Gələcəyi Azərbaycan gəncliyində görən cənab İlham Əliyevə Azərbaycan gəncindən müraciət: “Hörmətli Prezident, mən nə vaxt sağlam olacam?”

0
313596

“Mən sağlam, Sizə və xalqıma yararlı olmaq istəyirəm!”

Bu günlərdə bir azərbaycanlı gəncdən redaksiyamıza sözün əsil mənasında ilginc və olduqca düşündürücü bir müraciət daxil oldu. Həmin gəncin istəyinə görə, biz bu müraciəti cənab Prezidentin diqqətinə çatdırmaq məqsədi ilə dərc etməliydik. Biz informasiya bürosu olaraq, gəncimizin arzu və istəklərini nəzərə aldıq. Həmin gəncimizin diləyini gerçəkləşdirə bilməsək də, ən azından vasitəçi olub Azərbaycan gəncinin müraciətini möhtərəm Preidentimizə duyurmaq missiyasını yerinə yetirməyə çalışdıq.

Qısa olaraq qeyd edək ki, 17 yaşlı yeniyetmə gənc igidimizin adı Əlidir. Adı gedən bu gənc olduqca saf ürək sahibi, hümanist və yetəri qədər istedadlı olsa da, görünür Allahın həyata sınaq üçün göndərdiyi talehsiz bəndələrindəndir. Çünki Əli doğulandan bir neçə ay sonra atasını itirib. Ana və bacısı ilə yaşayan Əli 6 aylığından baş-beyin serebral iflic xəstəliyi ilə mübarizə apardı. Ailəsi bütün gücünü onun sağalması üçün sərf etsə də, Əlinin eşitmə, danışma və görmə probleminin qarşısını ala bilməyiblər. Heç bir əqli qüsurunun olmaması ilə bərabər Əli həm də zahirən bir rəssamın çəkdiyi ən gözəl rəsm qədər valehedici və ən tanınmış kino ulduzları qədər yaraşıqlıdır.
Bu gün Əli 17 yaşında olmasına baxmayaraq çox qəribə həyat mücadiləsi verir. Özünü dünyaya, həyata, xalqa, vətənə, ailəsinə gərəksiz hiss edir. Halbuki, onun tək istəyi sağlam olmaq və birilərinə yararlı olmaqdır. Əslində yaşamaq adına Əli həyatdan çox şey istəmir axı…

Anası ikinci qrup əlildir, iki dəfə əməliyyat keçirib. Ailənin bütün yükü üzərində olan bacısı isə çalışıb-didinib Əlini sağaltmaq üçün əlindən gələni əsirgəmir. Bu günlərdə gözünün əməliyyatını reallaşdırdılar. Lakin ailədə tək bacı çalışdığı halda yalnız göz əməliyyat parasını təmin etmək mümkün olub. Əli eşidib, danışmaq arzusu gözündəki əməliyyat tikişinin ağrılarının önünə keçsə də ailənin bu problemi həll edəcək maddi gücü yoxdur. Əlinin yeganə ümid yeri isə möhtərəm Prezident İlham Əliyev cənablarıdır. Hələ ömrünün baharında olan yeniyetmə gəncin müraciətini olduğu kimi ictimaiyyətə çatdırırıq:

Möhtərəm Prezidentim!

Mənim 17 yaşım var. Əfsuslar olsun ki, bunu mən sizə nə Vətənin keşiyində dayanan əsgər kimi, nə də idman sahəsində ölkəmi layiqincə təmsil edib qızıl medala layiq görülən idmançı kimi yaza bilmirəm. Mən bu məktubu Sizə əməliyyatdan sonra xəstəxanada əlil bir gənc kimi yazıram. Bəzən mənə atasızam deyirlər. Amma mən bu sözü heç xoşlamıram. Çünki Siz biz gənclərin atasısınız. Ona görə də, mən bu sözləri sizə yazmaq istədim.
Sözün doğrusu, mən özümü çox tənha hiss edirəm. Çünki mən nə danışa, nə eşidə nə də yaxşı görə bilmirəm. Özümü yararsız hiss edirəm, anama, bacıma ömürlük yük hesab edirəm. Mən bütün bu çətinliklərə rəğmən sağlam olmaq, Sizə və xalqıma layiqli bir gənc olmaq istəyirəm. Bacım bütün qüvvəsi ilə mənim sağalmağım üçün çalışdı. Qulağıma eşitmə cihazı qoydurdu, illərlə həkimlərə apardı, hər ehtiyacımı qarşıladı, indi də gözümü əməliyyat etdirdi. Əməliyyat yeni bitsə də, mən zamanla daha yaxşı görəcəyimə inanıram. Bundan sonra daha çox sağlam olmaq istəyirəm. Daha insanlar içində utanmaq istəmirəm. Mən də eşitmək və danışmaq istəyirəm. Mən də təhsil almaq istəyirəm. Sizdən xahiş edirəm, mənə sağalmaqda kömək edəsiniz. Həkimlər eşidə bəcəyimi söyləyirlər. Lakin, mənim eşitməyim üçün bir qulağımın əməliyyatına 20 min dollar vəsait gərəkir. Həkimlər dedi ki, hər iki qulağa eşitmə cihazı qoyularsa loqoped köməyi ilə də danışa bilərəm. Lakin mənim ailəmin bu vəsaitləri qarşılamaq gücü yoxdur. Mən görmə qabiliyyətimin düzəldiyi kimi, eşitmə və danışma imkanlarımın da bərpa olunmasını istəyirəm. Bunun üçünsə, yalnız Siz mənə yardım edə bilərsiz. Çünki mən Sizə inanıram. Mən bilirəm ki, Siz gənclərin dostusunuz! Gəncləri çox sevirsiniz. İnanıram ki, Siz mənim bu sözləri Sizə danışaraq söyləyə bilməm üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
Bunu sizə yazan zaman o qədər həyəcanlanıram ki, cavabını bilməsəm də, fasiləsiz özüm-özümə bu sualı verirəm: “Hörmətli Prezident, mən nə vaxt sağlam olacam?”

Hörmətlə,

Nəzərov Əli Qənbər oğlu,

Təvəllüd 08.06.2000.

Tibbi diaqnoz: Hər iki qulaqda ağır dərəcəli sensonevral tipli eşitmə azlığı.
Ünvan: Tovuz rayon., E.Quliyev. Ev 92 . Az6000

Əlaqə telefonu: (+994) ) 506822443 (+994) 223155749

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here