Sərkisyan bununla ordunun məhv olduğunu göstərdi

0
313643

Sərkisyanın kadr siyasəti bu ölkənin ordusunun artıq məhvə doğru getdiyinin təsdiqidir.

VOİCEPRESS
xəbər verir ki, bu sözləri axar.az-a Ermənistanın müdafiə nazirinə ixtisasca hərbçi olmayan yeni müavinlərin təyinatı ilə bağlı danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, Vigen Sərkisyanın bu təqdimatı onun ixtisasca peşəkar hərbçi olmamasından qaynaqlanır:

“Kadr siyasəti hər bir ölkənin daxili işidir. Ancaq hərbçilərin psixologiyasi mülki və digər ixtisaslarda işləyən insanların psixologiyasından çox seçilir. Bu, vəziyyətin düzgün qiymətləndirilməsi baxımından da vacib amildir. Ermənistan müdafiə nazirinə ixtisasca başqa sahədən olan şəxslərin müavinlər təyin edilməsi, ümumiyyətlə, bir sıra mətləblərdən xəbər verir. Əvvəla, görünür ki, ölkənin müdafiə naziri hərbçilər arasında işinə yarayan və etibarlı, peşəkar kadr tapmır, bu vəzifəyə özünə yaxın hesab etdiyi adamların təyini üçün təqdimat verir.

İkincisi, Serj Sərkisyanın müdafiə nazirinin müavinlərini mülki şəxslərdən təyin etməsi də Ermənistan Silahlı Qüvvələrində yüksək rütbəli kadr potensialının yox səviyyəsində olmasının göstəricisidir. Görünür, Vigen Sərksiyan da məhz buna görə mülki şəxslər arasında kadr axtarmağa məcbur olub. Ancaq Vigen və Serj Sərkisyanın məlum qərarı hərbiçilərlə davranışda müəyyən problemlərin yaranmasına gətirib çıxaracaq. Çünki Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi mülki şəxslərdən təşkil edildi və onlar ordudakı vəziyyəti düzgün qiymətləndirə bilməz”.

Polkovnikin fikrincə, bu faktor Ermənistanın olan-qalan ordusuna ciddi təsir edəcək:

“Mənim anlamımda, müdafiə naziri mülki adam və siyasətçi ola bilər, ancaq müavinlər mütləq peşəkar hərbçilər olmalıdır. İndiki şəraitdə Ermənistanda yüksək vəzifəni tutmağı bacaran peşəkar kadrların olmaması və erməni ordusuna mülki şəxslərin rəhbərlik etməsi İrəvanın kadr və ordu potensialının hansı səviyyədə olduğunun göstəricisidir”.

Polkovnik həmçinin Ermənistan Müdafiə Nazirliyinin ön cəbhədə xidmət edən əsgərlərin xidmətdən sonra hesablarına 10 min dollar köçürülməsi barədə qanun layihəsinə də toxunub və sözügedən faktları Ermənistan ordusunun siması adlandırıb:

“Torpaqlar pulla qorunmur, vətəndaş canını 10 min dollara satmır. Bunlar onu göstərir ki, 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın hərbi sistemi iflasa uğrayıb, artıq erməni xalqı yad torpaqlarda ölmək istəmir, hərbidən yayınır, peşəkar hərbçi olub, kimlərinsə siyasi iddiaları naminə işğalçı kimi ölməkdən imtina edir. Buna görə də peşəkar kadrlar tapılmır və mülki kadrlar ordunun başına gətirilir, onlar isə ön cəbhəyə əsgər tapmaq üçün “tender” elan edirlər. Ermənistan iqtisadiyyatı kimi, hərbi-siyasi sistemi də artıq iflasa uğrayıb”.

Qeyd edək ki, Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının üzvləri Artak Zakaryan və Artak Davtyan 15 apreldə müdafiə nazirinin müavinləri kimi vəzifələrinin icrasına başlayıblar.

İxtisasca hüquqşünas və diplomat olan Müdafiə naziri Vigen Sərkisyanın müavinləri də ixtisasca hərbi mütəxəssis hesab edilmirlər.

Zakaryan parlamentdə xarici əlaqələr komissiyasına, Davtyan isə elm, mədəniyyət, təhsil, gənclər və idman komissiyasına rəhbərlik edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here