VOİCEPRESS xəbər verir ki, bunu bədii gimnastika üzrə Qazaxıstan milli komandasının məşqçisi Svetlana Krasnikova deyib.
Onun sözlərinə görə, Bakıdakı Dünya Kuboku çox vacib yarışdır: “Biz buraya tam heyətlə gəlmişik. İki fərdi gimnast və qrup komandası. Stabil çıxış etməyi gözləyirik. Bu mərhələ Astanada keçiriləcək Asiya çempionatına, eləcə də dünya çempionatına hazırlıq üçün yaxşı imkandır”.
Qazaxıstanlı məşqçi qeyd edib ki, bu yarışların səviyyəsi çox yüksək olacaq: “Burada çoxlu ölkə iştirak edir. Soldatova, Averina, Mustafayeva kimi adlar var. Ona görə də, bu yarışlarda iştirak böyük məsuliyyət tələb edir”.
Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.
Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.
Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.
Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.
VOİCEPRESS.AZ