Elmar Məmmədyarov Litvada Qarabağdan danışdı

0
314447

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın Xarici İşlər naziri Linas Linkeviçius ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə bildiriblər ki, görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gündəlikdə duran məsələlər müzakirə edilib. İki ölkə arasında münasibətlərin pozitiv inkişafı və ticarət dövriyyəsinin artması təqdir edilib. Söhbət zamanı 1918-ci ildə Azərbaycan ilə Litva arasında diplomatik münasibətlərin qurulması, Azərbaycan Xalq Cümhuriyyətində Litvanın konsulluğunun fəaliyyət göstərməsi və gələn il iki ölkə arasında diplomatik əlaqələrin 100 illiyinin qeyd olunması məmnuniyyətlə vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında saziş layihəsi üzrə aparılan danışıqlar barədə həmkarına məlumat verib. Linas Linkeviçius qeyd edib ki, Litva sözügedən saziş layihəsi üzrə aparılan danışıqları və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir. O, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinniq layihələrinin əhəmiyyətinə toxunub, Litvanın Azərbaycan üçün maraq kəsb edən layihələri davam etdirməyə hazır olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Litva arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunulub və Hökumətlərarası birgə Komissiyanın fəaliyyətinə nəzər salınıb.

Tərəflər, həmçinin iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın qurulduğunu bildiriblər. Məlumat verilib ki, hazırda Litva universitetlərində 200-dən çox azərbaycanlı tələbə təhsil alır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Nazirlər regional enerji və nəqliyyat layihələrini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də “Şimal-Cənub” və TAP layihəsi barədə məlumat verib. Elmar Məmmədyarov Cənub Qaz Dəhlizinin vacib komponentləri olan TANAP və TAP layihələrinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini deyib. “Şimal-Cənub” layihəsinin Hind okeanı hövzəsi ilə Baltik dənizi arasında dəmir yolu xətti ilə uzlaşma yaratmaq potensialına malik olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda Azərbaycan və Litvanın dəmir yolu qurumlarının əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirib.

Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçiriblər və kütləvi informasiya nümayəndələrinin suallarını cavablandırıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here