Masallıda bayraq dirəyi, elektrik dirəkləri aşdı, ağacla kökündən çıxdı

0
305726

Aprelin 19-da Masallı rayonunda əsən güclü külək rayon ərazisində bəzi fəsadlar törədib.

Bu barədə VOİCEPRESS-ə Masallı rayon icra başçısının müavini Nəsir Muxtarlı məlumat verib.

Onun sözlərinə görə, güclü külək rayon ərazisindəki bayraq dirəyini aşırmaqla yanaşı, bir neçə ağacı da kökündən çıxarıb: “Küləyin təsirindən rayon ərazisində bir-neçə ağac kökündən qopub. Ərkivan və Qəriblər kəndində elektrik dirəkləri aşıb və hər iki kənddə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb. Elektrik dirəkləri dərhal dəyişdirilib və kəndlərə elektrik enerjisinin verilməsi bərpa olunub. Evlərə və obyektlərə ziyan dəyməyib. Hazırda rayon ərazisində vəziyyət tam normaldır”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Trend-ə bildirib ki, aprelin 19-da ölkə ərazisində əsən güclü külək Masallı rayonu ilə yanaşı, digər rayonlarda da xırda problemlər yaradıb:

“Güclü külək bəzi rayonlarda da elektrik enerjisinin verilişində kiçik problemlər yaradıb. Amma “Azərişıq” ASC-nin əməkdaşları hadisə yerinə baxış keçirərək həmin problemləri dərhal aradan qaldırıb. Hazırda ölkə ərazisində elektrik enerjisinin verilməsində problem yoxdur”.

Qeyd edək ki, ötən gün əsən güclü külək Masallı rayonu ərazisindəki bayraq dirəyini aşırmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here