Elmira Axundova: “Baş konsul Sultan Qasımova minnətdarlığımı bildirmək istərdim”

0
314020

Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova Rusiya Azərbaycan Konqresinin ləğvu ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin bu ölkənin Ali Məhkəməsinə müraciətini pisləyib.

VOİCEPRESS-in məlumatına görə, deputat bildirib:

“Əvvəla, bir neçə gün bundan qabaq Sankt-Peterburqda baş verniş terror aktı nəticəsində həlak olan günahsız insanların yaxınlarına baş sağlığı vermək istərdim. Allah bütün həlak olanlara rəhmət etsin, o cümlədən Dilbər Əliyеva adında gözəl azərbaycanlı balamıza. Sank-Peterburqdakı baş konsulluğun köməyi ilə Dilbərin cənazəsi Bakıya gətirilib, valideyn və qohumlarının buraya gəlməsi üçün köməklik göstərilib. O cümlədən ağır yaralanan Zaur Vəliyev də bildiyimə görə Baş konsulluğun işçiləri tərəfindən bütün qayğı ilə tam əhatə olunub, bunun üçün Baş konsul Sultan Qasımova minnətdarlığımı bildirmək istərdim.
Toxunmaq istədiyim digər məsələ isə Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv olunması üçün məhkəməyə müraciət etməsi xəbəri ilə bağlıdır. Bu xəbər digər həmkarlarım kimi məni də həm təəccübləndirdi, həm də narahat etdi. Bildiyiniz kimi, 22 iyun 2000-ci ildə yaradılan ÜAK ümummilli liderimiz Heydər Əliyevin yetirməsidir. O, ÜAK-ın qurultaylarında, hətta bir dəfə də RF prezidenti Vladimir Putinlə birlikdə iştirak edərək onu hər mənada dəstəkləyib.
Keçən 17 il ərzində ÜAK Rusiyanın ən güclü və ən şaxələnmiş təşkilatlarından birinə çevrilib. Onun tərkibində 74 regional təşkilat, yüz minlərlə üzv var. Konqres Rusiya prezidenti Putinin təşəbbüsü ilə yaradılmış Xalq Cəbhəsinin tərkibinə daxildir. Konres həmişə Rusiya prezidentinin siyasətini dəstəkləyib, seçkilərdə “Yedinaya Rossiya” partiyası ilə əlaqəli şəkildə hərəkət edib. Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin müxtəlif səviyyələrdə inkişafı və dərinləşməsində Konqresin rolu danılmazdır. Rusiya ərazisində yüzlərlə xeyriyyə layihələri, orada məbədlərin, məktəblərin və xəstəxanaların bərpası, aztəminatlı ailələrə yardım – ÜAK-ın bütün xeyir əməllərini saymaqla bitməz. Və indi sənədləşdirmədə yol verilən hansısa texniki problemlərə görə kimsə belə bir ciddi təşkilatı məhv etmək istəyir. Bu yolverilməzdir!”.

Elmira Axundova bildirib ki, Rusiyada yüzlərlə erməni QHT-si fəaliyyət göstərdiyi halda, Azərbaycanla bağlı diaspor təşkilatını ləğv etmək istəmələri anlaşılan deyil:

“Bu yaxınlarda Arxangelskdə “Bolşaya Armeniya” təşkilatı peyda olub. Moskvanın tam mərkəzində isə Ermənistan kilsəsinin “Rossiyskaya i Novo-Naxiçevanskaya yeparxiya Svyatoy Armyanskoy pravoslavnoy Çervki” adında yeparxiyası fəaliyyət göstərir. Bütün bu təşkilatlar ermənilərin Türkiyə, İran, Azərbaycana qarşı ərazi iddialarını əks etdirən xəritə, kitab, ədəbiyyatı yaymaqla məşğuldur. Bütün bu qanunsuz əməllərə Rusiya dövlət orqanları nədənsə göz yumurlar. Amma ən hörmətli və rusiya hökumətinə ən loyal bir təşkilatı Ədliyyə Nazirliyi bağlamaq qərarına gəlib. Əminəm ki, burada da erməni izi var və məsələ heç də texniki səhvlədə deyil.
Bir deputat kimi, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü kimi, Rusiyanın aparıcı KİV-lərində 15 il çalışan bir insan kimi bu yüksək tribunadan Rusiyadakı dostlarıma və həmkarlarıma – Sergey Markova, Leonid Slutskiya, Oksana Puşkinaya, Dmitri Savelyevə, Rusiyanın siyasi elitası arasında böyük nüfuza malik, TASS-ın baş direktorunun birinci müavini, yeri gəlmişkən ÜAK sədrinin müavinlərindən biri olan Mixail Qusmana, “Literaturnaya qazeta”nın baş redaktoru, tanınmış yazıçı Yuri Polyakova və Azərbaycanın həqiqi dostu olan hər kəsə səslənirəm ki, bizim ümumi maraqlarımızı qorusunlar və ÜAK-ın bağlanmasına imkan verməsinlər. Əks halda bu fakt Azərbaycan-Rusiya əlaqələrinin ən yeni tarixində qara ləkə kimi qalacaq və bizim qarşılıqlı əlaqələrimizin bütün spektrlərində mənfi əksini tapacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here