“Sahibkar işə başlayan kimi, məmur gəlib deyir ki, tez ol, ver!”

0
313690

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputatlar turizm sahəsində mövcud olan nöqsanlara diqqət çəkiblər.

“Rayonlarda otellərə gedirsən, orada yataq dəstləri illərlə yenilənmir, elə köhnə yataq dəstləridir. Ya kondinsioner işləmir, ya istilik sistemi. Belə olmaz axı. Qiymət də ki, Allah göstərməsin. Yaxına düşmək olmur. Şəraiti olmayan otelin bir gecəsinə 80 manat. Məgər daxili turizm varlılar üçün nəzərdə tutulub. Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir”.

VOİCEPRESS xəbər verir ki, bunu komitə üzvü Araz Əlizadə deyib.

Deputat bildirib ki, “Turizm haqqında” qanun layihəsində elə müddəalar var ki, onlar birbaşa korrupsiyaya yol açır.

“Ona görə də qanun layihəsi konkret olmalı və məmurlar korrupsiyaya yol açan məqamlara yol verməməlidir. Çünki qanunun boşluğundan istifadə edən məmur hansısa sahibkar bir turist obyekti və ya restoran tikməyə başlayan kimi başının üstünü kəsdirir və deyir: “Tez ol, ver”. Belə olmaz axı…”.

A.Əlizadə xaricə gedən turistlər üçün də yaxşı imkan yaradılmasını təklif edib.

“İldə bir milyonadək azərbaycanlı Gürcüstanda istirahət edir. Baxın İrəvandan qatar birbaşa Batumiyə gəlir, ancaq Bakı qatarı Tiflisədək gedir. Oradan isə vətəndaşlarımız Gürcüstana məxsus ekspress qatarı ilə Batumiyə getməli olur. Bir yandan biz dəmiryolunun rentabelsiz işlərini deyirik, bir yandan digərlərinə imkan yaradırıq. Sanki deyirik ki, biz qazana bilmirik, siz qazanın. Məgər Gürcüstana az vermişik ki, bu sahəni də onlara verək?! Olmaz elə özümüz Batumiyədək qatar marşrutu açaq? Qaz verdik, nefti verdik, digər sahələrdə yardım etdik. Bəsdir də.. Qoy özümüzünkülər bu sahədə aktivləşsin”- deyə o bildirib.

Deputat Elmira Axundova isə deyib ki, müzakirəyə çıxarılan “Turizm haqqında” qanun layihəsi qanundan daha çox biznes-plana oxşayır.

O bildirib ki, digər ölkələrin təcrübəsində bir sahə üzrə bir çərçivə qanunu olur ki, bunun da əsasında bu sahənin bütün tərəfləri əhatələnir.

“Ancaq müzakirəyə təqdim olunan qanun layihəsi mahiyyət baxımından nə çərçivə qanununa, nə Məcəlləyə, nə də digər bir qanuna bənzəyir. Bu, daha çox biznes-plana oxşayır”- deyə, o, vurğulayıb.

Deputat əlavə edib ki, öncəki variant bundan geniş olsa da, daha aydın dildə yazılmışdı və konkretlik var idi.

“Ancaq burada belə bir şey yoxdur. Natamamalıq və ziddiyyətlər mövcuddur. Sənəd elə olmalıdır ki, onun çərçivə qanunu və ya Məcəllə olduğu aydın olsun. Bundan əlavə konkretlik və aydınlıq olmalıdır. Digər məqam isə odur ki, burada məhdudiyyətlərdən yenidən söz açılır. Ümumiyyətlə, mənim məhdudiyyət sözündən xoşum gəlmir. Harada olsa da, turizmdə məhdudiyyət anlaşılan deyil”.

E. Axundova qeyd edib ki, qanun layihəsi üzərində yenidən işlənilməlidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here