– Hazırda Azərbaycanda böyrək, qaraciyər, sümük iliyi transplantasiyası həyata keçirilir. Azərbaycanda həyata keçirilməyən digər orqan və toxumaların transplantasiyası üçün hansı işlər görülür?
– Azərbaycanda orqan transplantasiyası ilə bağlı bir neçə normativ-hüquqi akt qəbul olunub. “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanundan irəli gələrək Nazirlər Kabineti transplantasiyanı apara biləcək müəssisələrin siyahısı, transplantasiyanın aparılma qaydası, şərtləri, toxumaların götürülməsi ilə bağlı sənədlər qəbul edib. Hazırda orqan transplantasiyası ilə bağlı yeni sənəd hazırlanmır, amma mövcud sənədlərdə təkmilləşdirmələr mütəmadi olaraq aparılır. Hazırda gözün buynuz qişasının transplantasiyasını asanlaşdırmaq – idxalına qoyulan məhdudiyyətin götürülməsi üçün müəyyən addımlar atılır. Bu sahə üzrə mövcud tələbat qiymətləndirilib. Gözün buynuz qişasının gətirilməsi üçün idxala qadağanın götürlməsi tələbatdan irəli gəlir. Bu transplantasiyaların aparılması üçün bizim bütün imkanımız var, problemimiz gözün buynuz qişasının çatışmazlığında idi. Lakin Azərbaycanda toxumaların, orqanların gətirilməsində qadağalar var. Buna görə də indi ilk olaraq, gözün buynuz qışasının ölkəyə idxalına icazə vermək üçün dəyişikliklər edilir və bu işə başlanılır. Ola bilsin ki, gələcəkdə digər toxuma və orqanların da idxalı ilə bağlı işlər görülsün.
– Azərbaycan gözün buynuz qişasını hansı ölkədən idxal edə bilər?
– Transplantasiyanı asanlaşdırmaq üçün əsasən xaricdə mövcud olan orqan və toxuma banklarından istifadə oluna bilər. Bizə ən yaxın ölkə olan İranda bu cür toxuma və orqanların bazası var. Bundan istifadə etmək qərarlaşdırılıb. Yəqin yaxın zamanlarda onun ölkəyə gətirilməsi üçün lazımi məsələlər öz həllini tapacaq.
– Bu gün Azərbaycanda canlı donordan orqan transplantasiyası həyata keçirilsə də, meyitdən orqan transplantasiyası həyata keçirilmir. Mütəxəssislər bunun səbəbini bu cür transplantasiyanın icra mexanizminin olmaması ilə izah edirlər və qısa müddət ərzində bunun üçün icra mexanizmləri hazırlanmasının vacibliyini bildirirlər. Hazırda bu istiqamətdə hər hansı iş görülürmü?
– “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul edildiyi zamandan 2011-ci ilədək həqiqətən də onun icra mexanizmi yox idi. Lakin 12 il sonra – 2011-ci ildə bu mexanizm işlənib hazırlandı. Bu gün Azərbaycan qanunvericiliyində meyitdən orqanın götürülməsi üçün hüquqi prosedurlar baxımından problemlər yoxdur. Bu transplantasiyanı reallaşdırmaq üçün hüquqi baza var. Nazirlər Kabineti (NK) də bununla bağlı qayda müəyyən edib. NK tərəfindən orqan və toxumaların transplantasiyası aparıla bilən müəssisələrin siyahısı təsdiqlənib. Bu siyahı daim təkmilləşdirilir. Orqan transplantasiyasını istənilən müəssisə edə bilməz. Bu, NK tərəfindən müəyyən edilir. Mövcud şərait imkan verdiyi halda NK müəssisədə transplantasiyanın aparılmasına razılıq verir. Bu siyahıda əvvəlcə 4 müəssisənin – Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasının adı var idi. İndi onların sayı 8-ə çatdırılıb. Siyahıya artıq Mərkəzi Klinik Xəstəxanası, Respublika Müalicə və Diaqnostika Mərkəzi, Respublika Talassemiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası da əlavə edilib.
– Əgər bu gün qanunvericilik meyitdən orqanın götürülməsinə icazə verirsə, onda bunun həyata keçirilməsinə nə mane olur?
– Problemlər Azərbaycanın özünün reallıqları ilə bağlıdır. Milli mentalitetimizdən, şəxsən azərbaycanlılara xas olan düşüncəmizdən irəli gələn problemlər bu sahədə çətinliklər yaradır. Meyitdən orqanın transplantasiyası üçün mexanizm olsa da, bunun “ilkin pionerləri” yoxdur ki, bu işə başlasınlar. Azərbaycanda insan vəfat etməmişdən əvvəl orqanını, toxumasını rəsmi vəsiyyət edibsə, o, vəfat edikdə onun orqanının, toxumasının transplantasiyası ilə bağlı heç bir problem olmamalıdır və ondan orqan, toxuma götürülə bilər. Sözsüz ki, şəxsin bioloji ölümü və beyin ölümü tam inkar olunmaz formada təsdiq olunmalıdır. Bu da hansısa fərdi şəkildə, hər hansı həkim tərəfindən deyil, konsilium tərəfindən müəyyən olunmalıdır. Transplantasiya həyata keçirən müəssisənin konsiliumu qərar verməli və bundan sonra baş həkim buna razılıq verməlidir. Hətta belə bir məsələ də var ki, əgər ölüm halı ilə bağlı məhkəmə-tibbi ekspertizası tələb olunursa, onda məhkəmə tibbi ekspertinin də razılığı alına bilər. Bu mütəxəssislərin razılığı olduqdan sonra həmin meyitdən transplantasiya məqsədilə orqan və ya toxuma götürülə bilər. Hazırda bizdə meyitdən orqanın götürülməsi üçün sadalanan bu prosedurların hamısı var. Sadəcə olaraq, bunu edən yoxdur. Bu, bəlkə də mentalitetimizdən irəli gəlir. Əgər küçədə şifahi bir sorğu keçirib soruşsaq ki, siz öldükdən sonra özünüzün, yaxud yaxın qohumunuzun meyitindən orqan götürülməsinə razılıq verərsiniz? Sorğu iştirakçılarının 99 faizi buna “yox” cavabını verəcək. Azərbaycanda bununla bağlı təfəkkür, yanaşma tərzi hələ başqa cürdür.
– Qanunvericilik insan orqan və toxumalarının alqı-satqı obyekti olmasına icazə verməsə də, bəzən hansısa insanın özünün daxili orqanlarını, xüsusilə böyrəklərini satması barədə elanlara rast gəlinir. Ötən müddət ərzində orqanlarını satan şəxslərlə bağlı cinayət işləri olubmu?
– Hər bir kəs özünün daxili orqanını, toxumasını kiməsə bağışlamaqda sərbəstdir. Amma bu, alqı-satqı predmeti ola bilməz. Əgər şəxs kiminsə şəfa tapması üçün ona öz orqanını verirsə, bu, alqışlanmalıdır. Amma bu, kommersiya xarakterli olduqda, qanun bunu qadağan edir. Qanunvericilikdə buna görə hətta cinayət məsuliyyəti də nəzərdə tutulub. Orqanın verilməsi çox həssas məsələdir. Bu, istənilən an alqı-satqı predmetinə çevrilə bilər. Təbii ki, insan öz sağlamlığının bərpası üçün hər bir şeyə hazır olur. Bunu hətta ödənişli əsaslarla da etmək istəyir. Amma qanun buna icazə vermir. Təkcə Azərbaycanda deyil, beynəlxalq hüquqda bu qadağalar mövcuddur. Orqan satışı ilə əlaqədar bir neçə il əvvəl cinayət işləri, müəyyən problemlər olmuşdu. Amma o işlər Səhiyyə Nazirliyi tərəfindən aparılmırdı. Ona görə də konkret olaraq, bununla bağlı statistik məlumatlar açıqlaya bilmərəm.
VOİCEPRESS.AZ