Lavrovun Rusiya ilə Ermənistanın birləşdirilməsi haqqında bəyanatına reaksiya

0
313623

“Bu barədə qərar hökumət tərəfindən qəbul edilməlidir”

Gürcüstan xarici işlər naziri Rusiya ilə Ermənistan arasında birbaşa dəmiryolu əlaqəsinin bərpa edilməsinə dair rusiyalı həmkarı Sergey Lavrovun iki gün əvvəl Abxaziyada verdiyi bəyanatı şərh edib.

VOİCEPRESS xəbər verir ki, nazir Mixeil Canelidze “Azadlıq” radiosunun gürcü xidmətinə açıqlamasında bu barədə qərarın hökumət tərəfindən qəbul edilməli olduğunu bildirib.

Xəbər verildiyi kimi, Sergey Lavrov Suxumidə bildirmişdi ki, Rusiya tərəfi Abxaziya ərazisindən keçən dəmiryolunun açılmasını və “üçüncü ölkələrə” tranzit yükdaşımalarının bərpa olunmasını istəyir. Lavrovun sözlərinə görə, Abxaziya tərəfi də buna hazırdır, dəmiryolunun açılmasını ən çox istəyən isə Ermənistandır. Rusiya xarici işlər naziri qeyd edib ki, dəmiryolunun açılması üçün hüquqi baza da var. Bu, Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı 2011-ci ildə Gürcüstanla bağladığı ikitərəfli sazişdir.

Xarici işlər naziri Canelidze bildirib ki, Gürcüstan üzərindən istənilən tranzit daşımaları ölkə qanunvericiliyi ilə nizamlanır: “Bu cür daşımaların, o cümlədən işğal altındakı ərazilər üzrə daşımaların təşkili barədə bütün qərarları Gürcüstan hökuməti qəbul etməlidir” – Canelidze Abxaziya dəmiryolunun açılmasının mümkünlüyünü istisna etməyib. Nazir əlavə edib ki, Lavrovun istinad etdiyi saziş Gürcüstanın üzərinə işğal altındakı ərazilərdən keçən və nəzarət edə bilmədiyi sərhədlərlə bağlı öhdəlik qoymur.

Digər tərəfdən, 2011-ci ildə imzalanmış saziş hələ qüvvəyə minməyib. Sazişə görə, Rusiya ilə Gürcüstan arasında Abxaziyadan keçən yüklərin daşınmasına üçüncü tərəf – İsveçrə şirkəti nəzarət etməli idi. Həmin şirkətlə də müqavilə hələ bağlanmayıb.

Qeyd edək ki, Ermənistan Abxaziyadan keçən dəmir yolunun açılması ilə nəqliyyat blokadasından çıxmağa ümid edir. Lakin eyni zamanda razılaşır ki, bu məsələnin həlli təkcə Gürcüstandan asılı deyil. Azərbaycan Ermənistanın təcrid vəziyyətindən çıxmasına hesablanmış təşəbbüslərə indiyə qədər uğurla mane ola bilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here