Prezident İlham Əliyev: “”Made in Azerbaijan” brendi artıq dünyada şöhrət qazanır”

0
313713

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev “Made in Azerbaijan” brendinin dünyada tanıtdırılması üçün praktiki addımlar atıldığını, artıq bu brendin bu gün dünyada şöhrət qazandığını bildirib.

“Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Bir neçə sərgidə artıq kontraktlar da imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”, – dövlətimizin başçısı əlavə edib.

VOİCEPRESS xəbər verir ki, xarici ölkələrə bir neçə ixrac missiyasının ezam edildiyini, bu missiyaların da çox böyük faydası olduğunu deyən Prezident bildirib: “Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır”.

Azərbaycan Prezidenti vurğulayıb ki, növbəti 3-4 il ərzində biz əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etməyə çalışmalıyıq. Dövlətimizin başçısı bunun ixrac üçün əlavə imkanlar yaradacağını diqqətə çatdırıb.

“Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək”, -deyən Prezident qeyd edib ki, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. “Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”, – Prezident İlham Əliyev bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here