Qənirə Paşayeva ASAN Könüllüləri ilə görüşdə Aprel döyüşlərindən və qəhrəmanlarından danışıb

0
314720

VOİCEPRESS xəbər verir ki, Millət vəkili Q.Paşayeva Pedaqoji Universitetin binasında ASAN Könüllüləri ilə görüşüb. ASAN Xidmətin sədr müavini Ülvü Mehdiyev, xidmətin rəsmiləri və çoxlu sayda könüllünün iştirak etdiyi görüşdə Aprel döyüşlərində şəhid olan qəhrəman qardaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra çıxışa başlayan Qənirə Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək aprel döyüşləri və qəhrəmanlarımız haqqında geniş danışıb, gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb və Aprel zəfərinin dosta və düşmənə bir mesaj olduğunu da xüsusi vurğulayıb:
“Ötən il aprel döyüşləri dünyaya Azərbaycan dövlətinin, ordusunun gücünü, hərbiçisinin gücünü göstərdi. Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə ordumuz zəif idi, silahımız demək olar ki yox idi, dövlətimiz güclənməmişdi.
Ermənistana isə silah və siyasi dəstək verirdilər, ona görə də torpaqlarımızı işğal edə bildi. O vaxtdan Ermənistan bir qələbə eyforiyası yaşayırdı. Lakin ötən il onların qələbə eyforiyası darmadağın oldu. Aprel döyüşlərindən sonra Ermənistanda böyük bir təlaş var ki, Azərbaycan artıq torpaqlarını işğaldan azad edəcək, onun artıq belə bir gücü var. Bu gücü Azərbaycan apreldə bir daha bütün dünyaya və Ermənistana göstərib. Eyni zamanda, aprel döyüşləri Azərbaycan xalqının uzun illər ərzində səbrinin qalmadığını da işğalçı Ermənistana və bütün dünyaya göstərdi. Həmçinin, Azərbaycanın bir çox bölgələrindən olan gənclər bütün dünyaya göstərdi ki, harda doğulduğumuza, işğal altındakı yurdlarımızı gənc nəsillərimizin görməməsinə baxmayaraq onlar özlərini o torpaqlarda doğulmuş kimi hiss edirlər. Çünki o torpaqlar Azərbaycan xalqına məxsusdur. Və gənclərimiz torpaqlarımızı işğaldan azad etmək üçün canlarını da verməyə hazırdılar. Aprel döyüşləri də bunun ən önəmli zirvəsi idi ki, bu döyüşlərdən sonra bayrağımız Lələ Təpədə dalğalanır və Cocuq Mərcanlıdan olan məcburi köçkünlərimiz öz evlərinə dönə biləcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Lələ Təpədə dalğalanan gözəl bayrağımız yaxın vaxtlarda işğal altındakı ərazilərdə də dalğalanacaq”.

ASAN Xidməti rəhbərliyinə belə bir görüş üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Erməni diaspor, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Q.Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!” Millət vəkili Q.Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb və onlara müəllifi olduğu kitabları imzalı hədiyyə edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here