Ölüm uşağa açıqlanarkən nələrə diqqət etməli?

0
313835

0-2 yaşlı uşaq ölümü anlamır amma bağlandığı insandan ayrılmaq ona ayrılıq travması yaşada bilir.
3-6 yaşlı uşaq ölümü geri dönüşü olan bir hadisə kimi anlayır.
7-10 yaşlı uşaq ölümü geri dönülməz bir proses, sonlanma olaraq anlayır.
14 yaşından sonra isə ölüm hərtərəfli qavranılır.

Bunu VOİCEPRESS-ə Psixologiya Akademiyasının sədri Nigar Rəhimli deyib. O, qeyd edib ki, ölümü uşaqlara anladarkən ehtiyatlı olmaq, seçdiyimiz hər bir cümləni əvvəldən fikirləşməli, diqqətli olmalıyıq. Bu zaman edilən xırda bir səhv uşağın gələcək həyatında problemlər yaşamasına səbəb ola bilər.


ÖLÜM NECƏ AÇIQLANMALI ?

Açıqlamanı uşağın valideyni ya da hansısa doğması etməlidir. Səssiz, rahat bir otağın seçilməsi, uşağın oturması məqsədə uyğundur. Danışarkən doğru və uşağın yaşına uyğun məlumatlar verilməlidir. Verəcəyiniz xəbər üçün uşağı əvvəlcədən hazırlayın. Məsələn ; atası ölən bir uşağa xəbəri vermədən öncə “Sənə atanla bağlı kədərli bir xəbər verəcəyəm” deyə bilərsiniz.

Ölüm bu cür açıqlana bilər: “Öləndə artıq nəfəs almırıq, ürəyimiz dayanır (uşağın əlini ürəyinə, sonra sizin ürəyinizə qoyub döyüntüləri eşitməsinə kömək edin), saçlarımız və dırnaqlarımız artıq uzanmır”.

Ölüm xəbərinin uşağı kədərə boğması normaldır. Bunun üçün söhbət bitdikdən sonra “gəl, sənə dondurma alım” tipli cümlə işlətməyiniz anlamsızdır. Uşaq həmin an kədərini yaşamalıdır. Məsələni oyuna çevirməyə gərək yoxdur.

10 yaşından kiçik uşaqların cənazəni görməsi travmalara yol aça bilər. 10 yaşından sonra isə öncədən açıqlama vermək şərti ilə məzar ziyarətinə gedilə bilər.

Ölümü izah edərkən buraxılan SƏHVLƏR !

“O, dərin bir yuxuya gedib” : Ölüm yuxu deyil. Ölümün bir yuxu olduğuna inanan uşaq ölən şəxsin bir gün oyanacağını düşünür. Qayıtmadığını gördükcə hər gün frustrasiya (xəyal qırıqlığı) yaşayır. Həmçinin özü də yatmağa gedərkən (beynində bunu ölümlə eyniləşdirdiyi üçün) qorxmağa başlayır. Bəzi hallarda yatmaq istəmir.

“O səyahətə getdi”: Bu hal da uşaqda gedənin geri qayıdacağına dair ümid yaradır. Uşaq ağlayan insanları görüb ölən atasına qarşı aqressiya duyur. “Əgər atam məni çox sevirsə niyə uzun zamandır gəlmir”? deyə düşünən uşaqda tərk edilmişlik hiss yaranır.

“Xəstə olduğu üçün öldü” : Bu zaman uşaq kiminsə xəstələndiyini gördükdə (hətta özü xəstələndə də) öləcəyini düşünüb qorxur.

“Allah onu çox sevdiyi üçün yanına apardı”: Bu halda uşaq “Allah məni sevmirmi?” deyə düşünüb kədərlənir.

“İnsanlar böyüyür, qocalır və ölürlər” : Yemək yeyərkən böyüdüyünü bilən uşaq böyüməmək üçün yeməkdən imtina edə bilər”.

“O yamyaşıl ağacları, yaxşı insanları, gözəl şəlalələri olan bir yerə – cənnətə gedib”: Siz bu haqda danışarkən uşağınız “mən də ora getmək istəyirəm” deyərsə təəccüblənməyin.

Unudulmamalıdır ki, uşaqlar böyüklərin ölümlə bağlı açıqlamaları üzərində bir çox qorxulu xəyal məhsulu yarada bilirlər. Bu isə həyatlarını kabusa çevirir. Məhz buna görə də ölüm haqqında danışarkən deyəcəyiniz hər sözə diqqət edin…



Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here