Epidemiya halı almış intiharların qarşısını necə alaq?

0
300083

İntiharlar önəmli sağlamlıq problemlərindən biridir. Bütün dünyada gündə orta hesabla 1000 insan intihar edərək həyatına son verməkdədir. Bütün dünyada hər 42 saniyədə bir adam həyatına son vermək üçün intihara cəhd edir, 17 dəqiqədə isə bir adam intihar səbəbiylə həyatını itirir. İntihar sıxlığı yaş qruplarına görə və cinsiyyətə görə fərqlənir. Xüsusilə gənclərdə önəmli bir problemdir. ABŞ-da edilən araşdırmada 15-24 yaş qrupunda ölüm səbəbləri arasında üçüncü sıranı intiharlar tutur. İntihar səbəbləri çox çeşidlidir. Bunlar arasında: psixiatrik xəstəliklər, sosial səbəblər, psixoloji səbəblər, bioloji səbəblər, genetik səbəblər, fiziki xəstəliklər sayıla bilər.

İntihar səbəbləri gənc və yaşlılarda ümumiyyətlə daha fərqlidir. Edilən araşdırmalarda yaşı 30-dan yuxarı olan insanların intihar hadisələrində ən tez intihar səbəbinin anti-sosial şəxsiyyət pozğunluğu və spirt-maddə asılılığı olduğunu, yaşı 30-dan aşağı olan insanlarda isə depressiyanın ən tez səbəb olduğunu göstərir. İntihara gətirib çıxaran əhəmiyyətli həyat hadisələri isə 30-dan aşağı olan insanlarda boşanma, rədd edilmə, işdən çıxarılma və qanuni problemlər; 30-dan yuxarı olan insanlarda isə fiziki xəstəliklər olaraq təyin olunmuşdur.

Yaş artdıqca intihar nisbətləri də artmaqdadır. Kişilərdə ən sıx 45 yaşlarında, qadınlarda isə 55 yaşlarında intihar görülməkdədir. Qadınlar intihara daha çox meyl göstərir, lakin intiharda ölüm nisbəti kişilərdə daha çoxdur. Evli insanlarda intihar nisbəti boşanmış şəxslərə görə daha azdır. İşləmək adamı intihardan qoruyan əhəmiyyətli bir xüsusiyyətdir. İşsiz insanların sosial-iqtisadi vəziyyətləri pozulur, onlarda psixiatrik problemlər ortaya çıxır (xüsusilə narahatlıq və depressiya) və stress verən vəziyyətlərlə qarşılaşma ehtimalı artır. Bu səbəblə işsiz qalan insanlarda intihar etmə ehtimalı artmaqdadır.

İntihar etməyi düşünən insanlar bu cəhdlərini reallaşdırmadan əvvəl bəzi siqnallar verir. Buraya ani davranış dəyişiklikləri, davamlı olaraq ölümdən və ya ölmə istəyindən danışmaq, intihar etməyi düşündüyünü söyləmək, vida və ya ayrılıq sözləri söyləmək, məktublar yazmaq, tanışları ilə küsülülükləri sonlandırmaq, həyatın əhəmiyyətsiz olduğunu ifadə edəcək mesajlar vermək aid oluna bilər.

Gənclərdə və uşaqlarda intihar etməyi asanlaşdırıcı bəzi həyat hadisələri mövzusunda məlumat sahibi olmaq da, intiharı əngəlləməkdə bizə kömək edə bilər. Aşağıdakı hadisələr depressiyada olan bir uşaq və ya gənc üçün “stəkanı daşıran son damla” ola bilər. Onsuz da həyata istəyi çox azalmış olan gənc ümidsizliyə qapılaraq həyatına sonlandırmağa qərar verə bilər;

• ailə içi ağır konflikt

• cinsi təcavüz və ya fiziki şiddət

• təhqir və ya alçaldılma (xüsusilə başqalarının yanında)

• məktəb müvəffəqiyyətsizliyi (sinifdə qalma, məktəbdən kənarlaşdırılma və s.)

• ağır bir haqsızlığa məruz qalma

• cəzalandırılma qorxu və qayğısı

Daha əvvəldən intihar cəhdində olan kəslərin yenidən intiharı sınama ehtimalları böyükdür. Bu səbəblə əvvəldən intihar cəhdində olan gənclərin valideynləri bu mövzuda çox diqqətli olmalıdırlar. Ailələr və pedaqoqlar, xəstəliklərin kimsəyə imtiyaz tanımadığını, hər gəncin depressiya keçirmə riski daşıdığını unutmamalı və şübhələndikləri bir vəziyyətlə qarşılaşdıqlarında heç zaman itirmədən bir mütəxəssisə müraciət etməlidirlər.

Nəticə olaraq, intihar önəmli ictimai bir problemdir və qarşısı alına biləcək bir ölüm səbəbidir. Yetər ki zamanında hiss edilsin. İntihar mesajları verən kəsləri mütəxəssislərə yönəltmək yaxınların edə biləcəyi ən böyük köməkdir. İntiharların ən böyük səbəbi depressiyadır və müalicə edilsə intihar riski azalır. Bu baxımdan depressiyanın müalicə edilməsi çox əhəmiyyətlidir. İntihar cəhdi olan yaşlı xəstələrlə edilən araşdırmada bu xəstələrin 70%-nin intihar cəhdində olmadan əvvəl həkimə müraciət etmədikləri göstərilir.

Psixologiya Akademiyasının sədri Nigar Rəhimli


Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here