlər haqqında düşünürlər”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here