“Qoç döyüşü” planı – İki dünya nəhəngi üz-üzə qoyulur

0
314287

“Suriya prezidenti Bəşər Əsəd Rusiyanı növbəti dəfə Amerika ilə üz-üzə qoymaq istəyir. Çünki nə qədər ki, Rusiya Suriyada Amerikaya müqavimət göstərir, Əsədin hakimiyyəti bir o qədər möhkəmlənir. Onun əsas məqsədi öz nüfuzunu bərpa etməkdir ki, bunu da Rusiyanın əli ilə edir. Amma indiki halda kimyəvi silahın tətbiqi Rusiyanı da pis vəziyyətə qoyub. İnanmıram ki, Rusiya bundan sonra Əsədi kor-koranə dəstəkləsin. Digər tərəfdən, Rusiya Əsədi ələ də verə bilmir. Çünki ortalıqda onu əvəz edə biləcək başqa güclü rəhbər yoxdur. Həm də Rusiya Suriyadakı hərbi əməliyyatda məhz Əsədin köməyi ilə iştirak edir. Əsəd də bunu bilir. Beləcə çox qəliz bir vəziyyət yaranıb”.

VOİCEPRESS xəbər verir ki, bu barədə milli.az-a beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz politoloqlar klubu”nun rəhbəri İlqar Vəlizadə ABŞ-ın Suriyaya Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə raket zərbələri endirməsinin gizli məqamlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, yaxın tarixə salınsa, görmək olar ki, Suriya ilə bağlı məsələlərdə 3-cü tərəfin müdaxiləsi Amerika-Rusiya münasibətlərinə həmişə mənfi təsir göstərib: “Ötən il ABŞ və Rusiya arasında atəşkəs barədə 2 dəfə razılıq əldə edilib. Hər dəfə də bu razılaşma pozulub. Amma onların pozulmasında nə Rusiya, nə də Amerika maraqlı olmayıb. O vaxt güman edilirdi ki, bu razılığı məhz Suriya, yəni Bəşər Əsəd hakimiyyəti pozmağa cəhd göstərir. Çünki bu razılaşmalar onun marağına cavab vermirdi. Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri görüşür, müzakirələr aparırdılar. Əsas mövzu da Suriya məsələsidir. Əlbəttə ki, iki ölkə prezidentlərinin görüşü də bu dialoqdan asılı idi və bu məsələ gündəmdə idi. Yəni bu ölkələr konstruktiv münasibətlərin qurulması istiqamətində səy göstərirlər. Lakin 3-cü tərəf, böyük ehtimalla bunu Bəşər Əsəd hesab etmək olar, bu dialoqu istəmir. Təbii ki, bu dialoqun baş tutmamasında İran da maraqlı deyil. Amma indiki halda vurğu daha çox Əsədin üzərinə düşür”.

Ekspert kimyəvi silahdan niyə məhz indi istifadə edilməsi ilə bağlı mülahizələrini də açıqlayıb: “Bir müddət əvvəl Amerika rəsmiləri Rusiyanın da maraqlarını nəzərə almaqla ilk dəfə olaraq bəyan etdilər ki, Əsədin devrilməsi onlar üçün əsas məqsəd deyil. Hər halda bu ərəfədə. Bu da konstruktuv dialoqa əsas yaradan bir amil idi və bunun üçün zəmin yaranırdı. Çox maraqlıdır ki, məhz bu ərəfədə kimyəvi silahdan istifadə edildi. Əslində bu, heç kimə lazım deyildi. Görünür, burada hansısa 3-cü tərəf prosesə kənardan müdaxilə edir və istəyir ki, ABŞ və Rusiya arasında Suriya ilə bağlı qarşıdurma davam etsin. Kimyəvi silahın digər qrupların əlində olması və ondan istifadəsinə gəlincə, bu, inandırıcı deyil. Əgər belə bir imkanları olsaydı, bundan əvvəllər də istifadə edərdilər.

Ümumiyyətlə, ABŞ-ın öz siyasətini dəyişməsi ilk baxışdan onu göstərir ki, Amerika Əsədi bu konfliktdə əsas qüvvə kimi tanımır və əsasən İŞİD-in məhvinə çalışır. Çox güman ki, Əsəd bu kimyəvi silah hücumu ilə bir daha öz mövcudluğunu göstərməyə çalışır və bildirir ki, onu indidən silmək, əsas fiqur kimi qəbul etməmək düzgün deyil və burada vəziyyətə məhz o nəzarət edir. Yəni bu kimyəvi silah tətbiqi bir növ həm də Əsədin onu saymayanlara mesajı ola bilər. ABŞ da belə vəziyyətdə dərhal siyasi aksenti dəyişdi və indi yenə də Əsədin hakimiyyətdən uzaqlaşdırılması gündəmə gəlib. Artıq hamı anlayır ki, Əsəd burada bir əngəldir, konstruktiv “oyunçu” deyil və ona qarşı başqa cür hərəkət etmək mümkün deyil”.

Politoloqun fikrincə, ABŞ-ın raket zərbələrinə cavab olaraq Rusiyanın hansı addımlar atacağı bəlli deyil: “Bundan sonra Rusiyanın radikal addımlar atıb-atmayacağı dəqiq bilinmir. Məlumdur ki, Rusiya ABŞ-ın Suriyaya zərbə endirməsini kəskin pisləyir. Digər yandan Rusiya yaxşı başa düşür ki, belə çox davam edə bilməz. Hər dəfə onlar Amerika ilə razılığa gəldikdə nəsə belə xoşagəlməz hadisə baş verir. Onlar çox gözəl bilir ki, bütün bunları kim və nə üçün edir”.

İ.Vəlizadə qeyd edib ki, hadisələrin sonrakı inkişafında iki paralel proses müşahidə oluna bilər: “Birincisi, Amerika-Rusiya prosesidir. Məncə yenə də gərginlik müşahidə olunacaq. Artıq bunun əlamətləri var. Digər proses Rusiya-Suriya münasibətləridir. Burada Rusiya tərəfdən müəyyən düzəlişlər, dəyişikliklər ola bilər. Yəni gündəliyə Əsədin taleyi ilə bağlı məsələlər çıxarıla bilər. Bu isə Rusiya-Suriya münasibətlərində müəyyən gərginliyə gətirib çıxara bilər. Burada İran faktorunu da nəzərə almaq lazımdır. Belə ki, İran qeyd-şərtsiz Əsədi dəstəkləyir. Ona görə də vəziyyətin bu cür inkişafı İranın marağındadır. Qısası, Rusiya özü də istəmədən bu cür vəziyyətə düşüb. O müttəfiqlərini özü seçməyib. Sadəcə geosiyasi vəziyyət bunu belə diktə edib. Amma müttəfiqlər artıq Rusiya siyasəti üçün konstruktiv rol oynamır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here