Ermənilərin aprel vandalizmi FOTOLARDA

0
313781

Aprel döyüşlərinin baş verməsindən bir il ötür. Azərbaycan tarixinə şanlı qələbə kimi düşən aprel döyüşləri, həm də erməni vandalizmini bir daha dünyaya nümayiş etdirdi.

Ötən ilin aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artileriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəyib və ya onlar dağıdılaraq tam yararsız hala salınıb.

Ağdamda hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir. Tam yandırılan evlərin sayı – 5, tam dağıdılan evlərin sayı – 30, atəş zərbəsindən zərər çəkən evlərin sayı – 37-dir. Bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəsi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.

VOİCEPRESS azvision.az-a istinadən xəbər verir ki, Tərtərdə ermənilərin təxribatı nəticəsində 256 evə ziyan dəyib. Həmin evlərdən 22-si tamamilə dağıdılıb. Goranboy rayonunda ötən il aprelin 2-dən 5-dək ermənilərin cəbhə boyu kəndləri atəşə tutması nəticəsində təkcə Tapqaraqoyunlu kəndində 50 ev ziyan çəkib.

Bundan başqa Ağdam, Tərtər və Ağcabədi rayonlarında məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən mülki şəxslərə dəyən zərər aradan qaldırılıb. Evləri qismən zərərçəkən sakinlərə təmir üçün müəyyən materiallar verilib. Dağılmış evlər yenidən bərpa olunub. Prezidentin tapşırığı ilə ayrılmış vəsait hesabına 120 ailəyə dəymiş ziyana görə maddi təminat ödənilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here