Transfqafqaz dəmir yolu xətti 1992-1993-cü il gürcü-abxaz müharibəsi zamanı dayandırılmışdı. Rusiya və Ermənistan rəsmiləri Suxumi-Tbilisi-İrəvan dəmir yolu xəttinin bərpasına razı olduqlarını bəyan etmişdi.
Sergey Lavrov qeyd edib ki, tranzitin bərpası üçün hüquqi əsas mövcuddur. 2011-ci ildə Rusiyanın bağladığı razılıqla Abxaziya və Cənubi Osetiyadan keçməklə Ermənistana ticarət məqsədilə dəmir yolunun bərpası nəzərdə tutulurdu. Separatçı qurumun “hökumət rəhbəri” Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xəttinin iqtisadi baxımdan çox faydalı ola biləcəyini deyib. “Demək istəyirəm ki, bu layihəyə maraqla yanaşırıq. İqtisadi baxımdan məsələyə baxmalıyıq. Hesab edirəm ki, bu sərfəlidir. Layihəyə qarşı ancaq Gürcüstan çıxır. Deməli, problem siyasi mahiyyət daşıyır. Amma məsələyə iqtisadi baxımdan yanaşmalıyıq”.
Moskva məhz bu dəmir yolu vasitəsilə öz müttəfiqi ilə birbaşa əlaqə qurmaq imkanına malik olacaq.
Gürcüstan tərəfi isə bu razılığın haqlı olaraq əleyhinə çıxır. Rəsmi Tiflisin razılığı olmadan Abxaziya tərəfindən belə bir addımın atılması hüquqa zidd sayılır. Gürcüstan xarici işlər nazirliyi indiki vəziyyətdə dəmir yolu əlaqəsinin bərpasını real saymır. Çünki onların buna razı olması faktiki olaraq Gürcüstanın ərazi bütövlüyünün bərpasının Tiflis tərəfindən qəbul olunması deməkdir. Bu məsələyə yalnız və yalnız ərazi bütövlüyünün bərpasından sonra baxmaq olar.
Hazırda Rusiya ilə Ermənistan arasında yeganə dəmir yolu əlaqəsi Yuxarı Lars vasitəsilə aparılır.
VOİCEPRESS.AZ